...

İlham Əliyev: Azərbaycanın səbri tükənməz deyil

Siyasət Materials 23 İyun 2006 14:49 (UTC +04:00)

"Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi ölkənin bir nömrəli problemidir. Təəssüflər olsun ki, bu sahədə heç bir irəliləyiş yoxdur. Danışıqlar gedir, ancaq heç bir səmərə yoxdur. Çünki biz nəticəyə gələ bilmirik". Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 23-də Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev adına Ali Hərbi Məktəbdəki buraxılışda çıxışı zamanı bəyan edib.

"Azərbaycanın mövqeyi hər zaman çox konstruktiv olub. 10 ildən artıqdır ki, biz danışıqlar prosesinə sadiqik və bu, bizim konstruktivliyimizin daha bir sübutudur",- deyə dövlət başçısı bildirib. Onun sözlərinə görə, Azərbaycan heç nəyə baxmayaraq danışıqlar prosesinin imkanlarından sonadək istifadə etməyə çalışır. "Ancaq təəssüflər olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi bu münaqişənin həllinə nail olmağa imkan vermir",- deyə prezident qeyd edib.

İlham Əliyev xatırladıb ki, BMT Qarabağ münaqişəsinə dair 4 qətnamə qəbul edib. Bu qətnamələrdə qeyd olunur ki, Azərbaycan torpaqları qeyd-şərtsiz azad edilməlidir. Bundan başqa Avropa Şurası, İslam Konfransı Təşkilatı, ECO, GUAM kimi beynəlxalq təşkilatların da qərarları var. Ancaq Ermənistan bu qərarları yerinə yetirmir.

"Biz artıq beynəlxalq tənzimləmə mexanizmlərinə ümidsizliklə yanaşırıq. Biz bu vəziyyətlə barışa bilmərik. Biz torpaqlarımızın itirilməsi ilə heç zaman barışmayacaq, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına yol verməyəcəyik və bu, danışıqların mövzusu deyil. Danışıqların mövzusu yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası və regionda yaşayan bütün xalqların təhlükəsizliyinin təmin olunması ola bilər. Bundan kənarda heç bir razılaşma mümkuün deyil", - deyə prezident bildirib.

"Biz Dağlıq Qarabağ məsələsinin həllində beynəlxalq təşkilatların səylərini və qərarlarını, ATƏT-in Minsk Qrupunun fəaliyyətini yüksək qiymətləndiririk. Bu təşkilatlar həqiqətən də məsələnin həllinə çalışır. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi bunu etməyə imkan vermir. Bu halda Azərbaycan öz siyasətində bir sıra dəyişikliklər etməlidir", - deyə İ.Əliyev vurğulayıb.

"Nə vaxtacan biz danışıqlarda iştirak edəcəyik? Nə vaxtacan biz gözləyəcəyik? Bizim səbrimiz tükənməz deyil. Bu gün Azərbaycan sürətlə inkişaf edən ölkədir. Ermənistan nə iqtisadi,nə siyasi, nə də hərbi cəhətdən bizimlə rəqabət apara bilməz. Qoy Ermənistanda fikirləşsinlər ki, 1, 3, 5 ildən sonra Azərbaycan harada olacaq, Ermənistan harada. Ermənistanın inkişaf etmək üçün heç bir imkanı yoxdur. Onlar bütün beynəlxalq və regional layihələrdən təcrid olunub. Onların iqtisadi artım imkanları çox məhduddur. Əhalinin təxminən yarısı ölkəni tərk edib. Bizdə olan məlumatlara görə, onlar hətta təmas xəttini qorumaqda çətinlik çəkir. Çünki canlı qüvvə yoxdur",- deyə prezident bəyan edib.

"Azərbaycanın qarşısında Dağlıq Qarabağdan başqa heç bir problemi yoxdur. Buna görə də bütün zəruri vəsaitlər ordunun formalaşmasına yönəldilməlidir", - deyə İ.Əliyev qeyd edib. Azərbaycan müharibə şəraitində yaşayır və bu halda ordunun formalaşmasına böyük diqqət ayrılmalıdır. Hazırda ordunun formalaşmasına böyük əhəmiyyət verilir. "Biz ordunun möhkəmləndirilməsi üzrə bütün istiqamətlərdə işləyirik. Dövlət büdcəsindən ordunun formalaşması üçün ayrılan vəsaitin həcmini artırmaq lazımdır və biz bunu edirik. Son 3 ildə bizim hərbi xərclərimiz 4 dəfə artıb. 2003-cü ildə bu xərclər 135 mln. dollar təşkil edib. 2006-cı ildə isə bu göstərici 700 mln. dollara bərabərdir. Gələcək planlarımızda daha çox artım nəzərdə tutulub", - deyə dövlət başçısı bildirib.

Prezident vurğulayıb ki, ölkənin büdcəsi hər il artır və bununla yanaşı ordunun maliyyələşdirilməsi də artacaq.

Xəbər lenti

Xəbər lenti