Bakı. Trend:
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəmizə dövlət səfəri çərçivəsində fevralın 25-də Bakıdakı 7 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Qonağa “ASAN xidmət” modeli ilə bağlı təqdimat nümayiş etdirilib, Azərbaycanın intellektual brendinin hazırda 20-dən çox ölkəyə ixrac olunduğu diqqətə çatdırılıb.
Həmçinin qonağa “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar “ASAN xidmət”, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.
Mərkəzlə tanışlıqdan sonra jurnalistlərə müsahibə verən Pakistanın Baş naziri deyib: “Bu “ASAN xidmət” mərkəzini ziyarət etmək bizdə böyük məmnunluq hissi doğurdu. Bu innovativ xidmət modeli çox dəyərli qardaşım, Prezident İlham Əliyevin uzaqgörənliyinin və liderliyinin sübutudur. “ASAN xidmət” mərkəzi qabaqcıl düşüncəni və dinamizmi nümayiş etdirir. Burada peşəkar insan resursları, ən müasir texnologiyalar və yüksək dövlət xidmətləri mövcuddur. Mərkəzdə dövlət xidmətləri vətəndaşlara qısa müddət ərzində təqdim edilir və beləliklə əlçatan olur. Biz, həmçinin startap mərkəzi və könüllülərlə tanış olduq. Düşünürəm ki, gənc oğlanların və qızların fəaliyyət göstərdiyi bu mərkəzin dünyada tayı-bərabəri yoxdur. Dəyərli qardaşım Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasətini yüksək qiymətləndirərək Azərbaycanın bu təcrübəsindən faydalanmaq istəyirik”.
Sonda Baş nazir xüsusi vurğulayıb ki, yaxın müddətdə İslamabad şəhərində "ASAN xidmət" təcrübəsi əsasında vahid məkanda xidmətlər göstərən mərkəz yaradılacaq və bununla bağlı tezliklə əməkdaşlıq sazişi imzalanacaq.