Bakı. Trend:
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə baş məsləhətçisi Azərbaycana gəlib.
Trend xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi X hesabında məlumat yayıb.
"Bu gün ABŞ-nin Müvəqqəti işlər vəkili Hüqo Qevara ABŞ Dövlət Departamentinin Avropa məsələləri üzrə müavin köməkçisi Coş Hak və Avropa üzrə baş müşaviri Vayatt Tölkeni səfirlikdə salamlayıb.
Nümayəndə heyəti Azərbaycana yüksək səviyyəli rəsmilərlə görüşmək və ABŞ-nin maraqlarını, iqtisadi rifahı və regional təhlükəsizliyi təşviq edən ikitərəfli dialoqu davam etdirmək məqsədilə səfər edib", - məlumatda deyilir.
Qeyd edək ki, o, sayca 30-cu olan Yubiley “Baku Energy Forum”unda iştirak edəcək.
Forum 3–4 iyun tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək və sənayenin aparıcı nümayəndələrini strateji fikir mübadiləsi üçün bir araya gətirəcək.
Bu il “Baku Energy Week”in tərkib hissəsi olan “Baku Energy Forum” 30 illik yubileyini qeyd edir. Əsası qoyulduğu gündən etibarən forum beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, qabaqcıl təcrübələr mübadiləsi və yalnız Azərbaycanın deyil, bütövlükdə regionun enerji sektorunun inkişafına təsir edən sazişlərin imzalanması üçün əsas platformaya çevrilib. Forum enerji sahəsinin liderlərini, biznes nümayəndələrini və dövlət qurumlarının nümayəndələrini bir araya gətirərək bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir.
“Baku Energy Week” özündə üç mötəbər tədbiri birləşdirir: 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”. “Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, “Baku Energy Forum” isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil ediləcək.