...

Sənaye və energetika naziri: Azərbaycan Rusiya şirkətləri ilə fəal surətdə işləmək və əməkdaşlıq etmək istəyir

Siyasət Materials 21 Noyabr 2006 13:44 (UTC +04:00)
Sənaye və energetika naziri: Azərbaycan Rusiya şirkətləri ilə fəal surətdə işləmək və əməkdaşlıq etmək istəyir

Trend in xüsusi müxbirinin Moskvadakı neft forumunda iştirak edən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə eksklüziv müsahibəsi

- Enerji sahəsində Rusiya -Azərbaycan münasibətləri hansı səviyyədədir?

- Bilirsiniz, mən düşünürəm ki, Azərbaycan da, Rusiya da öz yolları ilə gedirlər. Bunlar özlərinin enerji siyasətində, strategiyasında, konsepsiyasında tamamilə formalaşmış ölkələrdir. Onların strategiya və konsepsiyaları haradasa oxşardır, ümumi prinsiplərə malikdir, lakin nədəsə maraqlar ayrılır. Lakin bu, heç kimi çaşdırmamalıdır. Çünki Azərbaycan artıq 12 ildir ki, hər şeydən əvvəl, öz ölkəsinin enerji təhlükəsizliyinin təmin olunması vəzifəsi ilə bağlı olan konsepsiyasını reallaşdırır. Bunun üçün nə lazımdır? Hər şeydən əvvəl, bunlar neft hasilatının artırılması, karbohidrogen ehtiyatlarının çoxaldılması, yeni texnologiyaların tətbiqi, yeni yataqların işlənməsi, nəqliyyat yollarının qaydaya salınması və bir çox digər amillərdir. Mən heç ətraf mühitin mühafizəsi, təhlükəsizliyin, etibarlılığın qorunması və başqa məsələləri demirəm. Yəni bu, Azərbaycanın hazırda icra edilən, dəqiq formalaşdırılmış strategiya prinsipləridir.

İkincisi, həm ehtiyatları, həm də neft və qaz hasilatına görə Rusiya kimi böyük ölkəni, məsələn, Azərbaycanla müqayisə etmək olmaz. Rusiya eləcə də karbohidrogen ehtiyatlarının mənbəyi kimi də dünyanın enerji təminatı, təhlükəsizliyi və s. məsələlərdə daha üstün mövqe tutur. Ona görə də Rusiya daha çox Avropaya yönəlib. Və son vaxtlar biz hiss edir və görürük ki, strategiya dəyişir - Rusiya fəal surətdə Avropa bazarına daxil olmağa çalışır.

Hazırda Azərbaycan, böyük karbohidrogen ehtiyatları və neft-qaz hasilatında potensiala malik Rusiyadan fərqli olaraq, hər halda az da olsa, yalnız öz ölkəsi və yerləşdiyi bölgənin enerji təhlükəsizliyinin təmin olunmasında deyil, həm də bu gün baş verən daha qlobal proseslər baxımından, o cümlədən Xəzər bölgəsinin neft və qaz tədarükündə müəyyən rol oynayır. Lakin Azərbaycan hazırda yalnız ixracatçı deyil, bu gün Avropa və bütün dünya üçün alternativ enerji ehtiyatları mənbəyi kimi nəzərdən keçirilən Xəzər bölgəsindən ola biləcək tranzit ölkə roluna da iddia edir. Və Azərbaycan burada aparıcı rol oynayır, çünki hazırda Azərbaycanın çox inkişaf etmiş infrastrukturu var. Azərbaycan yeganə ölkədir ki, son illər ərzində məhz öz siyasətini reallaşdırıb və artıq yuxarıda qeyd etdiyim komponentlərə - həm neft hasilatının artırılmasına, həm karbohidrogen ehtiyatlarının çoxaldılmasına, həm nəqliyyat yollarının qaydaya salınmasına, həm də diversifikasiyaya nail ola bilib, yəni Azərbaycan öz infrastrukturunu yalnız istehsal sahəsində inkişaf etdirməyib.

Bir çox zavodlarımızın, əsas fondların bərpa olunmasına gəlincə, mən bizim böyük üzən qazma qurğularımızı, platformaları, kran gəmilərini, boru çəkənləri, təchizat gəmilərini, boruların betonlanması üzrə zavodları və s. nəzərdə tuturam. Bu infrastrukturu yaradaraq və onları Xəzər bölgəsinin ehtiyatlarının mənimsənilməsi mərkəzinə çevirərək, Azərbaycan öz lokal vəzifələri üzərində qalxıb və bu gün yalnız bölgə deyil, böyük əhəmiyyətə malik dünya mərkəzinə çevrilib. Ona görə də strategiyalar müxtəlifdir. Rusiya ilə isə biz bu cəhətdən yalnız əməkdaşlıq edə bilərik.

Hesab edirəm ki, biz ümumi maraqları, əməkdaşlığın ümumi istiqamətlərini tapmalıyıq. Və burada, Moskvada neft forumundakı çıxışımda bildirdim ki, bu gün neft və qazın axtarışı və kəşfiyyatı, işlənməsi, hasilatı üzrə vəzifələr mürəkkəbləşir. Bu gün şərtlərin özü daha da çətinləşir, biz bu gün biz böyük dərinliklərə gedirik, biz bu gün kapital xərclərinin və bir ton neft hasilatının maya dəyərinin kəskin artması ilə qarşılaşırıq, biz bu gün neft hasilatı, nəqli və emalında böyük itkilər veririk. Öz məruzəmdə bu məsələlərə xüsusi diqqət verdim və mənə çox xoş idi ki, bütün sonrakı məruzəçilər də məhz bu məsələlərin aktuallığından, neft çıxarılmasının əmsalından danışdılar. Bu ondan xəbər verir ki, biz hamımız eyni cür düşünürük və bu gün Rusiyada olan problemlər Azərbaycanda da var və əksinə.

Ona görə də yalnız istehsalatda deyil, elmdə də bu səyləri birləşdirmək, istehsalat və elmi birləşdirmək və bu problemlərin düzgün konseptual həllərini hazırlamaq, əlbəttə ki, böyük məsələdir və bu məsələ üzrə Rusiya və Azərbaycan neftçiləri çox şey deyə və edə bilərlər.

- Sizin fikrinizcə, Rusiya şirkətləri Azərbaycanda nə dərəcədə fəal iştirak edirlər? Onlarla, o cümlədən "LUKOYL" ilə daha hansısa birgə layihələrin həyata keçiriləcəyi gözlənilirmi?

- Azərbaycan böyük derjavanı, bizim ən böyük qonşumuzu - Rusiyanı təmsil edən şirkətlərlə fəal surətdə işləmək və əməkdaşlıq etmək istəyir. Bu cəhətdən Azərbaycan həmişə istənilən təklifləri alqışlayıb və hər zaman kəşfiyyat və işlənmə üzrə hər hansı birgə tədqiqata, müqavilələrə, sazişlərə və ya qarşıya qoyulmuş hər hansı ciddi məsələyə diqqətlə və ciddi yanaşıb. 1994-cü ildən etibarən bu maraqlar bir-birinə uyğunlaşıb və "LUKOYL" bizim bir çox qlobal, o cümlədən "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" və b. layihələrdə və lap əvvəldən - infrastrukturun işlənməsində iştirak edib. Sonra biz D-222 ("Yalama") üzrə müqavilə imzaladıq. Sonra "Zığ-Hövsan" üzrə müqavilə imzaladıq. "LUKOYL" isə müqaviləni iqtisadi cəhətdən faydasız hesab edərək və ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması və b. problemləri həll etməyin zəruri olduğunu bildirərək, ondan imtina etdi. Yəni Azərbaycan tərəfdən hazırda heç bir maneə yoxdur.

Azərbaycan özü hansısa layihələri təklif edə bilməz, bu və ya digər şirkət bugünkü strukturunu, maliyyə imkanlarını, istehsalat və elmi təcrübəsini və s. nəzərə alaraq, özü öz fəaliyyət sahəsini, buna olan marağını müəyyən etməlidir. Ona görə, əgər "LUKOYL" hər hansı yeni variant və layihə təklif etsəydi, düşünürəm ki, Azərbaycan məmnuniyyətlə onları nəzərdən keçirərdi.

Bu gün "LUKOYL" "Şahdəniz"də işləyir, D-222 şərti adı altında "Yalama" blokunda kəşfiyyatı davam etdirəcək, bir quyunu qazıb, indi həm seysmik kəşfiyyat, həm də birinci quyunun qazıntısı nəticəsində əldə olunmuş məlumatlar təfsir olunur. Bunun əsasında ikinci quyunun yeri müəyyənləşdiriləcək. Həmin yer hazırda dəqiq müəyyən olunmalıdır, çünki bütün layihənin nəticəsi bundan asılı olacaq. Düşünürəm ki, bütün istiqamətlərdə "LUKOYL" ilə əməkdaşlığımız kifayət qədər fəaldır.

- Sizdə Azərbaycan neftinin Novorossiysk limanından ayrıca yüklənməsi üçün "Transneft"in limanda neftin keyfiyyət bankını tətbiq etməyə hazır olması haqda məlumat varmı?

- Sualın qoyuluşunun bir qədər yanlış olduğunu hesab edirəm. Biz əvvəllər heç vaxt Azərbaycan neftinin ilkin, orijinal şəkildə "Transneft" sistemi vasitəsilə nəql edilməsi məsələsini gözdən keçirməmişik. Bu, ümumiyyətlə və prinsip etibarilə ola bilməz. Həmişə söhbət keyfiyyət bankının yaradılması yolu ilə neftin keyfiyyəti hesabına qiymətin təshih edilməsindən gedib. Yəni hər bir neft "Transneft" tərəfindən onun parametrləri, xüsusiyyəti, keyfiyyəti və hazırda "Transneft" tərəfindən nəql olunan bütün növlərə münasibətinə görə müəyyən olunmalıdır. Onsuz da onlar ümumi boruda qarışacaqlar, yəni bu gün Novorossiyskdən qarışıq neft necə satılırsa, elə də satılacaq, çünki Azərbaycanın, Qazaxıstanın, Urenqoyun və ya Permin neftini ayrıca nəql etmək mümkün deyil. Boru birdir. Məlumatların keyfiyyət bankı yolu ilə bazarda daha yüksək keyfiyyətə malik və ya daha dəyərli olan neftin xeyrinə əmsalların dəyişməsinin mümkünlüyü tamam başqa məsələdir. Bu barədə söhbətlərin çoxdan getməsinə baxmayaraq, təəssüf ki, "Transneft" hələ bunu etməyib.

- Necə düşünürsünüz, Rusiyanın Bakı-Ceyhan layihəsinə qoşulmaq imkanı varmı?

- Mən bu məsələyə aydınlıq gətirmək və layihənin tarixini xatırlatmaq istərdim. Bakı-Tbilisi-Ceyhan Azərbaycan nefti üçün inşa edilmiş boru kəməridir, yəni Bakı-Tbilisi-Ceyhan neft hasilatının artırılması üzrə bugünkü potensiala əsaslanaraq inşa edilib. O, ildə 50 milyon ton neft, yaxud sutkada 1 milyon barel neft üçün nəzərdə tutulub və sutkada 1 milyon barel neftə biz 2008-ci ildə çatacağıq. Yəni neft kəməri faktiki olaraq tamamilə dolacaq. Prinsip etibarilə, orada heç kim üçün yer yoxdur. Əgər kimsə qoşulmaq, yəni bu vasitədən istifadə etmək, öz neftini sonradan satmaq üçün bu yolla Aralıq dənizindəki Ceyhan limanına nəql etmək istəyirsə, o zaman BTC şirkəti və potensial yük göndərən, nefti nəql etmək istəyən potensial neft sahibi arasında tədarükçünün öhdəlikləri və onun hüquqi zəmanəti haqqında müvafiq sazişlər bağlanmalıdır. Və digər tərəfdən, neft kəmərinin genişləndirilməsi üçün imkanları nəzərdən keçirmək olar. Bu mümkündür, digər böyük tədarükçülər boru kəmərinə qoşula bilər, yalnız bir şərtlə - bunun üçün BTC genişlənməlidir.

Nəzəri cəhətdən belə imkanlar var, BTC-ni bu gün sutkada 1 milyon bareldən 1,8 milyon barelə qədər genişləndirmək olar, lakin bunun üçün kapital qoyuluşları lazımdır. Kapital qoyuluşları üçün ya BTC şirkətinin özü, ya da yeni potensial tərəfdaşla birgə saziş imzalanmalıdır və bunun üçün qarşılıqlı öhdəliklər lazımdır. Bunsuz məsələ danışıqlar səviyyəsində qalır.

- Azərbaycan enerji sahəsində yeni müqavilələr bağlamağı planlaşdırırmı?

- Prinsipcə, yox. ARDNŞ uğurla fəaliyyət göstərir. Yeri gəlmişkən, bu yaxınlarda "Zığ-Hövsan" üzrə sazişə baxılıb, yeni saziş imzalanıb. Başqa heç bir layihədən xəbərim yoxdur.

Və hesab edirəm ki, bu baxımdan neft siyasətini bir daha yoxlayıb düzəltmək lazımdır. Bir çox sazişlər imzalanıb, onların çoxu, xarici şirkətlərin fikrincə, bəlkə də uğursuz olub. Ona görə ki, kəşfiyyat quyuları, hər strukturda bir quyu qazaraq, bu layihələrdən getdilər. Müəyyən mənada bu layihələrin onlar üçün uğursuz olduğunu demək olar. Lakin mən belə hesab etmirəm, çünki bir quyu ilə yatağı öyrənmək - bu, sadəcə olaraq, uğurdur. Bir quyu kifayət etdikdə, bu, çox böyük uğurdur. Adətən istənilən yataqda qazılmış quyuların kəşfiyyatı, axtarışı, sayı, daimi geoloji- coğrafi bazanın, materialların və s. izahı üçün daha çox vaxt tələb olunur. Bu, əziyyətli işdir, nəticədə isə uğur məhz inadlı şirkətlərə nəsib olur. Axtarış və kəşfiyyatda inad yoxdusa, bu o deməkdir ki, elə-belə qazdılar, heç nə aşkar etmədilər və getdilər. Belə alınmayacaq. Ona görə ARDNŞ bu gün yeni yataqların kəşfiyyatı və mənimsənilməsi üzrə öz konsepsiyasını, öz siyasətini yenidən nəzərdən keçirməlidir.

İndi vəziyyət dəyişib. Əvvəllər, 1994-cü ildə ARDNŞ-in və ümumilikdə Azərbaycanın öz vəsaiti, öz maliyyəsi, kapital qoyuluşu yox idi, nəqliyyatın çox yüksək riskləri var idi, infrastruktur yaradılmamışdı və s. Biz xarici investorları dəvət etməyə və yataqları birgə mənimsəməyə məcbur olduq. Lakin düşünürəm ki, bu gün siyasət dəyişir. Bu gün neftin yüksək qiymətləri və böyük gəlirlər, layihələrin yüksək rentabelliyi şəraitində ARDNŞ artıq bu gün öz yataqlarının mənimsənilməsi proqramını tərtib etmək hüququna malikdir. Və yalnız neft şirkətinin özünün üzərinə götürə bilməyəcəyi olduqca böyük risklər və maliyyə kapitallarının olduğu yerdə o, tərəfdaşları dəvət edə bilər.

Xəbər lenti

Xəbər lenti