Fevralın sonunadək Microsoft korporasiyası Azərbaycanda nümayəndəliyinin rəsmi açılışı barədə elan edəcək. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun korporasiyanın rəhbərliyi ilə Lissabonda görüşü zamanı məlumat verilib.
Bu, Qazaxıstan, Rusiya və Ukraynada nümayəndəlikləri olan şirkətin Zaqafqaziyada ilk ofisi olacaq.
Korporasiyanın rəsmi tərəfdaşı olan AZEL (Azerbaijan Electronics) şirkətindən Trend ə bildirilib ki, Azərbaycanda Microsoftun nümayəndəliyi artıq yaradılıb və 3 nəfərdən ibarət heyət fəaliyyət göstərir. "Lakin nümayəndəliyin rəsmi açılışı 2006-cı ilin fevralına planlaşdırılıb. Dəqiq tarix hələlik müəyyən edilməyib", - deyə AZEL-dən bildirilib.
Azərbaycanda Microsoftun nümayəndəliyinin açılması ilə bağlı məsələ 2005-ci ilin iyununda korporasiyanın MDB ölkələrində tərəfdaşlarla biznesin inkişafı departamentinini nümayəndəsi Yuri Omelçenko tərəfindən qaldırılıb. Şirkət MDB ölkələrində, xüsusilə Azərbaycanda biznesi inkişaf etdirmək haqqında qərar qəbul edib. Buna səbəb ölkənin mütəxəssislər tərəfindən müsbət qiymətləndirilmiş ümumi iqtisadi vəziyyətidir.