...

Sevil Mikayılova və Soltan Məmmədov BMT-də keçiriləcək parlament dinləmələrində iştirak edəcəklər

Siyasət Materials 8 Fevral 2025 12:00 (UTC +04:00)
Sevil Mikayılova və Soltan Məmmədov BMT-də keçiriləcək parlament dinləmələrində iştirak edəcəklər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın tapşırığı ilə beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova və Milli Məclisin deputatı Soltan Məmmədov Parlament Sədrlərinin 6-cı Dünya Konfransının, həmçinin Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin təşkilat komitələrinin iclaslarında və BMT-də keçiriləcək parlament dinləmələrində iştirak etmək üçün fevralın 10-da ABŞ-nin Nyu-York şəhərinə səfər edəcəklər.

Trend xəbər verir ki, Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin iclasında əvvəlki iclasın hesabatı təsdiqlənəcək, konfransın gündəliyi, proqramı və nəzərdə tutulmuş Bəyannamə layihəsi müzakirə ediləcəkdir.

Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin Təşkilat Komitəsinin toplantısında isə ötən il keçirilmiş ikinci iclasın hesabatı qəbul ediləcək, Sammitin təşkilati məsələlərinə baxılacaq və onun ilkin proqramı, o cümlədən diqqət mərkəzində olacaq mövzular razılaşdırılacaqdır.

Səfər çərçivəsində Milli Məclisin deputatları Parlamentlərarası İttifaqın və BMT Baş Assambleyası prezidentinin birgə təşəbbüsü ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyətin genişləndirilməsi: Maliyyə, İnstitutlar və Siyasət” mövzusunda BMT-nin Baş Qərargahında keçiriləcək parlament dinləmələrində də iştirak edəcəklər.

60-dan çox ölkədən parlamentarilər, məsləhətçi və ekspertlər daxil olmaqla 300-ə yaxın iştirakçının qatılacağı dinləmədə Dayanıqlı İnkişaf üzrə 2030 gündəliyini yenidən işə salmağın yolları ətraflı nəzərdən keçiriləcək, bu sahədə parlamentlərin rolu barədə fikir mübadiləsi aparılacaqdır.

Deputatların Nyu-York səfəri fevralın 16-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti