...

Azərbaycan-Çin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir - İki ölkə arasında vizasız rejim turizmə təkan verəcək

Siyasət Materials 23 Aprel 2025 21:00 (UTC +04:00)
Azərbaycan-Çin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir - İki ölkə arasında vizasız rejim turizmə təkan verəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Çin üçün, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaşlardır və ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından 33 il keçir. Bu illər ərzində əlaqələrimiz qarşılıqlı etimad əsasında inkişaf edib. Bu gün Azərbaycan Çinlə, demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O bildirib ki, Azərbaycan-Çin münasibətlərinin uğurla inkişafı hər iki dövlət başçısının ortaq siyasi iradəsi ilə də bağlıdır:

“Həmçinin, “Bir kəmər, bir yol” layihəsi əlaqələrin dərinləşməsində xüsusi əhəmiyyət kəsb etdi. 2019-cu ildə Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda Cənubi Qafqazdan iştirak edən yeganə dövlət başçısı Prezident İlham Əliyev olub. Təbii ki, bu, dövlətimizin başçısına olan yüksək etimaddan irəli gəlirdi.

Azərbaycanla Çin arasında siyasi və iqtisadi əlaqələrin bu cür ardıcıl inkişaf əsasında formalaşan əməkdaşlıq münasibətləri iki ölkənin milli maraqlarına cavab verməklə yanaşı, həm də sülh, sabitlik, sosial-iqtisadi tərəqqiyə xidmət edir. Azərbaycanın dünyanın ikinci böyük iqtisadiyyatına, qlobal münasibətlərdə böyük çəkiyə və nüfuza malik bu dövlətlə münasibətləri artan dinamika ilə inkişaf etməkdədir”.

Millət vəkilinin sözlərinə görə, hazırda ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verilir:

“Prezident İlham Əliyevin Çinin Sinxua agentliyinə verdiyi müsahibə zamanı qeyd etdiyi kimi ikitərəfli münasibətlərin dərinləşməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Bu gün Azərbaycan və Çin ticarətlə yanaşı, həm də istehsal, infrastruktur tikintisi, sənaye sahələri, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya və digər sahələrdə fəal əməkdaşlıq etməkdədir. Son illərdə Azərbaycanla Çin arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir".

Deputat əlavə edib ki, vizanın ləğvi turizm sahəsində əlaqələrə də müsbət şəkildə təsir edəcək:

“Qarşılıqlı turist axını dinamik şəkildə artacaq. Statistik məlumatlara görə, keçən il Azərbaycana gələn Çin turistlərinin sayında əhəmiyyətli artım qeydə alınıb. Bunun başlıca səbəbi Azərbaycanın Çin vətəndaşları üçün birtərəfli qaydada vizanı ləğv etməsi mühüm rol oynayıb.

Son iki ildə Azərbaycan və Çin arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi tarixdə bir ilkdir. Dövlət başçılarının imzaladığı Birgə Bəyannamə ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm zəmin formalaşdıracaq”, - deyə M.Cəfərov qeyd edib.

Milli Məclisin deputatı Sevinc Hüseynova isə Trend-ə açıqlamasında deyib ki, Çin-Azərbaycan münasibətləri sabit və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır:

“Qlobal dəyişikliklər və yeni geosiyasi reallıqlar fonunda bu münasibətlər daha da əhəmiyyət qazanır. Prezident İlham Əliyevin Çinə səfəri və iki ölkə arasında çoxsaylı sənədlərin imzalanması Azərbaycanla Çin arasnda münasibətləri yeni mərhələyə çıxarır.

Millət vəkili xatırladıb ki, səfər çərçivəsində çox mühüm sənədlər imzalanıb:

“Prezident İlham Əliyev və Sədr Si Cinpin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı imzaladılar. Bununla yanaşı iki ölkə arasında əməkdaşlığın bir çox sahələrini əhatə edən əhəmiyyətli sənədlər imzalandı. Bütün bu sənədlər iki ölkə arasında münasibətlərin yeni mərhələyə çıxmasına imkan verəcək və əməkdaşlığın genişləndirilməsi üçün yeni perspektivlər açacaq. Gələcəkdə iki ölkə arasında əməkdaşlığın enerji, nəqliyyat, yüksək texnologiyalar və alternativ enerji sahələrində daha da dərinləşəcəyi gözlənilir”.

Deputat əlavə edib ki, Çin və Azərbaycan arasındakı diplomatik münasibətlər 1992-ci ilin aprel ayında qurulmuşdur:

“O vaxtdan bəri iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat və mədəni sahələrdə əməkdaşlıq mütəmadi olaraq inkişaf etmişdir. Bu münasibətlər, xüsusilə son onillikdə bir sıra qarşılıqlı səfərlər və beynəlxalq təşəbbüslər vasitəsilə daha da möhkəmlənmişdir”.

S.Hüseynova qeyd edib ki, Çin və Azərbaycan qarşılıqlı siyasi hörmətə və suverenliyin tanınması prinsiplərinə əsaslanan münasibətlər saxlayır:

“Dövlət başçılarının və yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bu münasibətlərin dərinləşməsində mühüm rol oynayır. Xüsusilə Prezident İlham Əliyevin və Çin liderlərinin görüşləri ikitərəfli əməkdaşlığın gələcək istiqamətlərini müəyyən edir. Çin, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində regionda mühüm tərəfdaş sayılır. Azərbaycan öz coğrafi mövqeyindən istifadə edərək Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və bu, ölkəmizi region üçün, o cümlədən Çin üçün strateji logistika nöqtəsinə çevirir”, - deyə deputat fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti