Böyük Quruluş Partiyasının (BQP) sədri adından Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinə məktub ünvanlanıb. Bu barədə Trend ə BQP Ali Məclisinin sədri Əjdər Əliyev bildirib.
Ə.Əliyev bildirib ki, məktubun göndərilməsi oktyabrın 6-da keçiriləcək təkrar bələdiyyə seçkilərində partiya üzvlərinin qeydiyyatı ilə bağlıdır: "MSK-dan aldığımız məlumatda partiya üzvlərindən 15-nin namizədliyinin qeydiyyata alındığı bildirilib. Ancaq biz bilmirik ki, həmin namizədlər hansı seçki dairələrində qeydiyyata alınıblar. Çünki elə üzvlərimiz var ki, namizədliklərini əlaqə yarada bilmədiyimiz ünvanlardan veriblər".
BQP rəsmisi onu da vurğulayıb ki, 100-ə yaxın partiya üzvü bələdiyyə seçkilərində iştirak etməklə bağlı namizədliyini verib. Ə.Əliyev bildirib ki, seçki təbliğatına xərclənəcək maliyyə namizədlərin öz üzərinə düşəcək: "Biz o qədər də varlı partiya deyilik. İmkan daxilində namizədlərimizə maliyyə yardlımı edəcəyik. Ancaq bu məsələdə böyük yük onların üzərinə düşəcək".
Ə.Əliyev BQP-nin bələdiyyə seçkilərində digər partiyalarla birgə əməkdaşlıq edəcəyini də mümkün sayıb. Bu məsələnin partiyanın rəhbər orqanlarında müzakirə olunacağını bildirib.