Bakı. Trend:
Özbəkistanda pensiya xidmətləri göstərilərkən və pensiyaların nağd şəkildə ödənilməsi zamanı üzün biometrik identifikasiyası (Face-ID) və elektron imza texnologiyalarının tətbiqi planlaşdırılır.
Trend xəbər verir ki, bu barədə Özbəkistanın İqtisadiyyat və Maliyyə nazirliyi nəzdində qeyri-büdcə Pensiya fondunun icraçı direktoru Murodbek Atacanov Bakıda keçirilən “Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması” mövzusunda beynəlxalq konfrans zamanı bildirib.
“Atılan bu addımla pensiya ödənişləri zamanı şəxsiyyətin identifikasiyası prosesi avtomatik baş verəcək. Pensiyaçılara artıq pensiya kitabçası və ya pasport daşımaq lazım gəlməyəcək”, - deyə o qeyd edib.
Atacanov əlavə edib ki, Özbəkistanın pensiya sistemində süni intellekt imkanlarının tətbiqi istiqamətində mərhələli işlər aparılır. İlkin mərhələdə onlayn məsləhətçi funksiyasını yerinə yetirəcək çat-botun istifadəyə verilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, çat-botun vəzifəsi onlayn rejimdə vətəndaşlara məsləhətlər təqdim etmək olacaq:
“Artıq bizdə bunun üçün lazım olan bütün baza formalaşıb – tipik suallar və cavablar siyahısı hazırlanıb. Modelin azacıq təkmilləşdirilməsi qalıb və bundan sonra o, vətəndaşların sorğularına müstəqil şəkildə cavab verə biləcək. Bu isə pensiya məsələlərinə dair dərhal xidmət göstərilməsinə və çağrı mərkəzlərinin əhəmiyyətli dərəcədə yüklənmədən azad olunmasına imkan verəcək”.
Atacanov əlavə edib ki, növbəti istiqamət elektron pensiya xidmətlərinin əhalinin daha geniş təbəqələri arasında istifadəsinin genişləndirilməsi olacaq. Kağız formatında olan məlumatların rəqəmsallaşdırılması üzrə işlərin təşkili planlaşdırılır.
Bundan əlavə, onun sözlərinə görə, əhalinin elektron pensiya xidmətlərindən istifadə bacarıqları da artırılacaq.