Bakı. Trend:
Ötən il Azərbaycanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə ticarət dövriyyəsi 14 faizdən çox artıb.
Trend-in məlumatına görə, bunu bu gün Azərbaycanın Baş naziri Əli Əsədov Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclasında çıxışı zamanı deyib.
"Bu gün Aİİ üzvü olan tərəfdaşlarımızla qarşılıqlı fəaliyyətimiz müxtəlif istiqamətlərdə çoxsaylı qarşılıqlı faydalı layihələrlə doludur. Ticarət-iqtisadi əməkdaşlığın davamlı müsbət dinamikası xüsusi məmnunluq doğurur. Ötən il Azərbaycanın Aİİ ölkələri ilə ticarət dövriyyəsi 14 faiz artıb”, - deyə o bildirib.
Onun sözlərinə görə, təşkilata üzv ölkələr arasında investisiya əməkdaşlığı da yüksələn xətlə inkişaf edir.
"Ölkələrimiz arasında böyük investisiya layihələri paketi həyata keçirilir. Bəzi tərəfdaşlarımızla biz iqtisadiyyatın müxtəlif sahələrinə qarşılıqlı investisiyaları səfərbər etmək üçün birgə investisiya fondları yaratmışıq. Bu təşəbbüs artıq öz bəhrəsini verməkdədir.
Ötən il ölkələrimiz arasında istər dövlət başçıları, istərsə də hökumət başçıları və hökumət üzvləri səviyyəsində çoxlu sayda qarşılıqlı səfərlər baş tutub. Bu, ölkələrimiz arasında müxtəlif səviyyələrdə intensiv dialoqun sübutudur", - o bildirib.