Münxen. Trend:
13 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı
çərçivəsində “Avrasiyanın Strateji Nizamının Müəyyənləşdirilməsi:
Orta Dəhliz - Sabitlik, Sülh, Təhlükəsizlik və Bağlantılar üzrə
Avropa Təhlükəsizlik Gündəliyi” mövzusunda panel müzakirələrində
çıxış edib. Paneldə həmçinin Gürcüstanın xarici işlər naziri Maka
Botçorişvili və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)
prezidenti Odile Reno-Basso çıxış ediblər.
XİN-dən Trend-ə bildirilib ki,
nazir Ceyhun Bayramov çıxışı zamanı Cənubi Qafqazda davamlı sülh və
təhlükəsizliyin təmin olunması istiqamətində ölkəmizin mövqeyi və
xüsusilə də tarixi Vaşinqton sammitindən sonra atılan addımlar,
Azərbaycanın regional təhlükəsizlik və sabitlik istiqamətində
həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verib.
Ermənistana istiqamətlənən yüklərə münasibətdə tranzit
məhdudiyyətlərinin aradan qaldırılması, Azərbaycandan Ermənistana
neft məhsullarının satışı istiqamətində atılan addımların son
onilliklər ərzində görünməmiş dərəcədə sabit mühitin formalaşmasına
töhfə verdiyi qeyd edilib.
Bununla yanaşı, Ermənistan tərəfindən də yüklərin Azərbaycandan
keçməklə üçüncü ölkələrə ixrac edilməsinə müvafiq icazə
verilməsinin, beyin mərkəzlərinin nümayəndələrinin və ekspertlərin
görüşlərinin əhəmiyyətli etimad quruculuğu tədbirləri olduğu
vurğulanıb.
Tərəflər arasında paraflanmış sülh sazişinin imzalanması və
normallaşma gündəliyinin daha da irəli aparılması baxımından
Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının
aradan qaldırılması və Vaşinqton Bəyannaməsinə uyğun olaraq
Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsinin
icrasında real irəliləyişin əldə olunmasının mühüm əhəmiyyət kəsb
etdiyi vurğulanıb.
Cənab Prezident İlham Əliyevin siyasətinin bölgəmizin regional
rəqabət və konfrantasiya məkanına çevrilməməsi istiqamətində
tədbirlərə kökləndiyini xatırladılıb.
Nazir panel müzakirələrində, həmçinin Azərbaycanın Orta Dəhlizin
gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı
infrastruktur işləri, investisiyaları və regional tərəfdaşlarla
normativ-hüquqi əlaqələndirmə tədbirləri barədə məlumat verib.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükaşırma
prosedurlarının asanlaşdırılması məqsədilə Azərbaycan, Qazaxıstan,
Türkiyə və Gürcüstan arasında birgə Yol Xəritəsinin qəbul edildiyi
bildirilib, bunun nəticəsində tranzit müddətlərinin əhəmiyyətli
dərəcədə azaldığı və yük daşımalarının həcminin artdığı qeyd
edilib.
TRIPP təşəbbüsü də daxil olmaqla inklüziv bağlantı layihələrinin
əhəmiyyəti diqqətə çatdırılıb, bu çərçivədə Avropa İttifaqının daha
fəal iştirak potensialı, Türkiyənin və Gürcüstanın da regional
nəqliyyat əlaqələrinin inkişafında vacib rolu qeyd edilib.
Bununla yanaşı, regional bağlantıların inkişafı istiqamətində ölkəmizin Mərkəzi Asiya ilə həyata keçirdiyi birgə layihələr və səylər diqqətə çatdırılıb.
Panel müzakirələri daha sonra sual-cavab sessiyası ilə davam edib.
