...

Qazaxıstanın BTC-yə qoşulması iki ölkə arasında etibarlı tərəfdaşlığın parlaq misalıdır

Siyasət Materials 10 İyul 2006 15:51 (UTC +04:00)

Trend in xüsusi müxbirinin Azərbaycanın Qazaxıstandakı Fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilovla eksklüziv müsahibəsi

- Cənab səfir, siz iki respublika arasındakı əməkdaşlığın hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Bütövlükdə, bizim əməkdaşlığımız yaxşı inkişaf edir. Nə siyasi, nə də iqtisadi məsələlərdə ölkələrimiz arasında heç bir problem yoxdur. Əksər məsələlər üzrə tam qarşılıqlı anlaşma mövcuddur. Lakin iqtisadiyyat sahəsində potensial imkanlardan tam şəkildə istifadə olunmur.

İki ölkənin hökümətləri tərəfindən iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün yaxşı baza yaradılıb. Və bizim əməkdaşlığımız getdikcə inteqrasiyaya doğru gedir. Ölkələr bir layihədə iştirak etdikdə bu, əməkdaşlıq, bir neçə layihədə iştirak etdikdə isə inteqrasiya adlanır.

- Söhbət hansı layihələrdən gedir?

- İlk növbədə, ölkələrimiz "Böyük İpək yolu"nun bərpası üzrə TRACECA layihəsində iştirak edir. Yeri gəlmişkən, bu, Avropa qurumları tərəfindən dəstəklənir. Azərbaycan və Qazaxıstan - Avropa və Asiya arasında həm təbii körpü, həm də ən qısa yoldur. Lakin bu imkanlardan tam surətdə istifadə olunmur. Cari ilin beş ayı ərzində ölkələrimiz arasında yük daşımalarının ümumi həcmi 5 milyon ton təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə artım 4% olub. Mövcud tariflərin və yığımların azalması ilə daşımaların həcmini iki dəfə artırmaq olardı və bu, hər iki ölkənin xeyrinə olardı. Hesab edirəm ki, bizim yük dövriyyəsindən əldə etdiklərimiz, yüksək tariflərdən əldə etdiyimizdən daha çox ola bilərdi.

İkinci layihə - Bakı-Tbilisi-Ceyhan layihəsidir. Qazaxıstanın BTC-yə qoşulması haqqında müqavilə bu ilin iyun ayında Alma-Atada keçirilən AQFETM -in ikinci sammiti zamanı iki ölkə başçısı tərəfindən imzalanıb.

Hazırda Azərbaycan vasitəsilə təxminən 3,5 milyon ton neft nəql olunur, yaxın gələcəkdə bu göstərici 7 milyon tona çatacaq, 2008-ci ildə isə 20 milyon ton təşkil edəcək.

- Sizin fikrinizcə, Qazaxıstanın bu layihəyə qoşulması ölkəyə nə verəcək?

-Qazaxıstanın BTC-yə qoşulması ölkələrimiz arasında etibarlı tərəfdaşlığın parlaq misalıdır. Bu, tarixi əhəmiyyət kəsb edir və xalqlarımızın maraqlarına xidmət edəcək, həmçinin beynəlxalq arenada mövqelərimizin möhkəmlənməsində mühüm rol oynayacaq. İndi biz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında birgə iştirak edəcəyik. Prezidentlərimizin müdrik siyasəti sayəsində, Azərbaycan və Qazaxıstan öz imkanlarını iqtisadi üstünlüyə çevirə bildilər. Bir çox ölkələr zəngin ehtiyatlara malikdir, lakin onları reallaşdıra bilmir.

Həmçinin mən düşünürəm ki, yaxın gələcəkdə Azərbaycan və Qazaxıstan Transxəzər layihəsində də iştirak edəcək. Bizdə xeyli qaz ehtiyatı var və biz Transxəzər boru kəməri ilə öz qazımızı Avropraya göndərə bilsək, bu, çox düzgün olar. Həm də Avropa üçün enerji resurslarının sabit tədarükü enerji təhlükəsizliyinin mühüm məsələlərindən biridir.

Ona görə də, mənim fikrimcə, BTC-yə yeni layihələrin yekunu kimi yox, başlanğıcı kimi baxmaq lazımdır. Bu il Cənubi Qafqaz qaz kəmərinin tikintisi başa çatmalıdır və düşünürəm ki, Qazaxıstan da bu kəmərə qoşulacaq. Boru kəmərinin dənizin dibi ilə çəkilişinə dair artıq bir misal var. Bu, "Mavi axın" qaz kəmərinin Qara dənizin dibi ilə çəkilməsidir.

-Neft-qaz layihələrindən başqa, daha hansı layihələr nəzərdə tutulur?

- Bakıda taxıl terminalının tikintisi nəzərdə tutulur. Bu, hər iki ölkənin nəinki yalnız enerji, həm də ərzaq təhlükəsizliyi üzrə layihələrdə iştirak etməsinin daha bir nümunəsidir.

Qazaxıstan baş nazirinin cari ilin may ayında Azərbaycana səfəri zamanı Aktauda meyvə-tərəvəz terminalının tikintisi barədə də razılıq əldə olunub. Hazırda layihənin harada və nə vaxt həyata keçiriləcəyi barədə müzakirələr gedir və tikinti tezliklə başlanmalıdır.

Bundan başqa, Qazaxıstan tərəfi Xəzər dənizindən optik-lif rabitə xəttinin çəkilişinə maraq göstərir. Artıq müvafiq qurumlar arasında danışıqlar aparılır.

Göründüyü kimi, Azərbaycan və Qazaxıstan sadə əməkdaşlıqdan inteqrasiyaya doğru gedirlər. Belə də olmalıdır, axı biz qonşuyuq. Xəzər dənizi isə bizi ayırmır, əksinə birləşdirir. Biz - yaxın xalqlarıq, eyni dilə və eyni tarixə malikik.

Halbuki etiraf etmək lazımdır ki, bizim mədəniyyət sahəsindəki əməkdaşlığımız iqtisadi əməkdaşlığımızın səviyyəsindən geridə qalar. Lakin, düşünürəm ki, gələcəkdə bu boşluq aradan qalxacaq. Biz Qazaxıstanın mədəniyyət naziri ilə danışıqlar aparmışıq. Artıq hər iki ölkənin Mədəniyyət Nazirlikləri arasında danışıqlar baş tutub. Mədəni əməkdaşlıq layihəsi hazırlanıb. Hazırda Qazaxıstanda Azərbaycan və Azərbaycanda Qazaxıstan günlərinin keçirilmə layihəsinin müzakirəsi aparılır.

-Sizin fikrinizcə, neft və mədəniyyət sahəsində əməkdaşlıqdan başqa, daha hansı sahədə əməkdaşlığı genişləndirmək olar?

- Elm və təhsil, kənd təsərrüfatı məhsullarının emalı sahəsindəki potensial daha perspektiv görünür. Qazaxıstanın qərbi və şimal-qərbində meyvə və tərəvəz çatışmazlığı var. Və mən düşünürəm ki, Azərbaycan emal sənayesi və konserv məhsulu sənayesində iştirak edə bilərdi.

Elm və təhsil sahəsində böyük potensial var. Qazaxıstan dənizdəki yataqları fəal surətdə mənimsəyir. Ona mütəxəssislər lazımdır. Azərbaycan bu sahədə zəngin təcrübəyə malikdir. Bizdə Neft Akademiyası var, Səngəçal terminalında isə müasir tədris mərkəzləri mövcuddur. Və biz ixtisaslı kadrların hazırlığında yardım göstərə bilərik.

Bundan başqa, Azərbaycan neft maşınqayırması sahəsində də əməkdaşlıq edə bilər. Respublikada bu profilli müəssisələrdən tam şəkildə istifadə olunmur və burada Qazaxıstan sərmayələrinin qoyuluşu üçün imkan var. Xəzərin Qazaxıstan sektorunun mənimsənilməsi ilə əlaqədar, məsələn, neft platformalarında xüsusi avadanlıqlara tələbat artacaq. Azərbaycanda dərin özüllərin tikintisi üzrə zavod var. Bu zavodda dünya standartlarına uyğun üzən qurğular istehsal olunur. Onlar xarici analoqlarına nisbətən xeyli ucuzdur. Və ona görə də Azərbaycan Qazaxıstandan sifariş qəbul edə bilər.

Xəbər lenti

Xəbər lenti