...

Gedək Qazaxa bir salam verək... (FOTO)

Cəmiyyət Materials 16 İyun 2025 10:15 (UTC +04:00)
Gedək Qazaxa bir salam verək... (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Gedək Qazaxa bir salam verək...

İyunun 15-dən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Ağstafa–Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadır. Əvvəllər Bakıdan Qazaxa 2019-cu ilin dekabr ayınadək fəaliyyət göstərmiş qatar 8 saat 25 dəqiqəyə mənzil başına çatırdısa, artıq bu məsafə 5 saat 36 dəqiqəyə qət olunacaq.

Saat 9:00-dur. Qazaxa doğru hərəkət edən sürət qatarındayıq...

Jurnalistlər səyahət başlamamış sərnişinlərlə həmsöhbət olmağa, təəssüratlarını öyrənməyə başladılar. Axı bu 5 ildən sonra Qazaxa gedən ilk qatardır.

Sərnişinlər arasında bəlkə də hər yaş qrupundan olanlar var.

Qatarla səyahət etməyi sevirəm, amma bu qədər qısa zamanda yüzlərlə kilometr məsafəni qət etmək xoş olduğu qədər təəccüblüdür. Təbii ki, dövr kimi nəqliyyat vasitələri də dəyişir. Lap uşaqlığımda doğma Tovuza sərnişin qatarları ilə getməyimiz gəldi ağlıma. Amma o indiki qatarlar qədər sürətli deyildi, gecədən səhərə qədər tətili necə keçirəcəyimizi planlaşdıraraq səbirsizliklə səyahət edirdik. Pəncərədən yolları izləyir, bu yerlərdə kimlərin yaşadıqlarını, həyatlarının necə keçdiyini xəyal edirdik. Yolda gördüyümüz hər canlı - at, inək, qoyun bizə çox maraqlı görünürdü. Düzdür, getdiyimiz yerdə, kəndimizdə də həmin canlılardan bolca görürdük. Amma onları qatarın pəncərəsindən izləmək, zəhmətkeş insanların çalışdığını görmək sanki şəhərdən yola çıxan uşaqlarda ayrı bir maraq, həvəs yaradırdı. Hələ dağları demirəm, Uca Tanrı yurdumuzu hər cür gözəlliklərlə mükafatlandırıb sanki. Bu mənzərələrə göz uzandıqca baxmaq, bu baxışlar içərisində xəyallara dalmaq, bu hissləri sözlərə çevirə bilmirəm. Ancaq yaşayıb görmək mümkündür.

Qatarlar dəyişdiyi kimi, insanların da dəyişildiyi görünür. Uşaqların çoxu artıq yollara baxaraq mənzərədən zövq almır, mobil telefonlara yüklənən oyunlarla sürətli səyahəti başa vurmağa çalışırlar. Əslində təkcə uşaqlar deyil, elə böyüklər də bəzən yoldan zövq almaq əvəzinə, telefonla vaxt keçirməyə çalışırlar.

Səyahət mövsümünün aktivləşdiyi vaxtlarda qatarda səyahət edənlər arasında istirahət etmək üçün doğma yurduna üz tutan insanları görmək olur. Yay fəsli olduğu üçün bir çoxları kimi, onlar da istirahət etmək üçün rayona üz tutur. Bəlkə də şəhərin səs-küyündən, yorğunluğundan, insanların sıxlığından bir anlıq qaçmaq istəyənlər bu qatarda toplaşıb. Kimi uşaqlığına gedir, kimi gəncliyinə. Hamımızı birləşdirən isə Qazaxa doğru istiqamətlənən qatarda olmağımızdır.

Bu səyahət isə mənə bir daha göstərdi ki, Azərbaycan Dəmir Yolları təkcə sərnişin daşımır. Bəlkə də bütün sərnişinlərlə söhbət etmək fürsətimiz olsaydı, hər birinin özünəməxsus hekayəsinin stansiya-stansiya, şəhər-şəhər bu qatarlarla birlikdə gəzdiyini görərdik. Çoxlarımızın uşaqlıq xatirələri, xəyalları bu stansiyalarda, dayanacaqlarda qalıb. Bu qatarlarla yalnız sərnişinlər yox, onların sevincləri, kədərləri, bitən yurd həsrətləri də daşınır. Xülasə, Azərbaycan Dəmir Yolları sadəcə sərnişin deyil, onların dünənini, bu gününü, sabahını, sevincini və kədərini daşıyır.

Beləcə, uzun və düşündürücü yolun sonunda mənzil başına çatdıq...

Ölkəmizin bütün rayonları gözəldir əlbəttə ki, onların arasında Qazaxın da özünəməxsus yeri var. Digər qərb rayonlarımız kimi onun da mənzərəsinə söz olmadığını əminliklə deyə bilərəm. Rayonun havası sanki doğma yurdumu xatırladır mənə. Yeni açılan Qazax Dəmiryol Stansiyasının açılışı da bu günə təsadüf edir.

Bayram ruhu ilə dolu olan bu gündə, açılış mərasimində milli rəqslərimizin təqdim edilməsi yenilik və ənənəviliyin bir vəhdətini özündə əks etdirir. Küçələr Bakıdan çox da fərqlənməsə də, insanların mehribanlığı buranı özünəməxsus edir.

Uzun sözün qısası, gəlmişik Qazaxa bir salam verək...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti