...

Azərbaycan öz qanunvericiliyini AB-nin energetika sahəsindəki direktivlərinə uyğunlaşdırmağa hazır olduğunu bildirib

Siyasət Materials 2 Sentyabr 2006 11:37 (UTC +04:00)
Azərbaycan öz qanunvericiliyini AB-nin energetika sahəsindəki direktivlərinə uyğunlaşdırmağa hazır olduğunu bildirib

Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində milli fəaliyyət planına daxil edilmiş energetika memorandumunun Avropa komissiyası ilə müzakirə edilməsi üçün iqtisadi inkişaf naziri Heydər Babayevin başçılıq etdiyi hökümət nümayəndə heyətinin Brüssel səfəri başa çatıb.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin eksklüziv olaraq Trend ə verdiyi xəbərə görə, bu, sənədin bu cür yüksək səviyyədə ilk müzakirəsi olub. Səfər zamanı fikir mübadiləsi baş tutub, məsləhətləşmələr aparılıb, lakin memorandum üzərində iş davam etdiriləcək.

"Bizim nöqteyi-nəzərimizcə, sənəd əvvəlki variantından daha yaxşıdır. Lakin bu, yüksək səviyyədə ilk görüşdür, ona görə də iş davam etdiriləcək. Biz yalnız energetika sahəsində deyil, həm də digər - humanitar, iqtisadi sahələrdə strateji əməkdaşlıq etmək istədiyimizi bildirdik. Bizim təklifimizlə memoranduma bir bənd daxil edilib və orada qeyd olunub ki, tərəflər digər sahələrdə də strateji tərəfdaşlıq üzrə analoji sənədlərin yaradılması üzərində işləyəcəklər", - deyə nazir müavini qeyd edib.

Azərbaycan öz qanunvericiliyini AB-nin energetika sahəsindəki direktivlərinə uyğunlaşdırmağa hazır olduğunu bildirib və bu da energetika memorandumunda nəzərdə tutulub.

"Qanunvericiliyin beynəlxalq, o cümlədən Avropa standartlarına uyğunlaşdırılması Avropa Birliyinə inteqrasiya prosesində də ÜTT-nin tələblərindən biridir. Lakin biz bunu kor-koranə deyil, ölkədəki iqtisadi vəziyyətə əsaslanaraq edəcəyik.

Qanunvericiliyin uzun illər ərzində uyğunlaşdırılması nəzərdə tutulub və bu, tədricən baş verəcək. Azərbaycanın iqtisadi vəziyyətini və reallıqlarını nəzərə almaqla dəqiq iş görülməlidir, ona görə də bu işin üzərində ekspertlər çalışmalıdır", - deyə M.Məmmədquliyev qeyd edib.

Bu sənəd geniş miqyaslıdır və AB Azərbaycan ilə həm tranzit və hasilat ölkəsi kimi əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib və həm də neft və qaz nəqlindən başqa, energetika sahəsində, menecmentdə, elektrik enerjisinin bərpa olunan mənbələrinin inkişafında səmərəliliyin artırılması nəzərdə tutulub. M.Məmmədquliyev qeyd edib ki, ümumilikdə, energetikanın bütün istiqamətlərində hərtərəfli əməkdaşlıq nəzərdə tutulub.

Onun sözlərinə görə, sənəd memorandumun son razılaşmalarından sonra imzalana bilər. Növbəti görüşün nə vaxt keçiriləcəyi hələ müəyyən olunmayıb, çünki Azərbaycan tərəfinin təkliflərini nəzərə almaqla memorandumun yenilənmiş variantının öyrənilməsi üçün vaxt lazımdır.

Nümayəndə heyətinə iqtisadi inkişaf naziri Heydər Babayev, sənaye və energetika naziri Natiq Əliyev, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, energetika, ekologiya və təbii sərvətlər üzrə parlament komissiyasının başçısı Valeh Ələsgərov, Avropa Birliyinin Azərbaycana texniki yardım proqramının (Tacis) koordinasiya bürosunun icraçı direktoru Əsgər Ələkbərov daxil idi.

Xəbər lenti

Xəbər lenti