Bakı. Trend:
Üç böyük tədbiri özündə birləşdirən Bakı Enerji Həftəsi nailiyyətləri nümayiş etdirmək üçün nüfuzlu bir platformaya çevrilib.
Trend xəbər verir ki, bunu Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında bildirib.
O bildirib ki, Azərbaycan hər zaman enerji sahəsində yeniliklərə imza atan bir ölkə olub:
"Necə ki, Azərbaycanın liderliyi ilə neft-qaz sahəsində regionları birləşdirən strateji layihələr həyata keçirilib, eləcə də, bu gün ölkəmiz yaşıl enerji dəhlizləri yaratmaqla Mərkəzi Asiyanı Avropa ilə birləşdirən yeni enerji yollarını inşa etmək əzmindədir. Bu baxımdan, üç böyük tədbiri özündə birləşdirən Bakı Enerji Həftəsi nailiyyətləri nümayiş etdirmək üçün nüfuzlu bir platformaya çevrilib".
"Bu beynəlxalq tədbir Azərbaycanın enerji sahəsində atdığı uğurlu addımların, imzalanmış müqavilələrin və qurulmuş əməkdaşlıqların təcəssümüdür. Eyni zamanda bu platforma qarşıdakı dövr üçün yeni ideyaların ortaya çıxdığı, yeni müqavilələrin imzalandığı, yeni layihələrin başlanğıcının qoyulduğu və yeni tərəfdaşlıqların qurulduğu bir məkandır.
Bu mötəbər tədbirin həyata keçirilməsində əməyi olan bütün tərəfdaşlara minnətdarlığımızı bildiririk", - deyə nazirlik sözçüsü qeyd edib.