...

Azərbaycanın Müstəqillik Günü Latviyada təntənəli qeyd olunub (FOTO)

Siyasət Materials 29 May 2025 16:10 (UTC +04:00)
Azərbaycanın Müstəqillik Günü Latviyada təntənəli qeyd olunub (FOTO)

Bakı. Trend:

28 may tarixində Riqadakı tanınmış mədəniyyət ocaqlarından olan “Ziemelblazma” Sarayında Azərbaycanın Latviyadakı səfirliyi tərəfindən 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

Tədbirdə Latviyanın kənd təsərrüfatı naziri, Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Latviya tərəfindən həmsədri Armands Krauze, sabiq Prezidentlər Raymonds Veyones və Andris Berzinş, Latviya Prezidentinin xarici məsələlər üzrə müşaviri Edvins Severs, Dövlət Sərhəd Mühafizəsi Xidmətinin rəisi Quntis Puyats, Xarici İşlər Nazirliyinin dövlət katibi Andjeys Vilumsons və digər nümayəndələri, Seymin üzvləri, Latviya dövlət qurumlarının rəsmiləri, Latviyada akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, yerli ictimai, akademik, mədəniyyət və işgüzar dairələrin təmsilçiləri, habelə Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbirin əvvəlində Latviya Milli Opera və Balet Teatrının solisti, tanınmış opera müğənnisi İnqa Şlubovska-Kançeviça Azərbaycan və Latviya dövlət himnlərini ifa edib.

Tədbirdə çıxış edən Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov müsəlman dünyasında ilk parlamentli, dünyəvi demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümünün qürurla qeyd olunduğunu diqqətə çatdırıb, xalqımızın müstəqil dövlət qurmaq arzusunun həyata keçdiyini və Cümhuriyyətin yaşadığı qısa müddətə baxmayaraq, mühüm nailiyyətlərin əldə edildiyini vurğulayıb.

E.Sultanov Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində Azərbaycan xalqının dövrün mürəkkəb sınaqlarından uğurla çıxdığını, sabitliyin bərqərar olduğunu, ölkənin milli inkişaf strategiyasının əsasının qoyulduğunu və uğurla həyata keçirildiyini bildirib.

O, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli”nin elan edildiyini qeyd edərək, Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyasının müstəsna əhəmiyyətindən bəhs edib.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyi, Şərqi Zəngəzur və Qarabağda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı, “Böyük Qayıdış” dövlət proqramının həyata keçirildiyi, ölkəmizin postmünaqişə dövründə sülh təşəbbüsləri, dinamik iqtisadi inkişafı, COP29-a uğurlu ev sahibliyi, Avropa enerji təhlükəsizliyi və transregional nəqliyyat layihələrinin həyata keçirilməsində rolu, mədəniyyətlər və dinlər arasında dialoqun təşviqinə töhfəsi barədə ətraflı məlumat verib.

E.Sultanov Azərbaycan və Latviya arasında tərəfdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirərək, həyata keçirilən ali və yüksək səviyyəli qarşılıqlı səfər və görüşlərin əlaqələrimizin genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb. O, Latviyanın kənd təsərrüfatı naziri, Hökumətlərarası Komissiyanın həmsədri A.Krauzenin 13-16 may tarixlərində Azərbaycana, o cümlədən Şərqi Zəngəzura səfər zamanı ikitərəfli əməkdaşlıq üçün yeni imkanların açıldığını bildirib.

Tədbirdə çıxış edən Latviyanın kənd təsərrüfatı naziri, Hökumətlərarası Komissiyanın həmsədri A.Krauze Latviya hökuməti adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərini çatdıraraq, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzu edib. A.Krauze ölkələrimizin ortaq tarixə malik olduqlarını və müstəqillik uğrunda keçdiyi yolların tarixi əhəmiyyətini vurğulayıb. O, ölkələrimiz arasında dinamik inkişaf edən əlaqələrin səviyyəsindən məmnunluğunu bildirərək, müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb.

Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynova, tar ifaçısı Mircavid Cəfərov, pianoçu Elbəy Məmmədzadə, kamança ifaçısı Fərid Nəcəfov, Bülbül adına Musiqi Məktəbinin şagirdi Qurban Abdullalı, Liepaya Musiqi, İncəsənət və Dizayn Orta Məktəbinin caz departamentinin rəhbəri, həmyerlimiz Rüstəm Bağırov və məktəbin tələbələrindən ibarət “Amber Strings” simli ansamblı, həmçinin Latviyanın tanınmış musiqiçiləri Andris Buikis (zərb alətləri), Hariys Loçmelis (truba), Mariya Rebçinska (bas), Sniedze Karklinya (fleyta) çıxış ediblər.

Konsert proqramında Azərbaycan xalq mahnıları, muğam və tanınmış Azərbaycan bəstəkarlarının klassik parçaları məharətlə ifa olunub. Azərbaycan və Latviya musiqiçilərin birgə ifaları böyük maraq ilə qarşılanıb. Tədbir zamanı ölkəmiz haqqında müxtəlif video çarxlar nümayiş olunub.

Sonda qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti