Bakı. Trend:
Londonda komandalar arasında rapid üzrə dünya çempionatı keçirilib.
Trend xəbər verir ki, Azərbaycan çempionu Rauf Məmmədovun heyətində çıxış etdiyi “Freedom” komandası 17 xalla turnirin bürünc medalına sahib çıxıb. Altı qarşılaşmada iştirak edən Məmmədov iki qələbə, bir heç-heçə və üç məğlubiyyətlə yadda qalıb.
Digər şahmatçımız Şəhriyar Məmmədyarovun çıxış etdiyi “Generation XYZA” komandası isə 15 xalla yarışda 8-ci yeri tutub. Məmmədyarov 12 oyundan səkkizində qalib gəlib.
Blits üzrə dünya çempionatında isə 13 yaşlı azərbaycanlı şahmatçı Xaqan Əhməd möhtəşəm nəticəyə imza atıb. Türkiyə komandasının heyətində mübarizə aparan gənc şahmatçı 5-ci turda dünya reytinqində ikinci yerdə qərarlaşan amerikalı qrossmeyster Hikaru Nakamuranı (2804 FIDE) məğlub edib. Eyni gündə blits yarışında keçirilən 13 oyunun doqquzunda qalib gələn Xaqan, bu uğurunun təsadüfi olmadığını sübut edib.