Bakı. Trend:
Sosial müdafiə təhsilə mühüm təsir göstərir. İqtisadi çətinliklər yaşayan insanlar və ya xəstə yaxınlarına baxmaq məcburiyyətində qalan gənclər təhsillərini yarımçıq qoyurlar.
Trend xəbər verir ki, bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin baş direktoru Azər Bayramov mayın 29-da Bakıda keçirilən “Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.
O, çıxışında real nümunələrə toxunaraq bildirib ki, təhsil haqqı xərcləri, güzəştli təhsil imkanları və ya işsizlik sığortası kimi sosial dəstək sistemlərinin olmaması cəmiyyətin potensialının tam reallaşmasına əngəl yaradır.
“Təkcə təhsil deyil, səhiyyə xidmətlərinə çıxış, ana və yenidoğulmuşlara dəstək, adekvat qidalanma kimi sosial müdafiə tədbirləri daha dayanıqlı və firavan cəmiyyətlərin formalaşmasına səbəb olur”, – deyə o vurğulayıb.
Azər Bayramov qeyd edib ki, sağlam əhali məhsuldar işçi qüvvəsinin əsasını təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən, ana və körpə sağlamlığına yatırılan hər 1 dollar aşağı və orta gəlirli ölkələrdə təqribən 9-20 dollar gəlir gətirir. Bu, təkcə iqtisadi deyil, həm də mənəvi baxımdan zəruri məsələdir.
“Sosial müdafiə bərabərsizliyi azaldır və sosial həmrəyliyi gücləndirir. Bərabərsizlik təkcə ədalətsizlik deyil, həm də qeyri-effektivlikdir”, – deyə o əlavə edib.
Çıxışın sonunda Azər Bayramov bildirib ki, hazırda İƏT-in Əmək Mərkəzi üzv dövlətlərdə işçi qüvvəsinin yaşıl və rəqəmsal sahələrə uyğun bacarıqlarla təchiz olunması istiqamətində mühüm təşəbbüslər üzərində çalışır:
"Sosial müdafiə sahəsində inklüzivliyə can atılmalı, yeni sistemlərin yaradılması hədəflənməlidir".