Bakı. Trend:
“Miniboss Business School Baku”nun təşkilatçılığı ilə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında startaplar üzrə Milli Çempionat baş tutdu.
Trend xəbər verir ki, 22 komanda iki istiqamət üzrə — SIFE (Startups in Innovative Free Entrepreneurship) və SAGE (Startups for the Advancement of a Global Environment) kateqoriyalarında innovativlik, mənfəətlilik, mediada işıqlandırma və münsiflər heyətinin sualına cavablama kimi meyarlar üzrə qiymətləndirildi.
Qeyd edək ki, SIFE — sərbəst sahibkarlıq üzrə yaradılan startaplardır, SAGE isə qlobal ətraf mühitin inkişafına yönəlmiş layihələrdir.
Beləliklə müxtəlif sahələrdə təmsil olunan startaplar arasında hər iki kateqoriyada ən yüksək nəticə göstərən üç komanda qalib oldu. Bundan başqa, komandalar arasında beş nominasiya üzrə qaliblər də müəyyən oldu. Belə ki, münsiflər heyətinin nümayəndələri “Ən yaxşı çıxış”, “Ən kreativ ideya”, “Ən innovativ ideya”, “Ən yaxşı məshul dizaynı”, “Ən uğurlu brend adı” nominasiyaları üzrə də komandaları dəyərləndirdilər.
Çıxışlardan dərhal sonra startaplar üzrə Milli Çempionat çərçivəsində ənənəvi “MiniBoss Bazar” da təşkil olundu. Burda tələbələr onların hazırladıqları məhsul və xidmətləri tədbirin qonaqlarına nümayiş edərək satışını həyata keçirə bildilər.
Xatırladaq ki, apreldə keçirilən forumda çərçivəsində 22 komanda müxtəlif sahələr üzrə biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınmış sahibkarlar və investorlara nümayiş etmişlər və startaplar münsiflər heyəti tərəfindən dəyərləndirilərək müvafiq qrant ayrılmışdır. İlkin kapital olaraq istifadə olunan bu maliyyə vəsaitləri layihələrin həyata keçirilməsi üçün istifadə olundu. Gənc sahibkarlar tərəfindən cari ildə də biznesyönümlü startaplarla yanaşı, sosialyönümlü layihələr təqdim edilib.
“Miniboss Business School” qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən 27 ölkədə 70-dən çox filialda mövcüd olan yeganə məktəbdir. Məktəb özünəməxsus metodikasına əsasən 6-17 yaşarası uşaqların tam sahibkarlıq potensialının üzə çıxarılmasına və güclü liderlik keyfiyyətlərinin aşkar olunmasına geniş imkanlar yaradır. Beynəlxalq Təhsil Şəbəkəsi olan MINIBOSS BUSINESS SCHOOL hər il olduğu kimi bu il də sahibkarlıq üzrə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında STARTUP Forum, Milli və Dünya çempionatları təşkil edir. Xatırladaq ki, bu il Dünya Çempionatı isə 7-15 iyul tarixlərində Maldiv adalarında keçiriləcək.