Fevralın 2-də Bakıda Ümumdünya Gömrük Təşkilatı Avropa regionu dövlətlərinin gömrük xidməti rəhbərlərinin növbəti iclası başlayıb. Trend in xəbər verdiyi kimi, konfransda Macarıstan Respublikasının gömrük xidməti və maliyyə mühafizəsi komissarı, ÜGT-nin Avropa regionu üzrə vitse-prezidenti Yanoş Nad, ÜGT-nin baş katibi Mişel Dane, Azərbaycan Dövlət Gömrük komitəsinin sədri Kəmaləddin Heydərov , ÜGT-nin maliyyə komitəsinin sədri Robert Lyusi, Avstriya Gömrük Administrasiyasının ÜGT məsələləri üzrə baş eksperti Alfred Nepfa, İnterpolun icraçı direktoru Jan Mişel Lubuten və digər rəsmi şəxslər iştirak edib.
Konfransı açan Yanoş Nad iclasın gömrük orqanları üçün əhəmiyyətini vurğulayarq əvvəlki iki görüşün uğurlu işini qeyd edib. K.Heydərov da Bakıda belə tədbirlərin keçirilməsinin müxtəlif ölkələr arasında münasibətlərin inkişafına şərait yaradan əhəmiyyətini də vurğulayıb. O, iştirakçılara gömrük sahəsi ilə bağlı yaranmış problemlərin həll olunduğu ölkələrin sahibkarları ilə əməkdaşlığın genişləndirilməsi, Koordinasiya Şurasının yaradılması və müxtəlif beynəlxalq təşkilatlarla münasibətlərin inkişaf etdirilməsi istiqamətində DGK-nin gördüyü işlər haqqında məlumat verib.
M.Dane Siyasi Komissiyanın 54-cü sessiyasının nəticələri ilə bağlı çıxış edərək təşkilatın tərkibindəki struktur dəyişiklikləri və s. vurğulayıb. Onun sözlərinə görə, yaxın günlərdə Azərbaycandan ÜGT-yə texniki attaşe göndəriləcək.
Fevralın 3-də başa çatacaq konfrans zamanı, həmçinin, saxta mallar və piratçılıqla mübarizə üzrə 2-ci Qlobal konqresin yekunları, bu istiqamətdə ÜGT-nin rolu müzakirə olunacaq.
Konfrans zamanı nümayəndə heyəti ÜGT-nin Bakıdakı regional tədris mərkəzi və DGK-nın kinoloji mərkəzi ilə tanış olacaq, "Narkomaniya və narkotik vasitələrin yayılmasına qarşı mübarizədə ümumdünya gömrük xidmətinin rolu" adlı sərgiyə baş çəəkəcək.