Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində mövqeyi dəyişməz qalır - bu problem yalnız Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla nizamlana bilər. Trend bildirir ki, dekabrın 28-də Azərbaycan prezidenti İlham Əliyev bu barədə jurnalistlərə bəyan edib.
Onun sözlərinə görə, bundan başqa və bundan kənarda heç bir məsələ müzakirə olunmur və müzakirə mövzusu deyil. "Bu mövqe mənim tərəfimdən iki il əvvəl Ermənistan prezidenti ilə görüşdə səsləndirilib və o vaxtdan bu mövqe dəyişməz qalıb"-deyə prezident bildirib.
Dövlət başçısı qeyd edib ki, 2005-ci ildə bir sıra müsbət proseslər baş verib. Xüsusilə Praqa prosesi başlayıb və möhkəmləndirilib və bu, münaqişənin mərhələli həlli yolunu nəzərdə tutur. Eyni zamanda beynəlxalq təşkilatlar da münaqişənin həlli məqsədilə öz fəaliyyətini gücləndirib. "BMT-nin sessiyasının gündəliyinə Dağlıq Qarabağla bağlı məsələlərin daxil edilməsi, ATƏT-in Azərbaycanın işğal olunmuş ərazilərinin faktaraşdırıcı missiyasının gəlməsi və ermənilərin həmin əraziləri qeyri-qanuni işğal etməsi faktlarının sonradan araşdırılması, AŞPA-da Dağlıq Qarabağ münaqişəsi üzrə qətnamənin qəbul edilməsi, Avropa Birliyinin səylərini gücləndirməsi"-deyə Azərbaycan dövlətinin başçısı qeyd edib.
Prezidentin sözlərinə görə, bütün bu meyarlar danışıqlar prosesində Azərbaycanın mövqeyinin güclənməsini təsdiq edir.
"2006-cı ildə Ermənistan-Azərbaycan münaqişəsinin öz həllini tapacağını söyləmək çətindir. Əgər Ermənistan beynəlxalq hüquq normalarına sadiqliyini bildirsə, onda danışıqlar da uğurlu olacaq"-deyə İlham Əliyev əlavə edib.
Ermənistan tərəfinin kompromislər barədə bəyanatına toxunan prezident belə bir sual verib: "Azərbaycan hansı güzəştlərə getməlidir? Ölkənin bir hissəsi Ermənistan tərəfindən işğal olunub. Azərbaycan etnik təmizləmə siyasəti aparmayıb. Elə isə biz Ermənistana hansı güzəştləri etməliyik?"
Dövlət başçısının sözlərinə görə, bu kontekstdə söhbət regionda yaşayan xalqların təhlükəsizliyinin təmin edilməsindən gedə bilər. "Regionun bütün xalqları üçün təhlükəsizlik təmin edilməlidir və bu barədə əlbəttə danışmaq olar"-deyə prezident İ. Əliyev qeyd edib. O, bununla bildirib ki, "münaqişə öz ədalətli həllini tapdıqdan sonra regiona sülhməramlı qüvvələrin daxil edilməsini təbii hesab edə bilərik".
"Biz buna gedə bilərik. Amma Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirə obyekti deyil"-deyə sonda İlham Əliyev bildirib və regionda kommunikasiyanın açılması və müəyyən iqtisadi əlaqələrin yaradılması imkanını qeyd edib.