Bakı. Trend:
Martın 18-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan Helezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən Trend-ə bildirilib ki, qonaqları səmimi salamlayan nazir V.Mustafayev onlara Azərbaycanın müdafiə sənayesinin inkişafı haqqında geniş məlumat verib. Nazir ölkəmizdə istehsal olunan hərbi məhsullar haqqında danışıb, çağdaş dövrün tələblərinə uyğun istehsal müəsissələrinin uğurla fəaliyyət göstərdiyini vurğulayıb. O, Azərbaycanın müdafiə sənayesinin beynəlxalq səviyyədə böyük uğurlara imza atdığını diqqətə çatdırıb.
Z.Helez öz növbəsində Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu ifadə edib, burada qonaqpərvərliklə qarşılandıqlarını bildirib.
O, ölkələrimiz arasında hərbi-texniki sahədə əlaqələrin genişləndirilməsinin önəmli olduğunu vurğulayıb, Azərbaycanın müdafiə sənayesi qurumları ilə qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd edib.
Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.