Bakı. Trend:
Boliviyanın ədliyyə və institusional şəffaflıq naziri Sesar Siles ölkə prezidenti Luis Arseyə istefa ərizəsi təqdim edib.
Trend xəbər verir ki, bu barədə o, özünün X platformasındakı hesabında məlumat verib.
Silesin məktubunda qeyd olunur: "Son günlərdə barəmdə əsassız şayiələr və ittihamlar yayıldığını eşitdim. Ölkədə daimi hakimiyyətdə qalmağa çalışanlara, hökuməti zəiflətmək və ümumi seçkilərin keçirilməsinə mane olmaq istəyənlərə yeni bəhanə verməmək üçün sizə – dövlət başçısına – istefa ərizəmi təqdim edirəm."
Ədliyyə naziri barəsində yayılan şayiə və ittihamların məzmununu açıqlamayıb.
Silesin istefası ölkədə sabiq prezident Evo Moralesin tərəfdarlarının təşkil etdiyi etiraz aksiyaları fonunda baş verib. Etirazlar zamanı dördü hüquq-mühafizə orqanlarının əməkdaşı olmaqla, ümumilikdə altı nəfər həyatını itirib.