Bakı. Trend:
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U17 Avropa çempionatı sona çatıb.
Trend xəbər verir ki, bu gün sərbəst güləş üzrə 45, 51, 60, 71 və 92 kq-da qaliblər müəyyənləşib.
Ömər Usubov (45 kq) bürünc medal görüşündə ermənistanlı Aren Piruzyana 2:12 hesabıyla məğlub olaraq, 5-ci yerlə kifayətlənib.
Ramal Mirhüseynov (51 kq) təsəlliverici görüşdə türkiyəli Buğra Kavakı çətinliklə də olsa, üstələməyi bacarıb – 2:1. Həmyerlimiz bürünc medal uğrunda qarşılaşmada isə ermənistanlı Vahan Azaryana gücünü göstərib – 10:6.
Həsən Həsənov (60 kq) finalda ukraynalı Zorab Aloyevlə gərgin keçən mübarizədə minimal fərqlə (4:5) uduzub və gümüş medalı boynundan asıb.
Səid Paşayev (92 kq) isə həlledici görüşdə rusiyalı Abdurazak Şabanovla üz-üzə gəlib. Nəfəskəsən mübarizədən 6:5 hesablı qələbəylə ayrılan Paşayev növbəti dəfə Avropa çempionu olub. Maraqlıdır ki, ötən il yunan-Roma güləşində qitənin ən güclüsü ünvanına sahib çıxan Səid bu dəfə eyni uğura sərbəst güləşdə imza atıb.
Beləliklə, millimiz Avropa çempionatını 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Bu nəticəylə 151 xal toplayan millimiz növbəti dəfə Avropa çempionu olub. Ukrayna 144 xalla ikinci, Gürcüstan isə 116 xalla üçüncü yeri tutub.
Xatırladaq ki, ötən gün Rəvan Həsənzadə (48 kq) və Ruslan Əlizadə (55 kq) çempion olub, Hakim Tağıyev (110 kq) isə üçüncü yeri tutub.