Bakı. Trend:
Azərbaycan Xalq Cümhuriyyəti — Şərqdə və müsəlman dünyasında ilk parlamentli, hüquqi, dünyəvi və demokratik dövlət modeli olaraq tarixə düşmüşdür. 1918-ci il mayın 28-də iclasında qəbul edilən İstiqlal Bəyannaməsi ilə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti, yalnız Azərbaycan xalqının deyil, bütövlükdə müsəlman Şərqinin və ümumiyyətlə dünyanın siyasi tarixində mühüm dönüş nöqtəsi olmuşdur. 1918-ci ilin mayında qəbul edilən İstiqlal Bəyannaməsi Azərbaycanın suveren dövlət statusunu dünyaya bəyan etmişdir. Bu sənəddə qeyd olunurdu ki, Azərbaycan xalqı suveren hüquqlara malikdir və o, öz dövlət quruluşunu müəyyən etmək hüququna sahibdir. Azərbaycan Xalq Cümhuriyyəti, bütün vətəndaşlarına hüquq bərabərliyi, vicdan azadlığı, siyasi və vətəndaş hüquqları təmin edən bir dövlət kimi formalaşdırıldı. İstiqlal Bəyannaməsi ilə müstəqillik ideyası sadəcə siyasi şüar deyil, praktiki dövlət quruculuğunun əsas prinsipi kimi təsbit olundu. Qısa zaman ərzində parlament formalaşdırıldı, hökumət yaradıldı, dövlət atributları qəbul edildi və beynəlxalq arenada tanınmaq üçün diplomatik səylər göstərildi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, bu müddət ərzində dövlət quruculuğu istiqamətində çoxsaylı və mühüm addımlar atılmışdır. Milli məclisin qəbul etdiyi qanunlar ölkənin demokratik əsaslarla idarə olunmasına, iqtisadi və sosial inkişafına təkan vermişdir. Qadınlara seçki hüququnun verilməsi, mətbuat və söz azadlığının təmin edilməsi kimi o dövr üçün inqilabi sayılan qərarlar AXC-nin demokratik mahiyyətini bir daha ortaya qoymuşdur.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra hüquqi və demokratik dövlət quruculuğu yolunu seçdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu istiqamətdə ardıcıl və sistemli islahatlar həyata keçirildi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycanın üçrəngli bayrağının rəsmi dövlət bayrağı kimi qəbul edilməsi bu sahədə əlamətdar hadisə oldu. Sovet imperiyası hələ mövcud olduğu bir vaxtda atılmış bu addım xalqımızın dövlətçilik iradəsini nümayiş etdirdi və müstəqilliyə aparan yolun başlanğıcı oldu. Azərbaycan Respublikasının müstəqillik qazanması ilə ölkə tarixinin ən çətin mərhələsinə qədəm qoydu. 1991–1993-cü illər ərzində dərin siyasi böhran, vətəndaş qarşıdurması və torpaqların işğalı xalqı ümidsizliyə sürükləmişdi. Belə ağır bir dövrdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi xaos və anarxiyadan qurtardı. Bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısı alındı, dövlətçiliyimiz hər cür sui-qəsddən, dövlət çevrilişi cəhdlərindən qorundu və ölkəmiz dayanıqlı inkişaf yoluna çıxdı. 1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev qısa müddətdə xaos və anarxiyaya son qoyulmasına, ictimai-siyasi sabitliyin bərqərar edilməsi istiqamətində gərgin fəaliyyətə başladı. 1994-cü il mayın 12-də atəşkəs sazişi imzalandı. Beləliklə, müstəqilliyimizin ilk illərində çoxsaylı problemlərin həlli və ölkənin inkişaf mərhələsinə qədəm qoyması üçün zəruri şərait təmin edildi, ölkə iqtisadiyyatına sərmayə yatırmaqda maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə son qoyuldu. 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın enerji resurslarının beynəlxalq bazara çıxarılmasına və iqtisadi müstəqilliyin təmin olunmasına yol açdı. Bununla da Ulu Öndər Heydər Əliyev Azərbaycanın geosiyasi mövqeyini gücləndirən strateji xəttin əsasını qoydu. Ulu Öndər Heydər Əliyevin siyasi fəlsəfəsinin əsasını xalqın rifahı, dövlətin müstəqilliyi və suverenliyi təşkil edirdi. O, hər zaman qeyd edirdi ki: “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır.” Onun təşəbbüsü ilə qəbul edilmiş 1995-ci il Konstitusiyası ölkənin hüquqi bazasının təməlini qoydu və demokratik cəmiyyət quruculuğu üçün hüquqi zəmin yaratdı.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan Respublikası dünyada sabit, nüfuzlu və güclü dövlət kimi tanınır. İqtisadi, siyasi və hərbi sahələrdə əldə edilən nailiyyətlər ölkənin suverenliyini daha da möhkəmləndirmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində 2020-ci ildə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş və beynəlxalq hüquqa uyğun olaraq dövlət sərhədləri üzərində suverenliyini təmin etmişdir.
Azərbaycan dövləti AXC-nin irsinin qorunmasına və təbliğinə böyük önəm verir. Prezident İlham Əliyevin 2007-ci il 25 may tarixində İstiqlal bəyannaməsi abidəsinin açılışında iştirakı, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileylərinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamlar milli yaddaşın möhkəmlənməsinə xidmət etmişdir.
2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması və bu münasibətlə təsis edilən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı da dövlətçilik tariximizin əbədiləşdirilməsi istiqamətində atılmış mühüm addımlardandır. Həmçinin, 2021-ci ildə qəbul edilmiş “Müstəqillik günü haqqında” Qanuna əsasən, 28 may Müstəqillik Günü, 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunmuşdur. Bu hüquqi qərar Azərbaycanın 1918-ci ildə qurulmuş ilk müstəqil respublikanın varisi olduğunu bir daha təsdiqləmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi, dövlətimizin müstəqilliyini və suverenliyini daha da gücləndirmək istiqamətində atılmış strateji və tarixi bir addımdır. Bu qərar, yalnız hüquqi və siyasi anlam daşımır – o, həm də milli yaddaşın, xalq iradəsinin və dövlətçilik ənənələrimizin qorunması naminə verilmiş mühüm mesajdır. Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğu, milli suverenliyin real məzmuna qovuşduğu indiki mərhələdə Konstitusiyaya və dövlət suverenliyinə sadiqlik daha böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın hər bir uğuru, hər bir qərarı, atılan hər bir addım – xalqın iradəsinə, hüquqa və milli maraqlara əsaslanaraq həyata keçirilir. 28 May – Müstəqillik Günü bu gün öz mənəvi və siyasi dəyərini daha da artıraraq, bizi həm keçmişə bağlayır, həm də gələcəyə doğru aparır. Dövlətçiliyimizin əbədi olması naminə bu yol davam etdirilir və qorunur.
Şahin Seyidzadə,
Milli Məclisin deputatı