...

Sənaye və energetika naziri: Avropa İttifaqı ilə enerji memorandumunun imzalanması Azərbaycanın regionda lider kimi tanınmasıdır

Siyasət Materials 12 Sentyabr 2006 10:20 (UTC +04:00)
Sənaye və energetika naziri: Avropa İttifaqı ilə enerji memorandumunun imzalanması Azərbaycanın regionda lider kimi tanınmasıdır

Trend in Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə eksklüziv müsahibəsi

- Sizin iştirakınızla Brüsseldə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında imzalanması nəzərdə tutulan "Enerji sahəsində strateji tərəfdaşlıq üzrə qarşılıqlı anlaşma haqqında" memorandum layihəsi müzakirə olunub. Bu memorandumun imzalanmasından sonra ölkəmiz nə əldə edəcək?

- Avropa İttifaqı və Azərbaycan hökumətinin nümayəndə heyətləri arasında görüş Aİ-nin enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandumun imzalanması təşəbbüsünə həsr olunmuşdu. Bu tədbir Aİ-nın qonşuları ilə birgə yürütdüyü siyasət çərçivəsində həyata keçirilir. Azərbaycan hökumətinə təqdim olunmuş Avropa Qonşuluq Siyasəti çərçivəsində Milli fəaliyyət planı mövcuddur və bu sənəd ölkəmizlə Aİ arasında əməkdaşlığın bütün sahələrini əhatə edir. "Milli fəaliyyət planı", yəqin ki, oktyabrda təsdiq olunmalıdır. Bundan başqa, Aİ Azərbaycanla energetika sahəsində razılaşma haqqında memorandum imzalamaq təşəbbüsü ilə çıxış edib ki, bu da ölkənin reytinqini əhəmiyyətli dərəcədə yüksəldəcək. Bu, fakiki olaraq, Azərbaycanın regionda lider, Aİ-nin bərabər hüquqlu tərəfdaşı kimi tanınmasıdır. Aİ Azərbaycanı Avropa ölkələrinə alternativ enerji tədarükü mənbəyi qismində nəzərdən keçirir. Ukraynanı nəzərə almasaq, Aİ ilk dəfədir ki, qonşu ölkə ilə bu cür memorandum imzalayır. Lakin Ukrayna tranzit bir ölkə kimi, Azərbaycan isə həm Avropa üçün karbohidrogen tədarükü üzrə bərabər hüquqlu və strateji tərəfdaş, həm də Xəzərin şərq hissəsindən Aİ-yə enerji resurslarını göndərməyə imkan yaradacaq etibarlı enerji nəqliyyatı dəhlizinin yaradılması üçün tranzit bir ölkə kimi nəzərdən keçirilir.
Avropa İttifaqı bunda çox maraqlıdır və Azərbaycanda neft və qaz hasilatı sahəsində həyata keçirilən layihələrə, nəqliyyat şəbəkəsinin inkişafına, onun regionda etibarlığının və təhlükəsizliyinin təmin olunmasına mümkün dəstəyi verməyə hazırdır. Aİ-nin təklif etdiyi memorandum bir neçə maddədən ibarətdir. Sənəddə dörd əməkdaşlıq sahəsi müəyyən olunub.
Birincisi, Azərbaycan və Aİ-nin enerji sahələrinin inteqrasiyasıdır. Hazırda Avropada tamamilə başqa direktivlər işləyir və birinci məsələ Azərbaycan qanunlarının Avropa İttifaqı qanunlarına uyğunlaşdırılmasıdır. Bu məsələ mürəkkəbdir. Aİ elektrik enerjisinin istehsalı və karbohidrogen hasilatı sahəsində tamamilə başqa qanunlar üzrə yaşayır. Bütün Avropa qanunlarını götürüb Azərbaycanda qəbul etmək, əlbəttə ki, sadəlövlük olardı. Bizdə iqtisadi inkişafda tamamilə başqa mühit, başqa yanaşmalar, başqa vəziyyət mövcuddur. Bu qanunlara mərhələli adaptasiya daha məqsədəuyğun olardı. Prinsipcə, əməkdaşlıq sahəsində birinci məqsəd Azərbaycan qanunlarının Avropa qanunlarına uyğunlaşdırmaqdır. Və bu işdə Aİ bizə öz yardımını təklif edir.
İkincisi, bütün enerji dəhlizlərimizin təhlili və onların təhlükəsizliyinin öyrənilməsidir. Qarşıda onların Avropa standartlarına nə dərəcədə uyğun olmasını müəyyən etmək, ixrac gücünün genişləndirilməsi imkanlarını öyrənmək, yeni enerji ehtiyatları mənbəyi əldə etmək uçun Qazaxıstanın və Türkmənistanın bu dəhlizlərə qoşulması ehtimalını nəzərdən keçirmək dayanır. Bütün bunlar ona görə edilir ki, enerji dəhlizləri Avropa bazarına elektrik enerjisi, qaz, neft məhsulları və neftin çatdırılması üçün əsas vasitə olsun. Həmçinin, Qara dəniz və Ukrayna vasitəsi ilə Polşaya və Avropanın digər ölkələrinə çıxış məsələsi nəzərdən keçirilə bilər. Bütün bunlar ehtiyatların, o cümlədən təbii qazın həcmindən asılı olacaq. Amma mən hesab edirəm ki, Azərbaycanın öz resursları bu cür qlobal layihələrin həyata keçirilməsi üçün kifayət deyil. Hələlik yeganə yataq "Şahdəniz"dir ki, onun da işlənilməsinin "Faza-1" mərhələsi çərçivəsində ildə 6 mlrd. kubmetr qaz, "Faza-2"də isə illik 20 mlrd. kubmetr yanacaq istehsal olunacaq. Türkiyə və Gürcüstan qarşısında götürdüyümüz öhdəlikləri və Azərbaycanın qaza artan tələbatını nəzərə alsaq, bu həcmlərlə böyük ixrac məsafələrinə çıxmamışdan öncə çox şeyi hesablamaq lazımdır. Bundan başqa, biz hələ bilmirik ki, "Azəri-Çiraq-Günəşli" dəniz yataqlarından səmt qazının işlənilməsi üzrə saziş necə inkişaf edəcək. Onun nə vaxt və kimlə imzalanacağı hələlik böyük bir sualdır. Bir qədər əvvəl ümid etdiyimiz digər perspektiv sahələr, məsələn, "Abşeron" və "Zəfər-Məşəl" nəticə çıxarmaq üçün önəmli məlumatlar vermədi.
Qlobal layihələri gerçəkləşdirmək üçün onlara Qazaxıstanın qoşulması lazımdır. Bununla bağlı Aİ tərəfindən bu gün vəziyyət araşdırılır, müəyyən danışıqlar aparılır. Hesab edilir ki, Qazaxıstan gələcəkdə ildə 100 mlrd. kubmetr qaz hasil edə bilər. Və əgər bu ölkə qaz hasilatı üzrə ehtiyatları ilə tikintisi barədə dəfələrlə danışılan Transxəzər qaz boru kəmərinə qoşularsa, onda nəticədə toplanmış Azərbaycan və Qazaxıstan qaz ehtiyatları Avropaya tədarük üçün kifayət edər.
Üçüncüsü, yanacaq-energetika kompleksinin idarə olunmasının təkmilləşdirilməsi üzrə Aİ ilə əməkdaşlıq sahəsidir. Qarşıda idarəçilik strukturunu, əsasən, Azərbaycan Dövlət Neft Şirkəti və "Azəriqaz" QSC-ni daha mükəmməl etmək məqsədi dayanır. Buraya tarifikasiya, enerji daşıyıcılarının daxili qiyməti məsələləri daxildir. Məsələlərin bir hissəsi elektrik enerjisi və qazın istehsalı və nəqli zamanı böyük itkilərin aradan qaldırılması ilə bağlıdır. Qiymətlərin dünya qiymətlərinə çatdırılmasına imkan verə biləcək mexanizm işlənib hazırlanmalıdır. Lakin Aİ yaxşı başa düşür ki, elə bir mexanizm hazırlanmalıdır ki, o, qiymətlərin Azərbaycan əhalisinin aztəminatlı təbəqəsinə təsirini kompensasiya etsin. Bu, bizim üçün çox vacib məsələdir və onlar bu işdə bizə yardım etməyə hazırdılar.
Dördüncüsü isə, Aİ ilə təcrübə, informasiya, idarəçilik metodlarının mübadiləsidir. Bu, bizim üçün faydalıdır. Azərbaycan enerji ehtiyatlarının bolluğu içində yaşamağa adət edib. Biz həmişə öz enerji ehtiyatlarımıza ağayana bir səxavətlə yanaşmışıq. Enerji resurslarını istehlak edən Avropa isə, əksinə, həmişə onun idarə olunması prinsiplərinin sərt yolu ilə gedib, ehtiyata qənaət edəcək yeni qaydaları axtarmaqla məşğul olub. Bizdə bu təcrübəyə ehtiyac var. Və qənaətli sərf təcrübəsini, idarəçilik metodlarını mənimsəmək Avropa İttifaqı ilə əməkdaşlıq üçün kifayət qədər perspektivli bir istiqamətdir.
Mahiyyətcə memorandum çərçivə sənədidir. Onun ardınca böyük sazişlər imzalanacaq. Biz memorandum layihəsini əsasən qanunlarımızın Avropa qanunlarına uyğunlaşdırılması baxımından öyrənmişik. Qarşıda böyük işlər dayanır. Azərbaycan öz yolunu - Avropa ictimaiyyətinə inteqrasiyanı seçib və ölkənin iqtisadiyyatının və qanunlarının Aİ standartlarına yaxınlaşdırılması üçün qızğın işlər həyata keçirir.

- Azərbaycan qanunları və iqtisadiyyatının Aİ standartlarına yaxınlaşması təqdirində avtomobil yanacağının keyfiyyət standartları ilə bağlı məsələ öz həllini necə tapacaq?

- Bir çox şeylər var ki, Azərbaycan üçün Aİ ilə sıx əməkdaşlıq baxımından məqbuldur və biz bir çox qanunları unifikasiya etməyə razıyıq, amma onu hansı mərhələdə etməyi bilmək vacibdir. Avropada avtomobil yanacaqlarının keyfiyyət standartları ilbəil sərtləşdirilir. Əgər biz Avropa standartlarını qəbul etsək, onda dərhal Bakı neft emalı zavodlarının yenidən qurulmasına başlamalıyıq. Bu da yeni qurğuların inşası üçün böyük həcmli sərmayələrin cəlbini tələb edir. Bunun üçün ən azı 3 il vaxt lazımdır. Bu müddət ərzində isə Avropada avtomobil yanacağının keyfiyyət standartları yenidən dəyişiləcək. Bakı neft emalı zavodlarının modernləşdirilməsi yüz millyonlarla kapital yatırımını tələb edir, digər tərəfdən, neft emalının həcmini artırmaqla, biz neft məhsullarının nəqli problemi ilə üzləşmiş olarıq. Bu gün Azərbaycan və Gürcüstanın - bizim neft məhsullarımızı qəbul edənlərin bazarını keyfiyyətli neftlə tam təmin etmək lazımdır. Əlbəttə, ətraf mühitin qorunmasını, neft emalı qurğularının dayanıqlığını təmin etmək məqsədilə az həcmdə neft emalı zavodlarını moldernləşdirmək gərəkdir.

- 2015-ci ilədək Azərbaycanın yanacaq-energetika kompleksinin inkişafı proqramında xüsusilə "Qarabağ" və "Əşrəfi" yataqlarının inkişaf etdirilməsi zərurəti göstərilib. Bu layihələrin gələcəyini necə görürsünüz və onların hansı formada işlənilməsi mümkündür?

- 1990-cı illərdə biz dilemma qarşısında idik: öz potensialımız kifayətdirmi, yoxsa xarici şirkətlərin cəlbinə ehtiyac var. Birinci növbədə maliyyə məsələsi bütün şübhələri alt-üst etdi. Biz, əlbəttə, öz ehtiyatlarımız hesabına bunu edə bilərdik, amma neft-qaz layihələrinə böyük kapital yatırımı üçün bizə lazım olan məbləği yığmaq üçün 10-20 il gözləmək lazım gələrdi. İndi vəziyyət dəyişib. Dünya bazarlarında neftin qiymətinin kəskin artımı ilə əlaqədar olaraq ARDNŞ-in öz daxili resursları əmələ gəlib. Yataqlarda kəşfiyyat işlərinin həcmi yüksəlib, istismar qazma işləri artıb. Qaz proqramı, "Neft Daşları" yatağının inkişaf konsepsiyası mövcuddur. Bütün bunlar neftin əlavə həcmləridir.
Vaxtilə xarici şirktələrə verilmiş, sonradan isə ARDNŞ-in aktivinə qaytarılmış yataqların özümüz tərəfindən işlənilməsi ideyası var. "Qarabağ" və "Əşrəfi" yataqlarının neftli-qazlı olması təsdiq olunub. Bu sahələrin inkişafı bir neçə prinsip üzrə həyata keçirilə bilər.

- yataqların Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən müstəqil işlənilməsi;

- ARDNŞ ilə xarici şirkətlər arasında PSA tipli müqavilənin yataqların neftli-qazlı olmasının təsdiq olunması ilə əlaqədar olaraq başqa şərtlər əsasında bağlanması;

- ARDNŞ yataqların operatoru olmaqla yanaşı, müəyyən növ işlər üzrə servis müqavilələri də bağlaya bilər.

Hesab edirəm ki, artıq PSA tipli müqaviləni bağlamaq mənasızdır. Azərbaycan neft strategiyasının gerçəkləşdirilməsinin ilkin mərhələlərində PSA yeganə düzgün yol idi ki, onun vasitəsi ilə də biz yataqların tez bir zamanda işlənilməsi üçün xarici şirkətlərlə əlaqələrimizi qururduq. Azərbaycan perspektiv strukturların işlənilməsi üzrə bütün iqtisadi və geoloji riskləri xarici şirkətlərin üzərinə qoyub. Bu gün bu risklər azalıb, belə ki, infrasturktur yaradılıb, yeni qazma qurğuları inşa edilib, dərin özüllər zavodu işə salınıb, boruların betonlaşdırılması üzrə zavod yaradılıb, gəmilər modernləşdirilib.
Əgər ARDNŞ müstəqil olaraq bu yataqların işlənilməsinə başlasa, onda şirkət bütün gəliri özü əldə edər və onu yatırılmış sərmayəyə görə investorla bölməz. Düşünürəm ki, ARDNŞ bu yataqların işlənilməsi üzrə operator olmalıdır, amma Dövlət Neft Şirkətinin yerinə yetirə bilmədiyi işləri həyata keçirmək üçün bu gün bazarda mövcud olan xarici şirkətləri cəlb etməklə. Məsələn, servis müqavilələri əsasında xarici şirkətlər ARDNŞ üçün horizontal meylli dərin quyular qaza bilər. Platformaların inşasını isə, məsələn, biz özümüz həyata keçirə bilərik.
Amma burada maliyyə mənbəyini müəyyən etmək vacibdir. İşləri öz vəsaitlərimiz və ya kreditlərin cəlbi hesabına aparmaq olar. İndi vəziyyət dəyişib və dünyanın bir çox nüfuzlu bankları ARDNŞ-ə sərfəli şərtlərlə kreditlər təklif edir.

- "Qarabağ" və "Əşrəfi" yataqlarının işlənilməsinə başlanmasından bu yataqlardan hasil edilmiş neftin birbaşa ixracınadək nə qədər vaxt tələb olunacaq?

- Gəlin, misal üçün, "Çiraq" dəniz yatağını götürək. "Azəri-Çiraq-Günəşli" üzrə müqavilə 1994-cü ildə imzalandı, 1997-ci ildə isə birinci neft çıxdı. Neftin əldə olunması üçün faktiki olaraq üç il keçdi, amma burada nəzərə almaq lazımdır ki, o dövrdə infrastruktur praktiki olaraq mövcud deyildi. İndi, mənə elə gəlir ki, üç ildən az bir vaxt tələb olunacaq. Artıq əldə olunmuş təcrübəni nəzərə alsaq, bütün işlər mütəşəkkil təşkil olunarsa, hesab edirəm ki, 2-2,5 il tam kifayət edər.

- Sizcə, bu gün Azərbaycanın sənaye müəssisələri nə dərəcədə fəal inkişaf edir və dövlət onlara nə ilə kömək edə bilər?

- Bü gün Azərbaycan üçün mühüm olanı prioritetləri müəyyən etməkdir. Hazırda ölkənin sənaye sektorunda, demək olar ki, dövlət müəssisəsi yoxdur. Onların, demək olar ki, hamısı səhmləşdirilib. Bu müəssisələrin inkişafı üçün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Dövlət İnvestisiya Şirkəti yaradılıb. Şirkət üçün vəsait ayrılıb, rəhbər təyin edilib, çox güman ki, tərkibində şura yaradılacaq ki, buraya da müəssisələrin mülkiyyət formasından asılı olmayaraq inkişafı və genişləndirilməsi layihələri təqdim olunacaq. Layihələr nəzərdən keçiriləcək və əgər onlar həyat qabiliyyətli olarsa, onda investisiya şirkəti tərəfindən onlara kreditlər ayrılacaq və ya dövlət müəyyən payla hər hansı bir müəssisənin inkişafında iştirak edəcək. Müəssisə dirçəldikdən sonra isə Dövlət İnvestisiya Şirkəti öz payını satmaqla onun tərkibindən çıxacaq.
"Azərkimya" DŞ-yə gəlincə, hesab edirəm ki, şirkət bu günkü yerli xammal hesabına inkişaf etməlidir. Hazırda "Azərkimya" xammal olmasa belə, yarımfabrikatlar buraxır. Güman edirəm ki, "Azərkimya" ətrafında kiçik müəssisələrin fəaliyyətini fəallaşdırmaq lazımdır. Bu müəssisələr DŞ-dən xammal alaraq, onu yüksək texnologiyalar əsasında qiymətli məhsula çevirə bilər. Hesab edirəm ki, dövlət öz üzərinə müəssisələrin yaradılması təşəbbüsünü götürməli, "Azərkimya" ətrafında kiçik müəssisələrin inşası hesabına kimya sahəsinin yüksək səviyyəyə çatdırılması üçün iri şirkətlərlə danışıqlar aparmalıdır. Müəyyən vaxtdan sonra dövlət müəssisələri əsasən özəlləşdiriləcək və buna getmək lazımdır. Bəzi qurumları dövlətsizləşdirmək və müəyyən istehsalçıları maraqlandırmaq məqsədi ilə onları daha kiçik müəssisələrə çevirmək lazımdır.
Biz bu gün sənaye sektorunun inkişafı baxımından bir çox müəssisələrlə, əsasən, Sumqayıt müəssisələri ilə əlaqələr qurmuşuq. Bu yaxınlarda Bakının bütün maşınqayırma zavodlarının və elektrotexnika müəssisələrinin nümayəndələrini toplamışdıq. Bu qəbildən müşavirələri Mingəçevir və Gəncədə də hazırlayırıq. Əvvəlki müşavirələrin yekunu olaraq deməliyəm ki, insanlar nazirliyə daha çox müraciət etməyə başlayıblar və biz birgə bir çox layihələri nəzərdən keçiririk. Mən Dövlət İnvestisiya Şirkətinə göndərməsi üçün respublika prezidentinə bir neçə təklif hazırlamışam. Biz səmərəliyi hesablayırıq, sərmayənin həcmini müəyyən edirik, müəyyən zəmanətlər veririk. Hətta vaxtilə özəlləşdirilmiş müəssisənin də köməyə ehtiyacı var. Bu istiqamət üzrə davam etmək lazımdır. Hesab edirəm ki, hökumət dövlət sifarişlərinin təşkili məsələsinə baxa bilər. Bu gün bir çox müəssisələr istehsal etdikləri məhsulu sata bilməmələri üzündən dağılırlar. Əgər dövlət sifarişləri təşkil olunarsa, onda, məsələn, "Bakı kondisioneri" zavoduna 2007-ci ildə dövlət obyektlərinə paylaşdırılacaq, təxminən, 100 min kondisioner buraxması barədə sifariş verilərdi. Və müəssisə dirçələnədək 3-4 il belə etmək lazımdır. Hökumət bu gün, hər şeydən öncə, bu cür müəssisələrlə bağlı məsələni müəyyən etməlidir. Əgər biz onlara kömək etmək istəyiriksə, onda istisnalara, hətta iqtisadi bazar baxımından populyar olmyan tədbirlərə əl atmalıyıq.

- Bir sıra xarici şirkətlər Azərbaycanda iri neft-kimya kompleksi inşa etməyi təklif edir. Sizcə, bu, sənayenin inkişafı baxımından nə dərəcədə məqsədəuyğundur?

- Mən nəhəngləşmənin əleyhinəyəm. Neft-kimya komplekslərini yaratmaq, onları dövlətin üzünnmüddətli öhdəlikləri əsasında işə salmaq, müəyyən qiymətlərlə qaz və ya naftanın Azərbaycan tərəfindən satılması ilə bağlı şərtlər qoymaq - hesab edirəm ki, bu, düzgün deyil. Düşünürəm ki, hər bir layihə olduqca konkret olaraq baxılmalıdır. Xarici sərmayələr və təkliflər barədə danışırıqsa, onda bazar iqtisadiyyatının ümumi prinsipləri əsasında fəaliyyət göstərməliyik.

Xəbər lenti

Xəbər lenti