Bakı. Trend:
Aprelin 28-də Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forum keçirilir.
Trend xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib. Tədbirdə dünya əhalisinin təxminən 80 faizini əhatə edən 116 ölkədən nüfuzlu qeyri-hökumət təşkilatlarının rəhbərləri və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirlər.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış edərək bildirib ki, Qlobal Cənub QHT-ləri üçün qrant proqramlarının genişləndirilməsini nəzərdən keçirir.
"Biz Qlobal Cənub QHT-lərinin Azərbaycana olan marağına çox sevinirik. Tədbirdən öncə Agentliklə və ayrı-ayrı Azərbaycan QHT-ləri əməkdaşlıq memorandumlarının imzalanması ilə bağlı təkliflər də almışıq. Biz iki gün ərzində çalışacağıq ki, fəaliyyətin davamlılığı üçün bu anlaşma memorandumlarını imzalayaq. Gələcəkdə Qlobal Cənub QHT-lərinə yardım göstərilməsi üçün qrant proqramlarının genişləndirilməsini Agentlik hal-hazırda nəzərdən keçirməkdədir. Bu proqramlar, xarici təşkilatlara öz fəaliyyətlərini reallaşdırmaq və qlobal problemlərə həll tapmaq üçün imkan yarada bilər. Azərbaycan QHT-ləri ilə birlikdə ideya və təşəbbüsləriniz olarsa, Agentliyin qrant müsabiqələrinə müraciət edə bilərsiniz", - o bildirib.
Onun sözlərinə görə, bu qrantlar yalnız maliyyə dəstəyi deyil, həm də Qlobal Cənub QHT-lərinin bilik və bacarıqlarının artırılmasına və şəffaf fəaliyyət üçün resurslarla təmin edilməsinə, qlobal problemlərin çözülməsində QHT-lərin rolunun daha da artırılmasına şərait yaradacaq.
"Əminəm ki, iki gün davam edəcək konfrans QHTlərin maraqlı təklifləri və uğurlu təşəbbüsləri ilə yadda qalacaq, yaradılacaq Qlobal Cənub QHT Platforması isə BMTdə də daxil olmaqla bir çox mühüm təşkilatlarda bu regionda təmsil olunan milyonlarla insanın səsinə çevriləcək. Çox qürur duyuruq ki, Agentlik bu platformanın yaradılmasında tərəfdaşlardan biridir və bu gün bu zalda əyləşən Qlobal Cənubu təmsil edən vətəndaş cəmiyyətinin üzvlərinin sayəsində tarixi hərəkatın yaradılmasına şahidlik edirik. Siz qədim irsə və qonaqpərvərliyə malik bir ölkədəsiniz və burada özünüzü Vətəninizdə kimi hiss edə bilərsiniz. Qarşıdakı günlər ərzində sizi zəngin mədəni proqram və faydalı müzakirələr gözləyir", - o bildirib.
Daha sonra çıxış edən Azərbaycan Milli QHT Formunun nümayəndəsi Ramil İsgəndərli Bakıda Qlobal Cənub QHT Platformasının təsis edildiyini elan edib.
"Bu gün, biz Qlobal Cənub QHT Platformasını təsis edirik! Bu platforma, bizim səsimizin daha güclü çıxması, əməkdaşlığımızın daha sıx olması, birgə layihələr həyata keçirməyimiz üçün bir körpü olacaqdır! Dünyanın hər yerində minlərlə QHT və fəal ortaq bir vizyonla birlikdə çalışır. Qlobal həmrəylik vasitəsilə biz yoxsulluğu azaltmaq, təhsilə çıxış imkanlarını genişləndirmək, davamlı inkişafı təşviq etmək və planetimizi gələcək nəsillər üçün qorumaq üçün tədbirlər görürük", - o bildirib.
Onun sözlərinə görə, bu platforma sayəsində Qlobal Cənubun səsi dünyanın hər yerində eşidiləcək.
"Bizim təcrübələrimiz, bizim biliklərimiz, bizim perspektivlərimiz dünya siyasətində, iqtisadiyyatında, sosial həyatında öz layiqli yerini tutacaqdır. Bizim gücümüz yalnız sayımızda deyil, həm də ürəklərimizin birliyindədir. Bizim hər birimiz, öz ölkəmizin, öz xalqımızın səsi olaraq buradayıq. Bizim hər birimizin daşıdığı ümidlər, arzular bu platformanın ən böyük gücüdür. Bu gün, biz sadəcə bir təşkilat yaratmırıq, biz yeni bir hərəkat başlatırıq!. Bu, bütün dünyada ədalət axtaran, bərabərliyə can atan və hamı üçün daha yaxşı gələcək qurmağa sadiq olan insanlar tərəfindən idarə olunan qlobal hərəkatdır. Mən sizləri, bu tarixi anın şahidi olan hər birinizi bu hərəkata qoşulmağa çağırıram. Gəlin birlikdə çalışaq, birlikdə mübarizə aparaq, birlikdə zəfər qazanaq. Qlobal Cənubun səsi yüksəlsin! İndi isə, icazənizlə, Qlobal Cənub QHT Platformasının təsis olunduğunu rəsmən elan edirəm", - o bildirib.
Öz növbəsində “Smachs Foundation” təsisçisi Şarlin Ruto Qlobal Cənubun maraqlarını müdafiə etdiyinə görə Azərbaycana dərin minnətdarlığını bildirib.
"Biz Azərbaycana – həmişə Qlobal Cənubun maraqlarını müdafiə edən və Qlobal Şimalla dialoq körpüləri quran ölkəyə – dərin minnətdarlığımızı bildiririk. Azərbaycanın Qoşulmama Hərəkatındakı liderliyi və COP29-da nümayiş etdirdiyi inklüziv yanaşma sayəsində dünyaya həqiqi həmrəylik nümunəsi göstərildi," – deyə o bildirib.
Onun sözlərinə görə, bu cür həmrəyliyin parlaq nümayişi Qlobal Cənubun QHT platformasının yaradılması bəyanatına dəstəyin göstərilməsi oldu.
Ruto həmçinin qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədlərindən 17-ci məqsəd – "Dayanıqlı inkişaf üçün icra vasitələrinin gücləndirilməsi və qlobal tərəfdaşlığın yenilənməsi" – həlledici əhəmiyyət daşıyır. O bildirib ki, bu məqsəd bizə xatırladır ki, möhkəm tərəfdaşlıqlar və ümumi məsuliyyət olmadan tərəqqi mümkün deyil.
"Qlobal Cənub üçün iqlim dəyişikliyi daimi fövqəladə vəziyyətdir. Yüksələn dəniz suları ada evlərini suyun altında qoyur. Bərəkətli torpaqlar toza çevrilir. Daşqınlar və quraqlıqlar insanların dolanışıq mənbələrini məhv edir. Biz demək olar ki, yaranmasında iştirak etmədiyimiz bir böhranın ən ağır yükünü daşıyırıq," – deyə o əlavə edib.
Kuala-Lumpurun meri, BMT-nin Yaşayış Məskənləri üzrə Proqramının (UN HABITAT) keçmiş icraçı direktoru Maymuna Mohd Şərif çıxışında bildirib ki, Qlobal Cənub QHT şəbəkəsi qlobal siyasətin formalaşdırılması üçün bir məkana çevrilə bilər.
"Regionumuzun üzləşdiyi struktur çağırışlar – yoxsulluq, bərabərsizliyin dərinləşməsi, ətraf mühitin deqradasiyası və münaqişələr – əlaqələndirilmiş səyləri, davamlı əməkdaşlığı və bu məsələlərin müzakirəsi üçün platformaları tələb edir," – deyə o bildirib.
Onun sözlərinə görə, Qlobal Cənub QHT-ləri Şəbəkəsi məhz belə bir platformadır.
"Əminəm ki, bu şəbəkə vətəndaş cəmiyyəti səylərinin birləşdirilməsi, təcrübə mübadiləsi və reallıqlarımızı və arzularımızı əks etdirən qlobal siyasətin formalaşdırılması üçün bir məkan olacaq", – deyə Şərif vurğulayıb.
O, həmçinin, Azərbaycanın beynəlxalq arenadakı liderliyinə diqqət çəkib.
"Azərbaycan 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik edərkən çoxtərəfliliyin və inklüziv dialoqun təşviqində mühüm rol oynayıb", - deyə o bildirib.
Onun sözlərinə görə, bu, hazırkı geosiyasi qeyri-sabitlik və dərin fikir ayrılıqları şəraitində xüsusilə vacibdir.
Şərif qeyd edib ki, Azərbaycan COP29 zamanı Qlobal Cənub QHT-ləri Şəbəkəsinin yaradılmasına töhfə verərək inklüzivlik prinsipinə sadiqliyini nümayiş etdirib.
O əlavə edib ki, 137 ölkədən minə yaxın vətəndaş cəmiyyəti təşkilatını bir araya gətirən bu təşəbbüs, Qlobal Cənub ölkələrinin birgə çıxış etməsi və fəaliyyət göstərməsi üçün vahid platformaya olan kəskin ehtiyacı əks etdirir.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva bildirib ki, BMT, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmasına dəstək olmaq məqsədilə vətəndaş cəmiyyəti ilə işini davam etdirəcək.
"QHT ittifaqlarının gücləndirilməsi təkcə birgə fəaliyyət deyil. Bu, həm də əməkdaşlıq və innovasiyalar üçün şərait yaradan məkanların qorunması deməkdir. BMT-nin Azərbaycandakı nümayəndəliyi olaraq, biz vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə birgə işi davam etdirməyə, Azərbaycanın milli inkişafa dair prioritetlərinə və 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına dəstək verməyə böyük ümidlə yanaşırıq", – deyə o qeyd edib.
Andreyeva bildirib ki, bəzi ölkələr, o cümlədən, Azərbaycan, təhsil və səhiyyə kimi sahələrdə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda uğur qazansalar da, qlobal miqyasda bərabərsizlik hələ də qalmaqdadır.
"Bir çox ölkələr hələ də iqlim dəyişikliyi ilə mübarizə, yoxsulluq səviyyəsinin azaldılması və dayanıqlı istehlak sahələrində məqsədlərə çatmaqda ciddi çətinliklərlə üzləşir. Sürətləndirilmiş səylərin zəruriliyi heç vaxt bu qədər aktual olmamışdı. Hökumətlər, vətəndaş cəmiyyəti və özəl sektor maliyyələşməni artırmaq, siyasətlərin icrasını gücləndirmək və vətəndaş məkanını qorumaq üçün birgə çalışmalıdırlar ki, mühüm irəliləyiş əldə edilsin", - deyə Andreyeva vurğulayıb.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva, öz növbəsində bildirib ki, BMT Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmasına dəstək olmaq məqsədilə vətəndaş cəmiyyəti ilə işini davam etdirəcək.
"QHT ittifaqlarının gücləndirilməsi təkcə birgə fəaliyyət deyil. Bu, həm də əməkdaşlıq və innovasiyalar üçün şərait yaradan məkanların qorunması deməkdir. BMT-nin Azərbaycandakı nümayəndəliyi olaraq, biz vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə birgə işi davam etdirməyə, Azərbaycanın milli inkişafa dair prioritetlərinə və 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına dəstək verməyə böyük ümidlə yanaşırıq", – deyə o qeyd edib.
Andreyeva bildirib ki, bəzi ölkələr, o cümlədən, Azərbaycan, təhsil və səhiyyə kimi sahələrdə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda uğur qazansalar da, qlobal miqyasda bərabərsizlik hələ də qalmaqdadır.
"Bir çox ölkələr hələ də iqlim dəyişikliyi ilə mübarizə, yoxsulluq səviyyəsinin azaldılması və dayanıqlı istehlak sahələrində məqsədlərə çatmaqda ciddi çətinliklərlə üzləşir. Sürətləndirilmiş səylərin zəruriliyi heç vaxt bu qədər aktual olmamışdı. Hökumətlər, vətəndaş cəmiyyəti və özəl sektor maliyyələşməni artırmaq, siyasətlərin icrasını gücləndirmək və vətəndaş məkanını qorumaq üçün birgə çalışmalıdırlar ki, mühüm irəliləyiş əldə edilsin", - deyə Andreyeva vurğulayıb.
BMT-nin iqtisadi və sosial məsələlər departamentinin (UN DESA) QHT bölməsinin rəhbəri Vuk-Cin Çanq (Wook-Jin Chang) bildirib ki, Cənub-Cənub əməkdaşlığı Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) gerçəkləşdirilməsi üçün güclü alətdir.
“Cənub-Cənub Əməkdaşlığı sadəcə nəzəri bir ideya deyil. Bu, Dayanıqlı İnkişaf Məqsədlərinin geçəkləşdirilməsi üçün praktiki və güclü bir alətdir. Bilikləri, texnologiyaları və təcrübələri qarşılıqlı şəkildə mübadilə etməklə, inkişaf etməkdə olan ölkələr bir-birinin səylərinə dəstək ola və inklüziv və dayanıqlı cəmiyyətlər qura bilərlər.
Vətəndaş cəmiyyətinin fəal iştirakı olmadan buna nail olmaq mümkün deyil. Ələlxüsus Qlobal Cənub ölkələrindən olan QHT-lər bizim Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqdan ibarət olan ümumi missiyamızın vacib iştirakçıları sayılırlar”, – deyə o bildirib.
Onun sözlərinə görə, QHT-lərin ictimaiyyətlə sıx əlaqələri, yerli reallıqlara yaxşı bələd olma və ictimai dəstək səfərbər etmək bacarığı onları əvəzolunmaz tərəfdaşlara çevirir:
“Bununla əlaqədar mən Qlobal Cənub QHT platformasının və bugünkü forumun təşəbbbüskarlığında Azərbaycanın liderliyini yüksək qiymətləndirirəm”.
Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev isə çıxışı zamanı bildirib ki, COP29 və COP30 komandaları müvafiq müştərək proqramın hazırlanması üzrə işlərə başlayıblar.
Onun sözlərinə görə, COP29 komandasının Belemdə təqdim edəcəyi proqram iqlim maliyyəsi üzrə göstəricidə yaranmış 300 milyard dollardan 1.3 trilyon dollaradək olan boşluğun doldurulması yollarından ibarətdir.
BMT-nin iqtisadi və sosial məsələlər departamentinin (UN DESA) QHT bölməsinin rəhbəri Vuk-Cin Çanq (Wook-Jin Chang) qeyd edib ki, Cənub-Cənub əməkdaşlığı Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) gerçəkləşdirilməsi üçün güclü alətdir.
“Cənub-Cənub Əməkdaşlığı sadəcə nəzəri bir ideya deyil. Bu, Dayanıqlı İnkişaf Məqsədlərinin geçəkləşdirilməsi üçün praktiki və güclü bir alətdir. Bilikləri, texnologiyaları və təcrübələri qarşılıqlı şəkildə mübadilə etməklə, inkişaf etməkdə olan ölkələr bir-birinin səylərinə dəstək ola və inklüziv və dayanıqlı cəmiyyətlər qura bilərlər.
Vətəndaş cəmiyyətinin fəal iştirakı olmadan buna nail olmaq mümkün deyil. Ələlxüsus Qlobal Cənub ölkələrindən olan QHT-lər bizim Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqdan ibarət olan ümumi missiyamızın vacib iştirakçıları sayılırlar”, – deyə o bildirib.
Onun sözlərinə görə, QHT-lərin ictimaiyyətlə sıx əlaqələri, yerli reallıqlara yaxşı bələd olma və ictimai dəstək səfərbər etmək bacarığı onları əvəzolunmaz tərəfdaşlara çevirir:
“Bununla əlaqədar mən Qlobal Cənub QHT platformasının və bugünkü forumun təşəbbbüskarlığında Azərbaycanın liderliyini yüksək qiymətləndirirəm”.
Xəbər yenilənəcək
xxx
08:09
Bu gün Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək.
Trend xəbər verir ki, bu nəhəng tədbir Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisəsi hesab olunur.
Platformanın yaradılması təşəbbüsü ilə 2024-cü ilin noyabrında – COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumu çıxış edib. Təşəbbüs qısa müddətdə beynəlxalq rezonans doğurub. Nəticədə COP29 QHT Koalisiyası Azərbaycan Milli QHT Forumu qarşısında bu platformasının təsisatlandırılmasına dair məsələ qaldırıb. Azərbaycan QHT-lərinin təşəbbüsü ilk dəfə dünya miqyasında belə bir qlobal dəstək qazanıb.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə yeni və ədalətli dünya nizamı üçün gərgin fəaliyyəti, irəli sürdüyü mühüm təşəbbüslər, COP29 zamanı “Bakı dönüşü”nün əldə olunması Qlobal Cənubda Azərbaycan dövlətinə böyük rəğbət yaradıb. Bu tədbir Azərbaycanın vətəndaş cəmiyyətinin həyatında yeni başlanğıc kimi qiymətləndirilir.
Qlobal Cənub QHT Platformasının Bakıda formalaşması Azərbaycanın Qlobal Şimal və Qlobal Cənub arasında uğurlu vasitəçi, körpü olmasının növbəti təzahürüdür.
Qlobal Cənub QHT Platforması bu strateji coğrafiyada ölkələrin üzləşdikləri problemlərin beynəlxalq səviyyədə eşidilməsinə güclü dəstək verməyi, BMT daxil olmaqla, beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməyi, qlobal koordinasiyanı aparmağı nəzərdə tutur. Bu, ölkələrin üzləşdiyi ədalətsizliyə - yoxsulluq, iqlim dəyişmələrinin fəsadları, müstəmləkəçilik keçmişi, rəqəmsal uçurum, ticarət bərabərsizliyi və digər məsələlərə qarşı birgə səylərlə mübarizə aparma platformasıdır. O, həmçinin Cənub-Cənub əməkdaşlığını təşviq edir.
Platformanın təsis konfransı bu gün Bakı Konqres Mərkəzində olacaq. İki gün davam edəcək “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı beynəlxalq konfransda dünyanın aparıcı QHT-lərindən nümayəndələr çıxış edəcək, qlobal diskussiyalar təşkil olunacaq, 70 il əvvəl İndoneziyada qəbul edilmiş tarixi “Bandunq prinsipləri”nin əhəmiyyəti vurğulanacaq. Bu prinsiplər dövlətlərin daxili işlərinə qarışmanı rədd edir, dinc, ədalətli dünya nizamının yaradılmasını, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət bəslənilməsini, xalqların bərabərliyinin təmin olunmasını təşviq edir, qarşılıqlı maraq və əməkdaşlığın, iqtisadi rifahın gücləndirilməsi üçün səfərbərliyə çağırır.