Qarabağ müharibəsi veteranı Şahin Qurbanov Dağlıq Qarabağ probleminin İslam dünyasında təbliği ilə bağlı "Heydər Əliyev, İslam Dünyası və Qarabağ" marafonu adı altında bir sıra müsəlman ölkəsini piyada fəth edəcək. Trend xəbər verir ki, veteran İran, Türkiyə, Suriya, İordaniya və Səudiyyə Ərəbistanını piyada keçməklə Məkkəyə gedəcək.
Marafonun kordinatoru Musa Bəxtiyarovun verdiyi məlumata görə artıq nəzərdə tutulan tədbirlə bağlı rəsmi strukturlardan icazə alınıb: "Marafon "Heydər Əliyev, İslam Dünyası və Qarabağ" adlanır. Marafon ümumilli liderimiz Heydər Əliyevin məzarını ziyarətlə start götürəcək. Sonra keçmiş döyüşçülər Şəhidlər Xiyabanında olacaqlar. Bunun ardınca Şahin Qurbanov yola çıxacaq".
M. Bəxtiyarovun sözlərinə görə, burada əsas məqsəd Qarabağ problemi ilə bağlı islam dünyasını geniş məlumatlandırmaqdır. Məsələ ilə bağlı Xarici İşlər Nazirlyinin adları çəkilən ölkələrin Azərbaycandakı səfirliklərinə məlumat verdiyni deyən M. Bəxtiyarov onu da bildirib ki, marafon iştirakçısı getdiyi bölgələrdə ciddi təbliğat işi ilə məşğul olacaq. Yol boyu gördüyü adamlara Qarabağla bağlı broşuralar, fotoşəkillər, videokasetlər paylayacaq. Bundan başqa əhalinin çox olduğu yerlərdə mətbuat konfransları keçirəcək.
Marafon başa çatana qədər Şahin Qurbanovun Azərbaycan bayrağını başı üzərində dalğalandıracağını qeyd edən M. Bəxtiyarov tədbirin sonunda həmin bayrağın Heydər Əliyevin məzarı yanında yerə sancılacağını bildirib. M. Bəxtiyarov marafon başa çatdıqdan sonra eyni məqsədlə keçmiş döyüşçünün Avropa ölkələrini piyada fəth edəcəyini deyib.
Onu da bildirək ki, tədbirin təşkilatçısı Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyidir.