Yaponiya hökuməti Gəncədəki 1 saylı uşaq evinin yenidən qurulması layihəsinin gerçəkləşdirilməsi üçün təxminən $100 min ayırıb. Trend bildirir ki, Yaponiya hökuməti ilə layihənin icraçısı "Labirint" QHT arasında qrant sazişi sentyabrın 13-də Bakıda imzalanıb.
Sazişi Yaponiyanın Azərbaycandakı səfiri Tadaxiro Abe və "Labirint"in sədri Səbinə Şıxlinskaya imzalayıb. Layihə Yaponiya hökumətinin "İnsanın təhlükəsizliyi və otların kökü" qrant proqramları çərçivəsində gerçəkləşdirilir.
Sazişin imzalanması mərasimində çıxış edən səfir Tadaxiro Abe bəyan edib ki, Yaponiya hökuməti Azərbaycanın iqtisadi və sosial inkişafını dəstəkləyir.
Səfir hesab edir ki, hər bir ölkənin iqtisadi inkişafının əsasını onun sosial inkişafı təşkil edir.Buna görə də Yaponiya hökuməti Azərbaycanın təhsil və səhiyyə sisteminin inkişafına yardım etməyə çalışır.
Səfir qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən bəri Yaponiya Azərbaycana təxminən $ 700 mln., o cümlədən təhsil sahəsində $4 mln. ayırıb.Təkcə ötən maliyyə ilində "İnsanın təhlükəsizliyi və otların kökü" qrant proqramları çərçivəsində Yaponiya Azərbaycana $400 mindən çox vəsait ayırıb.
Tədbirdə iştirak edən AR təhsil nazirinin müşaviri Əlvan Səfərov qeyd edib ki, Yaponiya hökumətinin Azərbaycanın təhsil sisteminin inkişafına yönəltdiyi layihələrin arasında artıq gerçəkləşdirilmiş olan Türkan kəndində, Sabunçu və digər yerlərdə İnternat məktəbinin yenidən qurulması layihəsi də vardır.