Azərbaycan cəmiyyətində dialoq müxalifət üçün bir vasitəyə çevrilib. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.
M.Qurbanlı qeyd edib ki, Azərbaycan cəmiyyətində dialoq mühiti var, milli birlik və milli həmrəylik mövcuddur: "Cəmiyyətdə dialoqun göstəricisi prezident İlham Əliyevin yürütdüyü siyasət, onun xalqla təmasda olması, mətbuatla mütəmadi əlaqələr saxlaması, cari məsələlərlə bağlı öz fikrini çatdırması, ümumiyyətlə, cəmiyyətdə əlverişli ictimai-siyasi mühitin olmasıdır. Sadəcə olaraq cəmiyyətdəki bu birlikdən özünü kənarda saxlayan azlıq var. Bu azlıq belə bir fikri daim dövriyyədə saxlamaq istəyir ki, guya onların kənarda qalması cəmiyyətdəki birliyə xələl gətirir. Bu, belə deyil".
YAP rəsmisi qeyd edib ki, cəmiyyətdə siyasi qüvvələr arasındakı dialoqun davamlı olması iqtidar tərəfindən dəstəklənir və istənilən siyasi qüvvə ilə dialoqa hazırdır: "Əgər radikal müxalifət onlarla bir masa arxasında əyləşməyi dialoq hesab edirsə biz buna da hazırıq. Ancaq hesab edirəm ki, dialoq adı altında siyasi alver edən radikallaşmış dairələr var".