Bakı. Trend:
Beynəlxalq Sosial Təminat Assosasiyası DOST və Azərbaycanın Dövlət Sosial Müdafiə Fondunun 2025-ci ilin payızında keçiriləcək Ümumdünya Sosial Təminat Forumu iştirak edəcəklərini gözləyir.
Bunu Trend-ə BSTA baş katibi Marselo Abi-Ramia Kaetano Bakıda "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində açıqlamasında deyib.
“Azərbaycanla əməkdaşlığımız uğurla davam edir, xüsusilə də tərəfdaşlarımız olan DOST və Dövlət Sosial Müdafiə Fondu ilə. Ölkədə həyata keçirilən bir sıra faydalı və əhəmiyyətli təşəbbüsləri görürük və bunları, həqiqətən, beynəlxalq ictimaiyyətə göstərmək lazımdır. Fond tərəfindən tətbiq edilən müasir texnologiyalar, idarəetmə və xidmət keyfiyyətinə yanaşmalar diqqətəlayiqdir və digər ölkələr üçün də maraqlı ola bilər. Belə bir təcrübəni bölüşməyə dəyər”, - deyə o bildirib.
Kaetanonun sözlərinə görə, Azərbaycan fəal şəkildə öz təcrübəsini müxtəlif beynəlxalq meydançalarda bölüşür.
“Keçən həftə Çində əmək siyasətinə həsr olunmuş tədbir keçirildi və orada azərbaycanlı mütəxəssislər öz təcrübələrini təqdim etdilər. BSTA həmçinin bir sıra vebinarlar təşkil edir, bu tədbirlərdə fondun və digər qurumların nümayəndələri iştirak edirlər. Qarşıda bizi sosial təminat sahəsində ən mühüm tədbir – Ümumdünya Sosial Təminat Forumu gözləyir və ümid edirəm ki, hər iki Azərbaycan qurumu bu forumda öz təcrübəsini uğurla təqdim edəcək”, – deyə o əlavə edib.
Qeyd edək ki, Beynəlxalq Sosial Təminat Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək Ümumdünya Sosial Təminat Forumu (WSSF 2025) 2025-ci il sentyabrın 29-dan oktyabrın 3-dək Malayziyanın Kuala-Lumpur şəhərində baş tutacaq.
