...

MƏZAHİR PƏNAHOV: MƏHKUMLUĞU OLAN NAMİZƏDLƏRİN QEYDƏ ALINMASINDA QANUN POZUNTUSU VARSA, NAMİZƏDLİYİ DƏRHAL LƏĞV OLUNACAQ

Siyasət Materials 4 Oktyabr 2005 13:34 (UTC +04:00)
MƏZAHİR PƏNAHOV: MƏHKUMLUĞU OLAN NAMİZƏDLƏRİN QEYDƏ ALINMASINDA QANUN POZUNTUSU VARSA, NAMİZƏDLİYİ DƏRHAL LƏĞV OLUNACAQ

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) Məzahir Pənahov "TREND" Agentliyinə müsahibə verib

- Ölkə üzrə MSK tərəfindən seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatıb. Xankəndi dairəsi üzrə seçicilərin siyahısı tam tərtib olunubmu?

- Xankəndi seçki dairəsi üzrə azərbaycanlı seçicilərin siyahısı artıq hazırlanıb. Lakin erməni mənşəli vətəndaşların siyahısı hələ hazır deyil. Ancaq bu siyahı dəqiqləşdirilməsə belə, Xankəndi dairəsi üzrə seçkinin nəticələri qəbul olunmuş sayılacaq. Çünki Azərbaycanda seçicilərin sayı ilə bağlı kvorum müəyyənləşdirilməyib. Seçkidə Azərbaycan mənşəli seçicilərin iştirakı kifayətdir ki, seçki baş tutmuş hesab olunsun. Beynəlxalq təşkilatlar da Xankəndi dairəsinin yaranmasını müsbət qiymətləndiriblər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sonuncu rəyində də bu məsələ xüsusi qeyd olunub.

- Həmin hesabatda Azərbaycandakı seçkiöncəsi proseslərlə bağlı bir sıra iradlar da var. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatını ümumilikdə necə qiymətləndirirsiz?

- Mən hesab edirəm ki, bu hesabat normal və balanslaşdırılmış rəydir. Amma bəzi məqamlar var ki, mən onunla razılaşmıram. Məsələn, hesab edirəm ki, din xadimlərinin seçkidə iştirakı ilə bağlı düzgün mövqe tutmayıblar. Avropa yəhudilərinin dini icmasının rəhbəri cənab Zelmanoviçin namizədliyini dairə seçki komissiyası qeydə almamışdı. Çünki Azərbaycan Konstitusiyası din xadimlərinin Milli Məclisə deputat seçilməsini qadağan edir. ATƏT-in rəyçiləri isə çalışırlar ki, Zelmanoviçin din xadimi olmasını şübhə altına alsınlar. Amma bu şəxs dairə seçki komissiyasına təqdim etdiyi sənəddə özü rəsmi vəzifəsini bu cür qeyd edib- Avropa yəhudilərinin dini icmasının rəhbəri. Dini icmanın rəhbəri elə din xadimidir və dairə seçki komissiyası da bu səbəbdən onu qeydə almayıb. MSK da sonradan bu qərarı qüvvədə saxladı. ATƏT tərəfindən həmin qərara irad tutulub, lakin hesab edirəm ki, bu narazılığın heç bir əsası yoxdur. Bundan başqa, İslam Partiyasının sədri Hacıağa Nurinin namizədliyinin ləğv olunması məsələsi ilə də bağlı iradlar var. Azərbaycanda siyasi partiyaların qeydə alınması prosesində onların din xadimləri, yaxud dini fəaliyyətlə məşğul olmalarına görə heç bir məhdudiyyət qoyulmur. Mənim fikrimcə, ATƏT-in rəyində bu iradlar da həqiqətə uyğun deyil. Qalan məsələlərlə müəyyən dərəcədə razılaşmaq olar. Ümumi qiymətləndirməyə görə, seçkiöncəsi proseslər yaxşı inkişaf edir. Ümumiyyətlə, beynəlxalq təşkilatlar, xüsusilə onların müşahidə missiyaları vəziyyətin yaxşı tərəflərini qeyd etməyi o qədər də lazım bilmirlər. Onlar əsasən, çatışmazlıqları, nöqsanları qeydə alıb diqqətə çatdırırlar. ATƏT-in həmin hesabatından da göründüyü kimi, elə bir ciddi nöqsan qeyd olunmayıb.

- Seçkini nə qədər sayda beynəlxalq müşahidəçilərin izləməsi gözlənilir?

- İndiyədək 100-dən artıq beynəlxalq müşahidəçi qeydə alınıb. Onların sayı 1000 nəfərə çatacaq. Oktyabrın 5-də MDB İcraiyyə Komitəsinin sədri Vladimir Ruşaylonun Bakıya səfəri olacaq. Onun rəhbərliyik etdiyi müşahidəçilər missiyası MSK rəhbərliyi ilə görüş keçirəcək, seçkiöncəsi prosesləri müzakirə ediləcək. Güman edirəm ki, MDB missiyası seçkinin indiki mərhələsinin gedişindən və MSK-nın seçkinin keçirilməsi üçün bugünədək gördüyü işlərdən razı qalacaq.

- Seçkilərin təşviqat kampaniyası mərhələsinin gedişini siz özünü necə qiymətləndirirsiniz?

- Mən hesab edirəm ki, bu mərhələ normal gedir. Biz nəzərdən qaçırmamalıyıq ki, seçkidə iştirak edən namizədlərin sayı çoxdur. 2 mindən çox namizəd deputat mandatı uğrunda mübarizə aparır. Ona görə də hər şeyin çox ideal olduğunu, namizədlərin hamısının özünü korrekt aparacağını söyləmək reallıqdan uzaq olardı. Bəzi hallarda namizədlər bir-birilərinə qarşı ittihamlar irəli sürürlər. Mən MSK sədri kimi belə halların baş verməsini istəməzdim. Bəzi namizədlər hətta dövlətə qarşı çıxışlar edirlər ki, bunlar da yolverilməzdir.

- Seçkiyə müdaxilə edən bir çox icra başçılarından, məmurlardan şikayətlər olunur. Bəzi namizədlər maddi imkanlarından istifadə edib əhalini ələ almağa cəhd edirlər. MSK belə hallarla bağlı şikayətlərə baxıb müvafiq tədbirlər görürmü?

- Biz bəzi şikayətləri yoxlayırıq və görürük ki, onlar həqiqətə uyğun deyil, deyilənlər təsdiqini tapmır. Bir çox problemlər bəzən şişirdilmiş olur. Bəzi şikayətlər isə həqiqətə uyğun gələndə qanun pozuntularına yol verən şəxslərə xəbərdarlıq edilir. MSK tərəfindən qanunun tələblərinə uyğun addımlar atılır. Ciddi qanun pozuntusuna yol verən namizədlərin isə qanunun tələbinə əsasən, namizədliyi ləğv oluna bilər.

- Məhkumluğu olan namizədlər barəsində araşdırmaların nəticələri nə vaxt bəlli olacaq?

- Bu məsələ ilə MSK katibləri ciddi məşğuldur. Aparılan yoxlamaların nəticəsində həmin namizədlərin qeydə alınmasının qanuni olub-olmaması aşkar ediləcək. Ümumilikdə, 10 nəfər namizəd barəsində belə şübhələr var. Bu günlərdə məhkəmədən cavab alınacaq və MSK tərəfindən müvafiq qərarlar çıxarılacaq. Əgər qanun pozuntuları varsa, həmin şəxslərin namizədliyi dərhal ləğv olunmalıdır. Nəticələr bu həftə ərzində məlum olacaq.

- Müxalifəti təmsil edən partiya və bloklar onlara ayrılan pulsuz efir vaxtının birləşdirilməsi üçün təkrar MSK-ya müraciət etmək niyyətindədirlər. Onların bu təklifi reallaşa bilərmi?

- Xeyr, bu, tamamilə qanuna zidd təklifdir. Çünki, MSK istəsə belə, bunu həyata keçirə bilməz. Ona görə də MSK-nın iclasında həmin seçki bloklarının bu müraciətinə baxılmadı. MSK-nın katibləri müraciət edənlərə belə təkliflərin bizim səlahiyyətlərimiz çərçivəsində olmadığını başa saldılar. MSK katibi Vidadi Mahmudov həmin şəxslərlə danışıqlar aparıb. Pulsuz efir vaxtının azlığından narazılığa gəldikdə isə, yalnız ödənişsiz efir vaxtı o qədərdir. Ödənişli vaxtdan isə namizədlər istənilən qədər istifadə edə bilərlər. Az TV və İctimai Televiziya namizədlər üçün yaxşı şərait yaradıb. Zənnimcə, narazı qalmağa heç bir əsas yoxdur.

- MSK kütləvi informasiya vasitələrinə müraciətindən sonra seçkinin işıqlandırılması ilə bağlı nöqsanlar aradan qaldırılıb?

- Bəli, televiziyalar artıq kifayət qədər qanunun tələblərinə riayət edirlər, seçki prosesinin işıqlandırılması normal aparılır. Əvvəllər yol verilən səhvlər də aradan qaldırılır.

Xəbər lenti

Xəbər lenti