Bu gün Avropa Şurası Yerli və regional hökümət orqanları Konqresinin Moskvada keçirilən payız sessiyasında Azərbaycanda 6 oktyabr bələdiyyə seçkilərinin monitorinqinin yekunları üzrə hesabat dinlənilib. Bu barədə Trend ə sessiyada iştirak edən Milli Məclisin deputatı Asəf Hacıyev məlumat verib.
Bu mövzuda hesabatla Konqresin vitse-prezidenti Lyudmila Sfirloaqa çıxış edib. A.Hacıyev bildirib ki, L.Sfirloaqanın çıxışı informasiya xarakteri daşıyıb. L.Sfirloaqa qeyd edib ki, Azərbaycandakı bələdiyyə seçkiləri demokratiyaya doğru atılan daha bir addım oldu. A.Hacıyev vurğulayıb ki, məruzəçi həmçinin monitorinq qrupunun səsvermə zamanı müşahidə etdiyi bəzi çatışmazlıqlara, o cümlədən müxalifətin boykotu, siyahıda seçicilərin adının olmaması və s. ilə bağlı məsələlərə toxunub.
A.Hacıyev vurğulayıb ki, L.Sfirloaqa həmçinin seçici praktikasının inkişafı üçün Azərbaycan hökümətini Avropa Şurası Yerli və regional hökümət orqanları Konqresi ilə sıx əməkdaşlıq etməyə çağırıb.