Bakı. Trend:
Qırğızıstanın sığorta sisteminin rəqəmsal transformasiyası ilə bağlı ciddi problemlərdən biri əhalinin bir hissəsinin rəqəmsal texnologiyalara çıxışının məhdud olmasıdır.
Trend xəbər verir ki, bunu Qırğızıstanın Sosial fondunun insan resursları ilə iş üzrə şöbəsinin müdiri Aynurə Orozova Bakıda keçirilən “Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması” mövzusunda beynəlxalq konfrans zamanı bildirib.
"Sosial müavinət alanların əhəmiyyətli hissəsini yaşlılar və internetə çıxışın məhdud, rəqəmsal bacarıqların isə zəif olduğu ucqar bölgələrin sakinləri təşkil edir. Buna görə də yalnız rəqəmsallaşma deyil, həm də ənənəvi kanalların əlçatanlığının qorunması və rəqəmsal maarifləndirmə səviyyəsinin artırılması vacibdir", – deyə o bildirib.
Orozova qeyd edib ki, əsas problemlərdən biri də köhnəlmiş sistemlərlə inteqrasiyadır.
“Müxtəlif dövlət qurumlarında mövcud olan informasiya platformaları fərqli dövrlərdə və fərqli tələblər əsasında yaradılıb. Bu isə məlumat mübadiləsini çətinləşdirir və avtomatlaşdırılmış proseslərin qurulmasına mane olur”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, rəqəmsallaşma prosesində daha bir çox ciddi çağırış informasiya təhlükəsizliyinin və şəxsi məlumatların qorunmasının təmin edilməsidir. Bu xüsusilə pensiya, əlillik və vətəndaşların gəlirləri ilə bağlı həssas məlumatların emalı zamanı ön plana çıxır.
"Yüksək səviyyəli kibertəhlükəsizlik, məlumatlara ciddi nəzarət olunan çıxış və yeni 'Şəxsi məlumatlar haqqında' qanunun müddəalarının icrasına nəzarət təmin edilməlidir", - deyə Orozova bildirib.