...

Azərbaycan - Çin strateji tərəfdaşlığı yeni dövrə qədəm qoyur

Siyasət Materials 24 Aprel 2025 09:49 (UTC +04:00)
Azərbaycan - Çin strateji tərəfdaşlığı yeni dövrə qədəm qoyur

Bakı. Trend:

Dünyanın nəhəng və aparıcı siyasi-iqtisadi qütblərindən biri olan Çin Xalq Respublikası ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Təsadüfi deyil ki, son illərdə Azərbaycan-Çin münasibətləri siyasi və iqtisadi müstəvilərdə daha da dərinləşib, yeni əməkdaşlıq istiqamətləri formalaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Çinin Sinxua agentliyinə verdiyi müsahibəsində bütün bu məsələlər ətraflı şərh olunub, iki dövlət arasındakı münasibətlərə müxtəlif aspektlərdən nəzər salınıb.

Sinxua agentliyinə müsahibə həm də Azərbaycan-Çin münasibətlərinin hazırki vəziyyətinin sanballı və əhatəli təhlilidir. Dövlətimizin başçısının siyasi münasibətlərin səviyyəsi ilə bağlı toxunduğu məqamlar, o cümlədən açıqladığı statistik iqtisadi göstəricilər Azərbaycanın xarici siyasi və iqtisadi əlaqələrində Çinin böyük çəkiyə malik olmasından, ölkəmizin əsas tərəfdaşlarından birinə çevrilməsindən xəbər verir. Əlbəttə, bütün bu məsələlər barədə fikir yürüdərkən ilk növbədə Çinin Azərbaycanın strateji tərəfdaşı olmasını mütləq qeyd etməliyik. Təsadüfi deyil ki, Sinxua agentliyinin dövlətimizin başçısına ünvanladığı ilk sual məhz bununla bağlı oldu. 2024-cü il iyulun 3-də Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı zamanı Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin imzalanması iki dövlət arasındakı münasibətləri strateji səviyyəyə yüksəldib. Artıq Azərbaycan-Çin münasibətləri bu çərçivədə inkişaf edir. Prezident İlham Əliyevin müsahibədə qeyd etdiyi kimi, Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır.

Təkcə son bir ildə iki dövlət arasındakı siyasi səviyyədə təmaslar, qarşılıqlı səfərlər əlaqələrin həqiqətən yeni fazaya qədəm qoymasından xəbər verir. Belə ki, bu dövrdə respublikamızın hökumət və parlament nümayəndələri, Prezident Administrasiyasının, Baş Prokurorluğun və Yeni Azərbaycan Partiyasının mərkəzi aparatının rəsmi nümayəndələri Çində səfərdə olublar. O cümlədən ötən il Çinin Xalq Siyasi Məşvərət Şurasının Ümum-Çin Komitəsi sədrinin müavini və Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədri Azərbaycana səfər ediblər. ÇXR Baş nazirinin müavininin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edib. Aprel ayının əvvəlində isə Bakıda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı və Çin Kommunist Partiyasının rəsmi nümayəndəsinin iştirakı ilə “Azərbaycan – Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfrans keçirilib. Bütün bunlar göstərir ki, Azərbaycanla Çin arasındakı siyasi münasibətlər strateji tərəfdaşlığa uyğun olaraq daha da dərinləşir.

İki dövlət arasındakı iqtisadi əməkdaşlığın səviyyəsi də məmnunluq doğurur. Ticari dövriyyənin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Hazırda Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanın xarici ticarət dövriyyəsində bu ölkənin payı 7,9 faiz təşkil edir. Cənubi Qafqazda Çinin ən böyük ticarət tərəfdaşı məhz Azərbaycandır.

Hazırda Azərbaycanla-Çin arasında sənaye, neft-qaz, neft-kimya, yüksək texnologiyalar, innovasiyalar və kosmik sahələrdə uğurlu əməkdaşlıq mövcuddur. Prioritet istiqamətlərdən biri də «yaşıl enerji» sahəsində əməkdaşlıqdır. Azərbaycan bu sahədə böyük potensiala, Çin isə geniş texnoloji resurslara və zəngin təcrübəyə malikdir. Bu gün respublikamızın «yaşıl enerji» potensialının hərəkətə gətirilməsində Çinin təcrübəsi və texnoloji nailiyyətləri uğurla tətbiq olunur. İki dövlət arasında qarşılıqlı sərmayə qoyuluşunun səviyyəsi də iqtisadi münasibətlərin yüksək səviyyəsini əks etdirir. Çindən Azərbaycana yönələn investisiyaların həcmi 942 milyon dollara, Azərbaycan sərmayələrinin Çinə yatırılan ümumi həcmi isə təqribən 2,1 milyard dollara çatıb.

Azərbaycan-Çin münasibətlərinin inkişafında əsas istiqamətlərindən birini əlbəttə ki, nəqliyyat dəhlizləri sahəsində əməkdaşlıq təşkil edir. Respublikamız ilk gündən Çin dövlətinin “Bir kəmər, bir yol” təşəbbüsünə böyük dəstək verib. Eyni zamanda Azərbaycanın yaratdığı mükəmməl nəqliyyat və logistik infrastruktur bu istiqamətdə yeni imkanlar axtarışında olan Çinin diqqətini cəlb edir. Hələ 2019-cu ilin aprel ayında Prezident İlham Əlyevin Çində keçirilən 2-ci “Bir kəmər, bir yol” Forumuna dəvət olunması Çin dövlətinin Azərbaycan Prezidentinin nəqliyyat-logistika sahəsində həyata keçirdiyi siyasətə və ölkəmizin yaratdığı yeni tranzit imkanlara verdiyi böyük dəyərin göstəricisi idi. Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu, habelə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin və Orta Dəhliz adlandırdığımız Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun respublikamızdan keçən hissələrinin ən müasir standartlar səviyyəsinə çatdırılması Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır. Prezident İlham Əliyevin müsahibədə qeyd etdiyi kimi, Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur.

Bütövlükdə, Prezident İlham Əliyevin müsahibədə toxunduğu hər bir məsələ Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlığa uyğun inkişafından xəbər verir. Ölkəmizin başçısının aprelin 22-dən Çinə başlayan dövlət səfəri isə iki ölkə arasında əlaqələrin strateji məzmunda inkişafının növbəti təsdiqi oldu. Bu səfər zamanı müxtəlif sahələri əhatə edən 19 sənədin, o cümlədən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması, Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin, eləcə də ÇXR Dövlət Şurasının Baş naziri Li Çianq və ÇXR Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri ilə görüşləri bütün bunları bir daha nümayiş etdirdi.

Bu sırada Azərbaycan Prezidenti ilə ÇXR Sədrinin görüşünü xüsusi qeyd etmək lazımdır. Cənab Si Cinpinin Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinə (AQEM) sədrliyini məmnunluqla vurğulaması, COP29-un Azərbaycanda uğurla keçirilməsi və Qlobal Cənubun maraqlarının təmsil olunması baxımından Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirməsi, “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən ölkələrdən birinin Azərbaycanın olduğunu xüsusi xatırlatması və Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvə toplantısına, o cümlədən bu çərçivədə təşkil olunacaq bir sıra təntənəli tədbirlərə dəvət etməsi dövlətimizin başçısına və Azərbaycan Respublikasına olan xüsusi ehtiramın təcəssümüdür.

Prezident İlham Əliyevin Çinə dövlət səfəri Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyəsinin növbəti təsdiqinə çevrildi. İmzalanan yeni sənədlər, o cümlədən Birgə Bəyanat və əldə olunan digər razılaşmalar isə iki dövlət arasındakı əlaqələrin strateji mahiyyətini yeni mərhələyə yüksəldir.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti