...

İsrail niyə İrana aviazərbələr endirib? - Əməliyyatın səbəbləri və hədəfləri

Siyasət Materials 13 İyun 2025 14:31 (UTC +04:00)
İsrail niyə İrana aviazərbələr endirib? - Əməliyyatın səbəbləri və hədəfləri
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 13-nə keçən gecə İranın paytaxt Tehran, eləcə də, İsfahan və strateji əhəmiyyətə malik Natanzdakı nüvə obyektinin ətrafı daxil olmaqla, bir neçə bölgədə partlayışlar olub. Bu partlayışlar İsrail Hərbi Hava Qüvvələrinin İranın nüvə proqramı və raket istehsalı ilə bağlı obyektlərinə qarşı yönəlmiş əlaqələndirilmiş hava əməliyyatı nəticəsində baş verib.

İranın Hava Hücumlarından Müdafiə Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib, ölkənin bir neçə bölgəsi üzrə hava məkanı bağlanıb, İmam Xomeyni adına beynəlxalq hava limanı isə müvəqqəti olaraq bağlanıb.

Beynəlxalq Atom Enerjisi Agentliyi bəyan edib ki, İsfahan və Buşəhrdəki obyektlər toxunulmaz qalsa da, Natanz nüvə kompleksi hava hücumlarına məruz qalıb. Bununla belə, radiasiya səviyyəsində artım qeydə alınmayıb ki, bu da dağıntıların məhdud miqyasda olduğunu göstərir.

İran uzun müddət təkcə ideoloji planda deyil, praktiki olaraq da İsrail üçün əsas təhdidlərdən biri kimi qəbul olunur. İran hökuməti mütəmadi olaraq açıq şəkildə yəhudi dövlətinin məhv edilməsinə çağırır və bu, sadəcə şüar deyil, ölkə rəhbərliyi üçün icbari direktivdir.

İran terrorunun maliyyələşdirilməsi baxımından dünyada ilk yerdə qərar tutur və İsraili məhv etmək məqsədilə hərbi qüdrətini genişləndirmək üçün böyük investisiyalar ayırır. Xüsusilə nüvə proqramının inkişafına və nüvə silahını daşıya biləcək müxtəlif sinifli raketlərin yaradılmasına xüsusi diqqət yetirilir.

Beynəlxalq Atom Enerji Agentliyinin hesabatlarına əsasən, İranın nüvə proqramı heç də sülhməramlı deyil. Agentlik dəfələrlə nüvə silahı istehsalına yönəlik məxfi fəaliyyətin izlərini və razılaşmaların pozulmasını qeydə alıb. Bu günə olan məlumata görə, İran 60%-dək zənginləşdirilmiş 400 kiloqramdan çox uran toplayıb ki, bu da nüvə silahı istehsalı üçün tələb olunan 90%-ə çatmaq üçün yalnız texniki baxımdan cüzi bir fərqdir. Son aylarda zənginləşdirilmiş uranın həcminin kəskin artması isə xüsusilə narahatlıq doğurur.

Bununla yanaşı, 2024-cü ilin aprel-may aylarında İran və ABŞ arasında Oman vasitəçiliyi ilə birbaşa olmayan (vasitəli) danışıqlar aparılıb və məqsəd Tehranı nüvə ambisiyalarından çəkindirmək olub. Lakin zaman göstərdi ki, İran bu danışıqlardan diplomatik ritorikanı öz zərərli niyyətlərini və proqramın sürətləndirilməsini ört-basdır etmək üçün istifadə edib.

İsrailin Baş naziri Benyamin Netanyahunun sözlərinə görə, ölkəsinin atdığı addımlar “qeyri-məqbul təhdidin” qarşısını almağa yönəlmiş məcburi özünümüdafiə kampaniyasıdır. İsrail əməliyyatı qətiyyətlə və hədəfli şəkildə həyata keçirir, zərbələr İranın nüvə və raket infrastrukturu ilə əlaqəli hərbi obyektlərinə endirilir.

Qeyd olunur ki, İsrailin hədəfi İran vətəndaşları deyil, yəhudi dövlətinin təhlükəsizliyini təhdid edən radikal qüvvələrdir. İsrail mülki əhalinin zərər çəkməsinin minimuma endirilməsi üçün səylər göstərir.

Beynəlxalq hüquq baxımından İsrail İrandan gələn təhdidin real və labüd hal aldığı şəraitdə özünümüdafiə hüququndan çıxış edir.

Bu gün İran tammiqyaslı nüvə arsenalı yaratmağın astanasındadır ki, bu da həm İsrail, həm də beynəlxalq ictimaiyyət üçün “qırmızı xətt” sayılır. Tehranın açıq şəkildə İsrailin məhv edilməsinə çağırışları, nüvə proqramı və hərbi gücünün regionda artmaqda davam etməsi, yəhudi dövlətinin mövcudluğunu birbaşa təhlükə altına qoyur.

İsrailin hərbi əməliyyatı, İranın bu təhdidlərini reallığa çevirməyə imkan əldə etməzdən əvvəl bu prosesi dayandırmaq cəhdidir.

Beynəlxalq ictimaiyyət, o cümlədən, Beynəlxalq Atom Enerji Agentliyi İranı şəffaflığa və əməkdaşlığa çağırsa da, təcrübə göstərir ki, rejim aldatma və manipulyasiyaya üstünlük verir. İranın vitse-prezidenti Məhəmməd İslami, eyni zamanda, ölkənin atom sənayesinə rəhbərlik edən şəxs kimi, nüvə sənayesinin inkişaf etdirilməsinin dinc məqsədlərə xidmət etdiyini və nüvə silahının yolverilməz olduğunu bəyan edir. Lakin bu sözlərin arxasında güclərin intensiv şəkildə artırılması gizlənir.

İsrailin gecə keçirdiyi hərbi əməliyyat İran təhdidinin uzunmüddətli eskalasiyasının kulminasiya nöqtəsi olub. Bu, təkcə düşmənin nüvə silahı əldə etməsinin qarşısını almaq səylərini deyil, həm də iki fərqli dünyagörüşü və milli maraqların kəskin strateji qarşıdurmasını əks etdirir.

Əsas sual budur: İran bu vəziyyətə necə reaksiya verəcək və hadisələr region miqyaslı münaqişəyə çevriləcəkmi? Aydın olan budur ki, İsrail qətiyyətli addımlar atmağa hazır olduğunu göstərdi və təhdid geridönməz hal alana qədər gözləmək niyyətində deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti