...

"Ukrayna Dağlıq Qarabağ məsələsi üzrə Azərbaycan tərəfinin təşəbbüsünü dəstəkləyir" - Prezident Viktor Yuşenkonun "Trend"ə eksklüziv müsahibəsi

Siyasət Materials 8 Sentyabr 2006 11:28 (UTC +04:00)
"Ukrayna Dağlıq Qarabağ məsələsi üzrə Azərbaycan tərəfinin təşəbbüsünü dəstəkləyir" - Prezident Viktor Yuşenkonun "Trend"ə eksklüziv müsahibəsi

Trend in Ukrayna prezidenti Viktor Yuşenko ilə eksklüziv müsahibəsi

- Siz ikitərəfli Azərbaycan-Ukrayna münasibətlərinin indiki səviyyəsini necə qiymətləndirirsiniz? Bu münasibətlər mövcud potensiala uyğundurmu?

- Azərbaycan Ukrayna üçün mühüm strateji tərəfdaşdır və biz bu ölkə ilə mövcud ikitərəfli münasibətləri dərinləşdirmək və təkmilləşdirmək fikrindəyik.

Ukrayna və Azərbaycan tərəfdaşlığının iqtisadi bazası ölkələrimizin qarşılıqlı maraqları, eləcə də əlverişli geostrateji mövqeyimizdir. Bu, öz növbəsində, qarşımızda birgə nəqliyyat dəhlizlərinin, ilk növbədə energetika dəhlizlərinin yaradılması perspektivlərini açır.

İkitərəfli əlaqələrin ötən il müşahidə olunan və bu il də davam edən yüksək intensivliyini xüsusilə qeyd etmək istərdim. GUAM dövlətləri başçılarının Kiyevdəki may sammiti zamanı dialoqumuz xüsusilə məhsuldar olub.

Ölkələrimizin ticari-iqtisadi münasibətlərində də fəallıq müşahidə olunur. Bu zaman biz Azərbaycan mallarının Ukraynaya idxal həcminin, həm də Ukrayna məhsullarının Azərbaycan bazarına ixrac həcminin artdığını görürük. Lakin bu göstəricilər dövlətlərimizin iqtisadi imkanlarının göstəricilərindən aşağıdır və əhəmiyyətli perspektivlərin olacağını təsdiq edir.

Qeyd etmək istərdim ki, Ukrayna və Azərbaycan əməkdaşlığının başlıca istiqaməti Xəzər neftinin Avropa istehlakçılarına nəql edilməsi üçün Bakı-Supsa-Odessa-Brodı-Plotsk istiqamətində yeni marşrutun yaradılmasıdır.

Bundan başqa, hazırda aviasiya sənayesi, nəqliyyat sahəsi, tikinti, kənd təsərrüfatu, xırda və orta biznes sahəsində qarşılıqlı mənfəət gətirəcək əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlər var. Həmçinin Azərbaycandan Ukraynaya yalnız neft və neft məhsullarının deyil, həm də neft sənayesi avadanlığının, kimya, neft-kimya məhsullarının ixracının genişləndirilməsi üçün də istifadə olunmamış imkanlar mövcuddur. Ukrayna, öz növbəsində, Azərbaycana ərzaq və farmakologiya, maşınqayırma sahəsi, qara və əlvan metallurgiya, aqrosənaye kompleksi məhsulları da tədarük edə bilər.

- Sizin Azərbaycana rəsmi səfəriniz zamanı hansı mühüm məsələlər müzakirə olunacaq?

- Sentyabrın 7-8-də baş tutacaq Azərbaycana səfərim zamanı həmkarım - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşüm planlaşdırılıb, həmçinin planda parlamentdə olmaq və hökümət üzvləri ilə görüşmək də var. İlham Əliyevlə ölkələrimizin ticari-iqtisadi sahədə əməkdaşlıq məsələləri və energetika təhlükəsizliyi sahəsində birgə layihələr müzakirə olunacaq. Şübhəsiz, ikitərəfli əməkdaşlığımızın ən aktual məsələsi Xəzər neftinin Bakı-Odessa-Brodı-Plotsk istiqamətində yeni nəqliyyat marşrutunun yaradılmasıdır.

- Siz MDB strukturunun fəaliyyət perspektivlərini necə qiymətləndirirsiniz? GUAM-ın gələcəyini necə görürsünüz?

- "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM"-ın böyük perspektivləri var. Bu təşkilatın qarşısında duran vəzifələr ambisiyalıdır. Fəaliyyəti ölkələrin iqtisadi inkişafına, bölgədə təhlükəsizliyin və sabitliyin təmin olunmasına, insanların əsas hüquq və azadlıqlarının üstünlüyünün möhkəmlənməsinə yönəldilmiş GUAM-ın demokratik dövlətlərin səmərəli təşkilatı qismində təsdiqi hazırkı mərhələnin prioritetidir. Biz digər beynəlxalq qurumların, o cümlədən ÜTT-nin müsbət təcrübəsinə uyğunlaşmalıyıq. Və əgər qarşıya qoyulmuş məqsədə çatsaq, o zaman əminəm ki, GUAM-ın yaxşı gələcəyi olacaq.

Dünya ictimaiyyətinin inkişaf tendensiyaları müxətlif ölkələrin iqtisadiyyatının maliyyə, mal, xidmət və s.-in yerini daha sərbəst dəyişməsinə çalışdığını sübut edir. Məhz buna görə ötən il və bu il əsas diqqət "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM" ölkələri arasında sərbəst ticarət zonasının yaradılması haqqında sazişin gerçəkləşdirilməsinə yönəldilib. Bu gün demək olar ki, təşkilat üzvü olan ölkələr tərəfindən müvafiq protokolun imzalanması, rəsmi olaraq, dörd ərazi - Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna çərçivəsində sərbəst ticarət zonası rejiminin işə başlanması deməkdir.

- Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirmi? Ölkəniz Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə hər hansı təşəbbüslə çıxış edə bilərmi?

- Ukrayna GUAM ölkələrinin, o cümlədən Azərbaycanın ərazisində münaqişələrin tənzimlənməsi məsələsinə böyük əhəmiyyət verir.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində münaqişəyə dair Ukraynanın mövqeyi, digər dövlətlərin daxili işlərinə müdaxilə etməmək şərti ilə, dəyişməz qalır: biz daim beynəlxalq hüquq, müstəqillik, ərazi bütövlüyü, dövlətlərin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş sərhədlərinin sarsılmazlığı və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının icrasının hamının qəbul etdiyi norma və prinsipləri əsasında tezliklə tənzimlənməsinin lehinə çıxış etmişik və çıxış edirik.

Ukrayna Azərbaycan tərəfinin bu məsələ üzrə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində müvafiq təşəbbüslərini dəstəkləyir. Biz bundan sonra da GUAM çərçivəsində əldə olunmuş razılaşmaları inkişaf etdirməklə, beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağ, həmçinin GUAM ölkələrinin ərazilərindəki digər "dondurulmuş münaqişələrin" nizama salınması üzrə səyləri fəallaşdırmağın zəruri olduğuna yönəltməklə Azərbaycan tərəfini dəstəkləməyə hazırıq.

Xəbər lenti

Xəbər lenti