...

Bakıda TÜRKPA müdafiə və təhlükəsizlik komitələri sədrlərinin ikinci iclası keçirilib (YENİLƏNİB)

Siyasət Materials 15 Aprel 2025 12:18 (UTC +04:00)
Bakıda TÜRKPA müdafiə və təhlükəsizlik komitələri sədrlərinin ikinci iclası keçirilib (YENİLƏNİB)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisdə Türkdilli Dövlətlərin Parlament Assambleyasına (TÜRKPA) üzv ölkələrin parlamentlərinin müdafiə və təhlükəsizlik komitəsi sədrlərinin ikinci iclası keçirilib.

Trend xəbər verir ki, iclas "Türk dövlətləri arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi: Parlamentlərin rolu" mövzusuna həsr olunub.

Tədbirdə Türkiyənin sabiq müdafiə naziri, Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komitəsinin hazırkı sədri Hulusi Akar, Qazaxıstan Parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin üzvü Amangeldi Nuğmanov, Qırğızıstan Joqorku Keneşinin Beynəlxalq işlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsi sədrinin müavini Eldar Sulaymanov, Özbəkistan Ali Məclisi Senatının Müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Qutbidin Burxanov, Şimali Kipr Türk Cümhuriyyətinin Hüquqi, siyasi məsələlər və xarici əlaqələr komitəsinin sədri Yasemi Öztürk, Türk Dövlətləri Parlament Assambleyasının baş katibi Mehmet Süreya və digər rəsmilər iştirak ediblər.

Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akar qeyd edib ki, Azərbaycanın Qarabağ zəfəri Türk dünyası üçün qürurdur.

"Bu gün regionlarda gərginliklərin artdığı, iqtisadi problemlərin yarandığı dönəmə gəlmişik. Təhdidlər təkcə hərbi deyil, həm də iqtisadi və iqlim dəyişiklikləri problemləri də var. Türkiyə qlobal problemlərin həll olunmasında əsas rol oynamağa çalışır.

Milli təhlükəsizliyin qorunması isə güclü ordudan asılıdır. Azərbaycanın Qarabağda əldə etdiyi uğur bunu bir daha təsdiq edir. Qarabağ zəfəri bütün dünya üçün örnək olub. Bu, Türk dünyası üçün qürurdur. Beynəlxalq təhdidlərə qarşı, iqtisadi problemlərə qarşı birgə çalışmalıyıq. Süni intellektin müdafiə sahəsindəki köməyindən istifadə etməliyik".

Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Hüquq, siyasi məsələlər, xarici əlaqələr və müdafiə komitəsinin sədri Yasemin Öztürk bildirib ki, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi və təbii fəlakətlərlə mübarizə kimi yeni dövrün çağırışları bütün Türk dünyasını vahid hədəflər ətrafında birləşdirməyə vadar edir:

"Bu çağırışların öhdəsindən gəlmək yalnız strateji düşüncə və ortaq vizyonla mümkündür. TÜRKPA bu baxımdan hədəflərimizi və məqsədlərimizi bir araya gətirən unikal platformadır".

O, Türk dünyasının siyasi, iqtisadi və mədəni birliyində Şimali Kiprin ayrılmaz bir parça olduğunu vurğulayıb:

“Şimali Kipr türk xalqının Türk dünyası ilə ortaq köklərə, tarixə və dəyərlərə söykənən bağları möhkəmdir və bu birlik yalnız mədəni münasibətlərdə deyil, strateji əməkdaşlıq sahəsində də özünü göstərməlidir. Tarix, dil və mədəniyyət birliyimiz müdafiə və təhlükəsizlik sahələrində də qarşılıqlı bərabərliyimizi ortaya qoyur. Bu mənada türk dövlətləri arasında sağlam dialoqun davamlı inkişafı və müdafiə sənayesi sahəsində ortaq infrastrukturun qurulması strateji əhəmiyyət daşıyır”.

Nümayəndə əmin olduğunu bildirib ki, Şimali Kiprin Türk dünyası ilə mədəni əlaqələrinin daha da gücləndirilməsi xalqlarımız arasında əməkdaşlığı dərinləşdirəcək və ortaq gələcəyimizin qurulmasına töhfə verəcək.

TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er bildirib ki, Türk dövlətləri arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır:

"Hazırkı qlobal təhlükəsizlik mühitində türk dövlətləri arasında qarşılıqlı həmrəylik və inteqrasiyanın dərinləşdirilməsi olduqca vacibdir. Bu istiqamətdə həm Türk Dövlətləri Təşkilatı, həm də onun parlament ölçüsünü təşkil edən TÜRKPA əsas koordinasiya platformaları rolunu oynayır. Parlamentlərarası əməkdaşlıq bölgənin və üzv ölkələrin təhlükəsizliyi naminə atılan addımlarda mühüm yer tutur".

O bildirib ki, müdafiə və təhlükəsizlik komitələrinin nümayəndələrinin belə iclasları təkcə TÜRKPA çərçivəsində deyil, ümumilikdə regionda təhlükəsizlik və sabitlik baxımından da ciddi töhfə verir: “Türk dünyasının ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərə əsaslanan birliyi, onu yüksələn qlobal güc mərkəzinə çevirir. Bu birlik artıq bir çox sahələrdə strateji əməkdaşlıq səviyyəsinə yüksəlib”

Türk dövlətlərinin Avrasiya coğrafiyasında və onun hüdudlarından kənarda təhlükəsizliyin təminində fəal rol oynadıqlarını qeyd edən Baş katib terrorizm, transsərhəd təhdidlər, qonşu regionlardakı sabitlik problemləri kimi ümumi çağırışların mövcudluğunu diqqətə çatdırıb. Bu kimi problemlərin səmərəli şəkildə aradan qaldırılması üçün təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin həyati əhəmiyyət daşıdığını bildirib.

Mehmet Süreyya Er qeyd edib ki, birgə hərbi təlimlər, müdafiə sənayesində əməkdaşlıq, terrorizmlə mübarizə, kibertəhlükəsizlik və hibrid təhdidlərə qarşı mübarizə istiqamətlərində ortaq fəaliyyətlərin gücləndirilməsi, ümumi potensialın səmərəli reallaşdırılmasına şərait yarada bilər: “Bunun üçün isə institusional dialoq və koordinasiyanın sistemli şəkildə davam etdirilməsi əsas şərt kimi önə çıxır. Bu kimi iclasların mütəmadi keçirilməsi vacibdir. Bu, üzv dövlətlər arasında təhlükəsizlik sahəsində ortaq strategiyaların formalaşdırılmasına mühüm dəstək verəcək. Hazırkı toplantı bu istiqamətdə atılmış mühüm addımlardan biridir”.

Özbəkistan Ali Məclisi Senatının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Kutbidin Burxanov isə çıxışında bildirib ki, Türk dövlətlərinin parlamentlərarası əməkdaşlığı çərçivəsində siyasi və təhlükəsizlik məsələləri üzrə müntəzəm dialoqun davam etdirilməsi vacibdir.

"Mürəkkəb və çoxqütblü beynəlxalq vəziyyəti nəzərə alaraq, terrorizm, ekstremizm, narkotik vasitələrin dövriyyəsi və kibertəhlükəsizlik kimi qlobal təhdidlərə qarşı birgə mübarizə aparmaq üçün türk dövlətləri parlamentlərinin komitələrinin regional əməkdaşlığı dərinləşdirməsi xüsusilə vacibdir", - o bildirib.

Onun sözlərinə görə, Özbəkistan milli təhlükəsizliyini təmin etmək üçün artıq bir sıra strateji tədbirlər həyata keçirib.

"Əsas təşəbbüslərdən biri 2023-cü ildə milli təhlükəsizliyin və ərazi bütövlüyünün qorunması, cəmiyyətdə sülhün və harmoniyanın qorunması, ölkənin müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin inkişafı və rəqəmsal texnologiyaların tətbiqi kimi prioritetləri əks etdirən "Özbəkistan-2030” strategiyasının qəbul edilməsi olub", - Burxanov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti