...

Azərbaycanın iqtisadi inkişaf naziri: Dolların məzənnəsinin 4000 manata qədər enməsi mümkünsüzdür

Siyasət Materials 30 İyun 2006 14:40 (UTC +04:00)
Azərbaycanın iqtisadi inkişaf naziri: Dolların məzənnəsinin 4000 manata qədər enməsi mümkünsüzdür

Trend agentliyinin Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevlə eksklüziv müsahibəsi

- Azərbaycan hökuməti böyük həcmdə neft gəlirləri gözləyir ki, bu da həmin amilin ölkədəki iqtisadi proseslərə təsiri haqqında düşünməyə məcbur edir. Bu, xüsusilə də, inflyasiyanın artım sürətinə təsir edə bilər. İlin sonuna qədər inflyasiya artımı sürətini necə proqnozlaşdırırsınız və istehlak mallarının qiymətləri yüksək səviyyədə qaldığı halda inflyasiya göstəricisinin aşağı olduğunu nəzərə alsaq, Dövlət Statistika Komitəsinin hesablamaları nə dərəcədə realdır?

- Biz daima inflyasiyanın hesablanma mexanizminə düzəlişlər edirik, çünki bu vəziyyətin son dərəcədə aydın olmasını istəyirik. Vəziyyət tam aydın olmadan səbəbləri müəyyənləşdirmək və yüksək səviyyəli inflyasiya ilə konkret mübarizə aparmaq mümkünsüzdür. İnflyasiya özü özlüyündə təhlükəli hal deyil, lakin o idarə olunmalıdır. Bizim üçün bunun çox böyük əhəmiyyəti var. Birincisi, biz sosial yönümlü siyasət yürüdürük, əmək haqlarını artırırıq və əgər inflyasiya bu gəlirlərə təsir edərsə, bizim əməyimiz heç olacaq. Buna görə biz inflyasiyanı birrəqəmli səviyyədə saxlamağa çalışırıq.
Mən hesab edirəm ki, biz bu il də inflyasiyanı birrəqəmli səviyydə saxlamağa müvəffəq olacağıq. Bu göstərici 9,8% deyil, 10,1% olduqda qorxmaq lazım deyil, istənilən halda bunun qarşısını almağa çalışmaq gərəkdir.
İlk aylarda inflyasiya 5% səviyyəsində müşahidə olunur. Həm bizim, həm də beynəlxalq təşkilatların Dövlət Statistika Komitəsinin hesablama üsulu ilə bağlı iradlarımız var, lakin digər tərəfdən hesablama qaydası beynəlxalq tövsiyələrə uyğun hazırlanıb. Həm də unutmaq lazım deyil ki, istehlak qiymətləri mövsümdən asılı olaraq artır və enir.

- Sizcə, ölkə prezidentinin antiinflyasiya sərəncamı ilə yanaşı əlavə tədbirlərə ehtiyac varmı?

- Nazirlər Kabinetinin ölkədəki pül kütləsi və gizli subsidiyalaşdırma masələsinə həsr olunmuş iclasında yeni bir sənədin lazım olması haqqında xüsusi bir qərar qəbul edilməyib. Bu, bizim gündəlik işimizdir. Prezident öz sərəncamı ilə antiinflyasiya tədbirlərini müəyyənləşdirib ki, bunların arasında pul kütləsinin qiymətli kağızlar vasitəsilə sterilləşdirilməsi, bəzi qurumların işinin səmərəliyinin təmin edilməsi və sair məsələlər var.
Bu iclasda biz hamımız özümüz üçün müəyyənləşdirdik ki, ölkədə pül kütləsi çatışmır. Baş nazir bəyan edib ki, biz süni yolla pul kütləsini saxlamayacağıq. Bunun üçün kommunal ödənişlərin yığımından başlayaraq həlli vacib olan bir çox məsələlər vardır. Pulun elektrik enerjisindən istifadəyə və suyun çatdırılmasına xərclənməsi də bir növ sterilləşdirilmədir. Bununla əlaqədar olaraq kommunal ödənişləri və dövlət büdcəsinin bəzi xərclərini milli valyutaya konvertasiya etmədən birbaşa həyata keçirmək nəzərdə tutulur ki, bu da inflyasiyanın yüklənməsini aradan qaldıracaq. Bunun üçün mexanizm hazırlanacaq.

- Hökumətin növbəti illərdə subsidiyalaşdırmaya dair mövqeyi necədir?

- İlk növbədə, yığımı artırmaq lazımdır və gələn il üçün qaz, elektrik enerjisi və suya görə ödənişlərin 100%-lik yığımına nail olmaq vəzifəsi qoyulub. 2006-ci ilin sonuna qədər bütün abunəçilər üçün sayqac quraşdırmaq və 100%-lik yığıma nail olmaq istiqamətində tədbirlər görmək vəzifəsi qoyulub.

- İqtisadi inkişaf naziri kimi inflyasiyanı birrəqəmli səviyyədə saxlamaq məqsədilə Milli bankın milli valyutanı möhkəmləndirmək siyasətini necə qiymətləndirirsiniz, dolların məzənnəsinin 4000 manata qədər enməsi iləbağlı ekspertlərin proqnozları nə dərəcədə mümkündür?

- Bu təbii prosesdir. Böyük neft gəlirlərinə malik istənilən neft çıxaran ölkədə milli valyuta həmişə möhkəmlənir. Bizim nəzərdən keçirdiyimiz bütün tədbirlər manatın möhkəmlənməsi prosesinin cüzi olaraq qarşısını alacaq. Dolların məzənnəsi təbii yolla aşağı düşəcək, halbuki hazırda bu proses çox gərgin inkişaf edir. Bundan əlavə, manatın möhkəmlənməsi inflyasiyanın qarşısını alan yeganə yol olmamalıdır və buna görə başqa yollar təklif olunur. Onların arasında qiymətli dövlət kağızları bazarının genişləndirilməsi və kommunal ödənişlərin yığılmasının təmin edilməsi var. Yığımın aşağı olması da inflyasiya prosesinə təzyiq göstərir.
Mən dolların məzənnəsinin 4000 manata qədər enməsini mümkün hesab etmirəm.

"Russkiy alüminiy" şirkətinin geniş tərkibli missiyası Bakıda olub. "RusAl" ekspertlərinin Azərbaycana növbəti səfəri nə zaman baş tutacaq?

- Bu günlərdə "RusAl" missiyası Bakıda olub. Geniş tərkibli missiyanın səfəri isə iyulun ikinci yarısında və ya avqustda gözlənilir. Biz əməkdaşlığın əsasları, sərmayə qoyuluşunun şərtləri, yeni alüminium zavoduna qazın satış mənbəyi, tədarük olunan elektrik enerjisinin dəyəri barədə razılaşmalıyıq. Bundan başqa zavodun tikiləcəyi yeri müəyyən etmək, "Azəralüminium"un gələcəkdə də həmin zavoda giltorpaq tədarük edib-etməyəcəyini aydınlaşdırmaq lazımdır.
Bu gün Gəncə giltorpaq müəssisəsində istehsal olunan giltorpağın 70%-ni "RusAl" alır. Bununla əlaqədar olaraq bu şirkətə hər şeyi vermək məntiqəuyğundur. Ancaq hansı qiymətə? Bunun üçün müqavilələr bağlamaq lazımdır. "RusAl" isə hər il müqavilə bağlamaq istəmir. Şirkətin Azərbaycanda $1 mlrd dəyərində zavod tikmək niyyətini nəzərə alsaq, bu məntiqəuyğun deyil. Şirkət 10 illik müqavilə bağlanmasını təklif edir.

- Məhz "Azəralüminium" SC-nin müəssisələrində istehsal olunan gil torpağın yeni alüminim zavodunda istifadə olunacağını nəzərə alsaq, bu zavodu SC-nin bazasında tikmək olardımı?

- Bu, çətin sualdır. "Azəralüminium"un idarə olunmasına dair Hollandiyanın Fondel Metall şirkəti ilə bağlanmış müqavilənin pozulmasına baxmayaraq, şirkətlə bu müqavilə üzrə bir çox məsələlərin həlli qalıb. Əgər sabah Fondel Metall-ın məhkəməyə müraciət edərək qoyduğu sərmayələrin geri qaytarılmasını tələb edərsə, SC-ni yeni sahibin idarəçiliyinə necə vermək olar?

- Zəhmət olmasa, Azərbaycanda azad iqtisadi zonanın yaradılması prosesindən və bu istiqamətdə yardım edəcək şirkətlərlə aparılan danışıqlardan danışardınız...

- Biz məsləhət şirkəti ilə razılaşırıq və 3 təklifi nəzərdən keçiririk. Bir şirkət ticarət azad iqtisadi zona, 2-ci - sənaye, 3-cü isə maliyyə sahəsində yaxşı ixtisaslaşıb. Bizə isə məsləhətçinin AİZ-in yaradılması planlarının həyata keçirilməsində yardım göstərəcək qədər universal olması lazımdır.

Xəbər lenti

Xəbər lenti