...

Bernar dü Şafo: Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən kənarlaşdırılmasına heç bir səbəb yoxdur

Siyasət Materials 28 Oktyabr 2006 11:32 (UTC +04:00)
Bernar dü Şafo: Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən kənarlaşdırılmasına heç bir səbəb yoxdur

Trend in Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bernar dü Şafo ilə eksklüziv müsahibəsi

- 2007-ci ilin əvvəlində Azərbaycan və Fransa prezidentləri qarşılıqlı səfərlər edəcəklər. Siz Fransa prezidentinin Bakıya ilk səfərindən nə gözləyirsiniz? Səfərlər zamanı hansı başlıca məsələlər müzakirə olunacaq?

- Gələn ilin yanvar ayında və daha sonra yəqin ki, mart ayında həyata keçiriləcək qarşılıqlı səfərlər zamanı toxunulacaq mövzulardan danışmaq hələ çox tezdir. Həmçinin, nəzərə alsaq ki, dövlət başçıları, təbii ki, bugünkü dünya siyasətinin aktual məsələləri də daxil olmaqla, haqqında danışmaq istədikləri mövzuları özləri seçəcəklər, mənim tərəfimdən belə bir suala cavab vermək bir qədər düzgün olmazdı.
Buna baxmayaraq, əminəm ki, iki ölkə arasındakı ikitərəfli münasibətlərə aid məsələlərdən başqa, prezident Şirak bu gün dünyanı narahat edən problemlər haqqında prezident Əliyevin fikirlərini eşitməkdə çox maraqlı olacaq. Fransa prezidentinin Azərbaycana ilk səfəri, heç şübhəsiz, Fransa və Azərbaycan arasındakı dostluğa və əməkdaşlığa da güclü bir təkan verəcək.

- Azərbaycana qoyulan investisiyaların həcminə görə Fransa qabaqcıl yerlərdən birini tutur. İki ölkə arasında cari iqtisadi əməkdaşlıq Sizi qane edirmi?

- İki ölkə arasındakı iqtisadi əlaqələr həqiqətən çox gözəldir və 2005-ci ildə bizim ticarət mübadiləmiz 500 milyon avroya çatmışdır. Lakin bu əlaqələri daha çox inkişaf etdirmək üçün hələ də potensial mövcuddur. Məsələn, qida sənayesi, içməli su və onun paylanması, ictimai xidmətlər (avtoyollar, avtodayanacaqlar, su), elektrik paylanması şəbəkəsi kimi bir çox sahələrdə fransız şirkətləri çox zaman dünyada birincidir və öz təcrübə və bacarıqlarından Azərbaycana fayda verə bilər.

- Fransanın Total şirkəti Xəzərin Azərbaycan sektorunda Qazaxıstan neftinin qəbulu üçün Bakı-Ceyhan sistemi üzrə yeni terminalın tikintisi təşəbbüsü ilə çıxış edib. Bu ideya qüvvədə qalırmı?

- Qazaxstan neftinin qəbul edilərək BTC ilə ixrac edilməsi üçün Fransanın TOTAL şirkətinin Xəzərin Azərbaycan sektorunda bir terminal yaratmaq təklifi hələ də aktualdır.

- Fransa parlamentinin qondarma "erməni soyqırımı"nın inkar edilməsinə görə cinayət cəzası haqqında qanunu qəbul etməsi dünyada, o cümlədən Azərbaycanda böyük rezonansa səbəb olub. Bu gün ikitərəfli münasibətlərin kəskinləşməsi, həmçinin Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən kənarlaşdırılması haqqında bəyanatlar tez-tez səslənir. Siz, bir diplomat kimi, yaranmış vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

- "Erməni soyqırımı"nı inkar edənlərə qarşı cəza tətbiq edilməsi haqqında qanun təklifinin Milli Assambleya tərəfindən qəbul edilməsi heç də bu qanunun artıq bu gün qüvvədə olması demək deyil. Bunun üçün qanun uzun və çoxmərhələli qanunvericilik proseduru keçməlidir: əvvəlcə, qanun Senat tərəfindən gündəliyə salınmalı, sonra isə Senat tərəfindən, Assambleyadan verilən mətnin eyni olmaqla, qəbul edilməlidir.
Senatın sədri cənab Kristian Ponsölenin Azərbaycana bəslədiyi dost münasibəti nəzərə alınsa, mənim buna çox böyük şübhəm var və sonra Milli Assambleyanın və Senatın səs verdiyi mətnlər arasında fərq olacağı təqdirdə, o, ümumi bir mətn əldə edilməsi üçün uzun müzakirələrin mövzusu olmalıdır və nəhayət, respublika prezidenti tərəfindən təsdiq olunmalıdır, lakin o, qanunu yenidən baxılması üçün parlamentə qaytara bilər. Bu qanun, əgər bütün bu maneələri 2007-ci ilin aprelinədək keçərsə (çünki sonra bu təklif qüvvədən düşmüş hesab olunacaq, bu da ki, mənə çox problematik görünür), onda Konstitusiya Şurası tərəfindən baxılmalı olacaq və Şura həmin qanunu Fransa konstitusiyasında yazılmış fikir və söz azadlığı prinsiplərinə zidd hesab edə bilər.
Hər bir halda, söhbət ondan gedir ki, bu qanun layihəsi onun əleyhinə çıxan, sənədi əhəmiyyətsiz və yersiz kimi qiymətləndirən hökumət deyil, parlament tərəfindən irəli sürülüb.
Fransanın xarici siyasəti ilə hökumət və respublika prezidenti məşğul olur və Minsk Qrupunun həmsədri də, heç bir halda parlamentin yox, hökumətin, xüsusi olaraq, xarici işlər nazirinin rəhbərliyi altında hərəkət edir. Beləliklə də, onun, uzun müddətdən bəri aparılan müzakirələrdə tutduğu və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş neytrallıq və obyektivlik mövqeyinin dəyişməsinə heç bir səbəb yoxdur. Minsk Qrupunun Fransa həmsədrliyinin müzakirə mövzusu olmasına da heç bir səbəb yoxdur.
Eyni zamanda hazırkı mərhələdə Milli Assambleya tərəfindən qanunun ilk oxunuşda qəbul edilməsi iki ölkə arasındakı ikitərəfli münasibətlərə təsir edə bilməyəcək. YUNESKO-nun 60 illik yubileyi və bu təşkilatın təşkil etdiyi Azərbaycan həftəsi münasibətilə Azərbaycanın mədəniyyət və turizm naziri Fransaya yenicə etdiyi uğurlu bir səfərdən qayıtmışdır. Digər tərəfdən, mülki müdafiə sahəsində Fövqəladə Hallar Nazirliyi ilə çox məhsuldar və ümidverici bir əməkdaşlıq yaranmaqdadır.

- Fransa, Avropa Birliyinin bir üzvü kimi, Azərbaycanın bu təşkilata inteqrasiyasına necə yardım göstərə bilər?

- Əgər Azərbaycan bunu arzu edirsə, Fransa, Avropa İttifaqının üzvü kimi, ölkənin Aİ-yə daha çox yaxınlaşmasına kömək etməkdə iştirak edə bilər və buna hazırdır. Siyasi, iqtisadi, sosial həyatın müxtəlif sektorlarında spesifik əməkdaşlıq çərçivəsində və informasiya, təcrübə mübadiləsi, hazırlıq, texniki yardım missiyaları formasında, Fransa konkret olaraq Azərbaycan dövlətinin modernləşməsinə kömək edə və bununla da onu Avropa "təcrübəsinə" yaxınlaşdıra və həmçinin, onu Avropa İttifaqına gələcək inteqrasiya üçün hazırlaya bilər.
Məsələn, mən səhiyyə sistemində islahat, mülki müdafiə sisteminin modernləşməsi, böhran və təbii fəlakətlərin idarə olunması, ictimai tender bazarları qaydaları, ictimai xərclərin təşkili, yüksək rütbəli məmurların hazırlanması, qadınların və uşaqların müdafiəsi, sosial müdafiə sistemi və s. haqqında Fransanın əldə etdiyi təcrübənin Azərbaycana hər bir sektorda real xeyir verə bilməsi haqqında düşünürəm.

Xəbər lenti

Xəbər lenti