...

Cenevrədəki tədbirdə Azərbaycan Gimnastika Federasıyasının təşkilatçılığı yüksək qiymətləndirilmişdir

Siyasət Materials 1 Noyabr 2006 18:43 (UTC +04:00)
Cenevrədəki tədbirdə Azərbaycan Gimnastika Federasıyasının təşkilatçılığı yüksək qiymətləndirilmişdir

Oktyabrın 30-31-də Cenevrədə Beynəlxalq Gimnastika Federasiyasının 76-cı qurultayı keçirilmişdir. Qurultayda 130 ölkədən 400 nümayəndə iştirak etmişdir. Ölkəmiz bu mötəbər tədbirdə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.

A. Həsənov qurultayın gedişi ilə bağlı AzərTAc-a demişdir: Ən qədim idman federasiyalarından biri olan Beynəlxalq Gimnastika Federasiyasının 76-cı qurultayı çox əlamətdar bir dövrə - 1881-ci ildə yaradılmış bu qurumun 125 illiyinin təntənəli şəkildə qeyd edildiyi bir vaxta təsadüf etmişdir.

İstər bayramla, istərsə də qurultayla bağlı maraqlı tədbirlər hazırlanaraq həyata keçirilmişdir. Nümayəndə heyətimiz gimnastikanın müxtəlif növlərinə həsr olunmuş kollokviumlarda və simpoziumlarda iştirak etmişdir. Bizim belə tədbirlərdə iştirakımız heç də təsadüfi xarakter daşımır. Mehriban xanım Əliyeva gimnastikanın 8 növündən 4-nün mövcud olduğu Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra bu sahədə xeyli irəliləyişə nail olunmuş, idmançılarımız beynəlxalq yarışlarda müvəffəqiyyətlə çıxış etmiş, ölkəmizin idman şərəfini layiqincə qorumuşlar. Azərbaycan Gimnastika Federasiyasının nüfuzu Beynəlxalq Gimnastika Federasiyasında ildən-ilə yüksəlməyə başlamışdır. Ölkəmizdə bədii gimnastika üzrə artıq dünya kuboku uğrunda 3 dəfə yarış keçirilmişdir. MDB məkanında ilk dəfə olaraq məhz Azərbaycanda ötən ilin oktyabr ayında bədii gimnastika üzrə dünya çempionatının keçirilməsi Mehriban xanım Əliyevanın beynəlxalq aləmdə qazandığı nüfuzun, ölkəmizə göstərilən böyük etimadın əyani təzahürü idi. Əlbəttə, bu çempionatın yüksək səviyyədə təşkil edilməsində və keçirilməsində Mehriban xanım Əliyevanın böyük xidməti olmuşdur. Çempionatın yüksək səviyyədə təşkil olunması Beynəlxalq Gimnastika Federasiyasında böyük əks-səda doğurmuşdur.

Bildirmək istəyirəm ki, oktyabr ayının 29-da FİG-nin 125 illiyi təntənəli şəkildə qeyd edilmişdir. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq, Beynəlxalq Gimnastika Federasiyası atletlər komissiyasının sədri Yeva Serrano, İsveçrə Gimnastika Federasiyasının prezidenti Hans-Peter Çopp əlamətdar hadisə ilə əlaqədar federasiyanın prezidenti Bruno Qrandinin ünvanına təbriklər söyləmiş, ona gümüş medal və saat hədiyyə etmişlər. B. Qrandi təbriklərə və hədiyyələrə görə təşəkkürünü bildirmiş və BOK-un prezidentinə xatirə qızıl medalı və saat təqdim etmişdir. Daha sonra dünyanın 10 məşhur gimnastına müxtəlif hədiyyələr verilmişdir.

Yuxarıda qeyd etdiyim kimi, qurultayda federasiyanın prezidenti Bruno Qrandi və gimnastikanın 8 bölməsi üzrə texniki komitələrin sədrləri son iki ildə görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış etmişlər. Məruzə və çıxışlarda gimnastika yarışlarının daha da təkmilləşdirilməsi üçün yeni formanın işlənib hazırlanmasının vacibliyinə, mübahisəli məsələlərdə hakimlərin məsuliyyətinin artırılmasına, olimpiya oyunlarının keyfiyyətinin yaxşılaşdırılmasına, münaqişə doğuran məsələlərin həlli zamanı hər bir idmançının şərəf və ləyaqətinin qorunmasına dair fikirlər səslənmiş, qurumun maliyyə xərcləri barədə hesabat dinlənilmişdir.

Qurumun bədii gimnastika üzrə texniki komitəsinin sədri Eqle Abruzzini çıxışında Azərbaycan Gimnastika Federasiyasının təşəbbüsü ilə 2005-ci ildə Bakıda keçirilmiş bədii gimnastika üzrə dünya çempionatının çox yüksək səviyyədə təşkil edildiyini xatırlatmış və Mehriban xanım Əliyevanın təşkilatçılıq bacarığını yüksək qiymətləndirmişdir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi mən də təbriklərə qoşularaq, iş rejiminin gərginliyi ilə əlaqədar qurultaya gəlməyə imkan tapmamış Mehriban xanım Əliyevanın qurumun prezidentinə və qurultay iştirakçılarına təbriklərini və xoş arzularını çatdırdım.

Yeri gəlmişkən bir mühüm məsələni də qeyd etmək istəyirəm ki, məhz Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Azərbaycan Gimnastika Federasiyası ilə Beynəlxalq Gimnastika Federasiyası arasında yaxşı əlaqələr yaranmışdır. Gələn il ölkəmizdə bədii gimnastika üzrə Avropa çempionatının keçirilməsinin nəzərdə tutulması bu əlaqələrin bariz nümunəsidir. Bununla əlaqədar noyabr ayının ortalarında Mehriban xanım Əliyevanın rəhbərliyi altında Azərbaycan Gimnastika Federasiyası ilə Avropa Gimnastika Federasiyası arasında müqavilənin imzalanma mərasimi keçiriləcəkdir.

Qurultay çərçivəsində müasir gimnastika avadanlığının sərgisi təşkil edilmişdir. Sərgidə qurultayla bağlı nəşr edilmiş bülleten də nümayiş etdirilmişdir. Bülletendə dünyanın bir çox adlı-sanlı gimnastları ilə birlikdə ölkəmizin tanınmış gimnastı Dinarə Gimatovanın da şəkli verilmişdir.

Xəbər lenti

Xəbər lenti