...

Bu gün İstanbulda Dünya Demokratik Hərəkatının IV Assambleyası başa çatır

Siyasət Materials 5 Aprel 2006 12:56 (UTC +04:00)

Aprelin 2-dən Türkiyənin İstanbul şəhərində işə başlamış Dünya Demokratik Hərəkatının IV Assambleyası aprelin 5-də başa çatacaq. Bu barədə Trend ə həmin assambleyada iştirak edən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə məlumat verib. O bildirib ki, bu beynəlxalq konfransda dünyaının bir çox ölkələrindən demokratik hərəkatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının rəhbərləri, parlament nümayəndələri iştirak edirlər.

Assambleya çərçivəsində Dünya Demokratik Parlamentarlar Hərəkatının toplantısı keçirilib. Burada iştirak edən bir sıra dövlətlərin parlament nümayəndələrinin birgə əməkdaşlığı barədə razılaşma əldə olunub. 2002-ci ildən həmin hərəkatın üzvü olan Asim Mollazadə qeyd edib ki, bu toplantıda Avropa və Asiya, Avstraliya, Amerika və başqa ölkələrin parlamentlərinin nümayəndələri iştirak ediblər, bir sıra ciddi məsələlər müzakirəyə çıxarılıb və razılaşmalar əldə olunub.

A.Mollazadənin sözlərinə görə, assambleya dövründə Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı görülən işlər, bu istiqamətdə beynəlxalq qurumların səyləri və beynəlxalq əməkdaşlıq məsələləri də müzakirə mövzusu olub. Bu gün müzakirə olunan mövzu isə informasiya və şəffaflıq məsələləri ilə bağlıdır. Aprelin 5-də axşam saatlarında Dünya Demokratik Hərəkatının IV Assambleyası işini başa vuracaq.

Tədbirdə Azərbaycanı təmsil edən A.Mollazadə bildirib ki, beynəlxalq konfransa qatılan xarici ölkələrin təmsilçiləri ilə ayrılıqda bir sıra görüşlər keçirib, nümayəndə heyətləri, siyasi partiya rəhbərləri ilə qarşılıqlı müzakirələr aparıb: "Bir sıra demokratik təşkilatlarların rəhbərləri ilə görüşlərimiz oldu, fikir mübadiləsi apardıq və tərəflər arasında gələcək əməkdaşlığa dair razılıq əldə etdik"-deyə A.Mollazadə bildirib.

Qeyd edək ki, ABŞ-da təsis olunmuş Dünya Demokratik Hərəkatı dünyanın müxtəlif ölkələrinin demokratik siyasi qurumlarının rəhbərlərini özündə birləşdirir.

Xəbər lenti

Xəbər lenti