...

İlham Əliyev: Azərbaycanın xarici siyasəti uğurla həyata keçirilir

Siyasət Materials 14 Avqust 2006 17:00 (UTC +04:00)

Son 2 ildə Azərbaycanın xarici siyasəti uğurla davam etdirilir. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, prezident İlham Əliyev avqustun 14-da Bakıda Azərbaycanın xaricdəki diplomatik missiya rəhbərlərinin müşavirəsində bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan ikitərəfli formatda və beynəlxalq təşkilatlarda öz mövqeyini daha böyük inamla müdafiə edir. "Deyə bilərəm ki, son 2 ildə Azərbaycanın regionda və dünyada mövqeyi əsaslı şəkildə güclənib. Bizim bütün ölkələrlə ikitərəfli münasibətlərimiz müsbət əsasda, qarşılıqlı hörmət və etibar üzərində qurulur" -deyə dövlət başçısı vurğulayıb. Dövlət başçısı deyib ki, son 2,5 il ərzində BMT Təhlükəsizlik Şurasının üzv dövlətlərinə səfərlər ediib.

"Bu özü özlüyündə əla göstəricidir. Azərbaycan əhalisinin sayına və ərazisinin həcminə görə kiçik dövlətdir. Dünyanın aparıcı dövlətlərilə məhsuldar münasibətləri bir tərəfdən Azərbaycanın vacibliyindən, digər tərəfdən isə ölkənin uğurlu beynəlxalq siyasətindən xəbər verir" - deyə o əlavə edib. İ.Əliyev bir daha bəyan edib ki, Azərbaycanın digər ölkələrlə əlaqələri uğurla inkişaf etdirilir və gələcəkdə də belə olacaq.

Prezident deyib ki, Azərbaycanda görülən işlər regionda gedən proseslərə vacib təsir göstərir. "Qonşu ölkələrlə sağlam münasibətlərin saxlanılması və möhkəmləndirilməsi mövqeyimizi gücləndirir və Azərbaycanın regiondakı rolunu artırır. Bir daha demək istəyirəm ki, bu əlaqələr müsbət əsasda qurulub və bizim milli maraqlarımıza cavab verir. Qonşu ölkələrlə əlaqələr gələcəkdə də prioritet məsələ olmalı, siyasət, iqtisadiyyat və mədəniyyət sahəsindəki münasibətlər inkişaf etdirilməlidir" - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti