Bakı. Trend:
Azərbaycan Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin (AQEM) möhkəmləndirilməsi yolunda bağlayıcı halqa rolunu oynamaqda davam edəcək.
Trend xəbər verir ki, bunu bu gün Azərbaycanın Xarici İşlər nazirinin müavini Yalçın Rəfiyev ADA Universitetində “Yaşıl enerji və dayanıqlılıq sahəsində universitetlərin rolu” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib.
“Azərbaycanın sədrliyi dövründə ən mühüm prioritetlərdən biri təhsil və elmdir. Təsadüfi deyil ki, sədrliyi qəbul etdikdən sonra keçirdiyimiz ilk tədbir fevral ayında aparıcı universitetlərin Tərəfdaşlıq Şəbəkəsinin Koordinasiya Şurasının təsis toplantısı oldu. Bu şəbəkənin tamdəyərli şəkildə işə düşməsi isə bugünkü konfransın keçirilməsinə imkan yaradan mühüm nailiyyətlərimizdən biridir”, – deyə o bildirib.
O vurğulayıb ki, Şəbəkə ali təhsil sistemləri, universitetlər və AQEM üzv dövlətlərinin akademik dairələri arasında tərəfdaşlığın möhkəmləndirilməsi, akademik mübadilənin təşviqi və birgə tədqiqatların inkişafı məqsədilə yaradılıb.
O, Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş Assambleyasına ev sahibliyi etməyə hazırlaşdığını əlavə edib.
