Bakı.Trend:
Bu gündən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Ağstafa–Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadır.
Trend xəbər verir ki, əvvəllər Bakıdan Qazaxa 2019-cu ilin dekabr ayınadək fəaliyyət göstərmiş qatar 8 saat 25 dəqiqəyə mənzil başına çatırdısa, artıq bu məsafə 5 saat 36 dəqiqəyə qət olunacaq.
Qatarlar hər gün saat 08:00 və 18:00-da Bakıdan Qazaxa yola düşərək müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başına çatacaq. Qazax–Bakı istiqaməti üzrə isə qatarlar hər gün saat 08:00 və 16:20-də yola düşərək Bakı Dəmiryol Vağzalına saat 13:29 və 21:49-da çatacaq.
Qeyd edək ki, ilk qatar bu gün saat 08:00-da Bakı Dəmiryol Vağzalından yola düşüb.