Bakı. Trend:
Azərbaycanın tanınmış cüdoçusu, olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərov (73 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında çıxışını erkən başa vurub.
Trend xəbər verir ki, 27 yaşlı idmançı 1/16 final mərhələsində Portuqaliya təmsilçisi Otari Kvantidzeyə uduzaraq mübarizədən kənar qalıb.
Qeyd edək ki, bu gün dünya çempionatında Azərbaycanı daha iki cüdoçu – Fidan Əlizadə (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) təmsil edəcək.
XXX
09:10
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatının üçüncü yarış günündə Azərbaycan millisinin daha üç üzvü mübarizəyə qoşulacaq.
Trend xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Fidan Əlizadə serbiyalı Mariya Perişiçə qarşı görüşəcək. 73 kq çəki dərəcəsində isə Azərbaycanın olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərov portuqaliyalı Otari Kvantidze ilə üz-üzə gələcək. Eyni çəkidə yarışan digər təmsilçimiz Rəşid Məmmədəliyev isə BƏƏ təmsilçisi Kazbek Naquçev və italiyalı Covanni Espozito cütünün qalibi ilə qarşılaşacaq.
Hər üç idmançı mübarizəyə 1/16 final mərhələsindən start verəcək.
Qeyd edək ki, dünya çempionatında Azərbaycanı fərdi yarışlarda ümumilikdə 13 cüdoçu – 9 kişi və 4 qadın təmsil edir. Yığmamız, həmçinin qarışıq komanda yarışlarında da iştirak edəcək. Hazırkı mərhələyə qədər cüdoçularımız medal qazana bilməyiblər.