Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Ceyms Morrisin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend XİN-in yaydığı məlumata istinadən xəbər verir.
E.Məmmədyarov deyib ki, ÜƏP BMT çərçivəsində fəaliyyət göstərən vacib təşkilatdır.
Qonaq nazirə mehriban qəbula görə təşəkkür edərək, məcburi köçkünlərin yaşayış şəraitilə tanış olmaq məqsədilə Sabirabad, İmişli və Biləsuvar rayonlarına etdiyi səfərlər barədə ətraflı danışıb.
D.Morris rəhbərlik etdiyi proqramın fəaliyyəti haqqında məlumat verib. O deyib ki, proqram təbii fəlakət və münaqişələrdən zərər çəkmiş adamlara, xüsusilə, Somali, Keniya, Zimbabve əhaliəsinə ərzaq yardımı göstərir.
D.Morris qeyd edib ki, son zamanlar proqram Livanda baş verən hadisələr nəticəsində qaçqına çevrilmiş insanlara yardım göstərir. Eyni zamanda proqram uşaqlar üçün zənginləşdirilmiş qida paylayır.
Dağlıq Qarabağ münaqişəsindən danışan E.Məmmədyarov qonağa bildirib ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20%-nin işğalı nəticəsində 1 mln-dan çox azərbaycanlı qaçqın və məcburi köçkün olub. O vurğulayıb ki, bu problem Azərbaycan xalqı üçün ən ağrılı məsələdir. Nazir əlavə edib ki, bu münaqişənin Azərbaycan Konstitusiyası və beynəlxalq hüquq norma və prinsiplərinə uyğun şəkildə nizamlanması üçün beynəlxalq ictimayyətinin köməyinə ehtiyac var.
E.Məmmədyarov son zamanlar Azərbaycanda müşahidə olunan iqtisadi artım göstəricilərini misal çəkərək deyib ki, regionlarda həyata keçirilən irimiqyaslı iqtisadi layihələr ölkə iqtisadiyyatına müsbət təsir göstərir. Eyni zamanda nazir qonağın diqqətinə çatdırıb ki, hökumət Livan qaçqınlarına yardım haqqında qərar qəbul edib. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.