Bakı. Trend:
“Baku Network” ekspert platformasında “Tofiq Abbasovla Dialoq” analitik verlişinin növbəti buraxılışı yayımlanıb. Verlişin bu dəfəki qonağı Azərbaycanın görkəmli xalq rəssamı Sirus Mirzəzadə olub.
Trend xəbər verir ki, söhbət səmimi, emosional və təsirli keçib – incəsənətin taleyindən, sənətkarın əsərlərində əksini tapan faciələrin qoyduğu izlərdən söz açılıb.
Sirus Mirzəzadə öz rəssamlığının zamanla və daxili durumla necə dəyişdiyini danışıb. Onun sözlərinə görə, 1990-cı illər ruhunda dərin bir yara buraxıb və bu da onun tablolarının rəng palitrasında öz əksini tapıb:
“Mən parlaq, rəngarəng çəkməyi sevirdim. Amma 90-cı illərdə nə qədər çalışsam da – rəsm əsərlərim qara rəngdə alınırdı. Bir neçə il yalnız qara boyalarla işlədim. Əhval-ruhiyəm, mövcud mühit – hər şey qara idi”.
Rəssam etiraf edib ki, illər keçdikcə bu qaranlıq azalmağa başlayıb, lakin həmin illərdə həlak olan gənclərin xatirəsi onu hələ də buraxmır:
“Beş il keçsə də, xatirələr yada düşən kimi – köhnə yaralar incidir. Çox ağırdır. Amma buna baxmayaraq, biz yaşayırıq. Mən çəkməyə davam edirəm, sülhsevər bir rəssamam, əsərlərim siyasətdən kənardır”.
S. Mirzəzadə vurğulayıb ki, onun yaradıcılığının əsas mövzusu gözəlliyin, həyatın və istiliyin rəmzi kimi – qadındır.
“Həmişə demişəm: rəssam gözəlliyi tərənnüm etməlidir. Tanrının yaratdığı ən gözəl varlıq – qadındır. Ana, bacı, qız – hər şey ondan başlayır”.
Müsahibənin ən emosional anlarından biri onun Moskvada təhsil illərindən danışdığı hadisə olub. Belə ki, onun erməni həmkarı Zorik Mirzoyan ona qorxunc bir sual verib: “Təsəvvür et, müharibədir. Sizinkilər bizim kəndə girib. Sən başda gedirsən. Həmin an məni görsəydin, nə edərdin?”
Mirzəzadə cavab verib ki, dostuna toxunmazdı. Amma tezliklə başa düşüb ki, bu, dost sualı deyilmiş, sadiqlik üçün bir yoxlama imiş. Erməni tərəfdaşının cavabı isə sözün əsl mənasında şok effekti yaradıb: “Mən səni və ailəni öldürərdim”,- deyə o bildirib.
Bu hadisə rəssam üçün dönüş nöqtəsi olub:
“Bundan sonra onunla iki il yarım danışmadım. Bax, bu onların həqiqi mahiyyətidir. Onlar heç vaxt unutmurlar. Heç vaxt bağışlamırlar. Hətta qucaqlaşsalar belə – bu saxtadır. Onlar təhlükəlidirlər”.
“Mənə elə gəlir ki, belə insanlara ölüm də bata bilməz (belə insanları hətta ölüm – qəbir – düzəldə bilməz). Bu uşaqlıqdan, ailədən, ana südündən gəlir”, - o deyib.
S. Mirzəzadə beynəlxalq sərgilərdə, o cümlədən Fransada iştirakından da danışıb. Orada erməni diasporunun nümayəndələri açıq şəkildə narazılıq ifadə ediblər: “Onlar mənim əsərlərimə baxırdılar, deyirdilər: "Siz siyasətdən kənarsınız". Amma sonra bir erməni – mağaza sahibi dedi: "Biz sənə göstərəcəyik". Bu birbaşa təhdid idi. Onlar kim olduğumu və Azərbaycan rəssamlıq məktəbini təmsil etdiyimi bilirdilər”.
Şəxsi faciələrə və məyusluqlara baxmayaraq, Sirus Mirzəzadə sülh ideyasına inanır və bu ideyanı böyük bir bədii tablodə gerçəkləşdirməyi arzulayır: “Mən işıqlı bir rəsm çəkərdim – "Qafqazda Sülh". Bu asan deyil. Amma hamımızın sülhə ehtiyacı var. İndi "yumşaq güc" – incəsənət, humanitar sahə, qarşılıqlı hörmət dövrüdür”.