Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları növbəti dəfə noyabrın 23-də Prezident Aparatı yaxınlığında etiraz aksiyası keçiməyə cəhd göstəriblər. Trend in məlumatına görə, polis əməkdaşlarının müdaxiləsi ilə izacəsiz aksiya dağıdılıb.
Bu dəfəki aksiyada qadınlar daha fəal iştirak ediblər. Lakin polis əməkdaşları piketçilərin toplaşdığı yeri - metronun "Bakı Soveti" stansiyasının qarşısını və ətraf əraziləri əvvəlcədən nəzarət altına almışdı. Polislər piket iştirakçılarının qarşısını kəsərək Prezident Aparatına tərəf irəliləmələrinə imkan verməyiblər. AXCP fəalları "Azadlıq" şüarları səsləndirdilər, müxtəlif şüarlar yazılmış plakatlar isə əllərindən alındı. Polislər piketin qətnaməsinin oxunmasına imkan vermədilər. Piketçilərin polislərə qarşı müqavimət göstərməsi nəticəsində qarşıdurma yaranıb. Polis əməkdaşları aksiyaçıları metronun içərisinə sıxışdırıblar, həmçinin adamların metrodan bayıra çıxmasına mane olmağa çalışıblar.
AXCP-dən bildirilib ki, aksiya zamanı 70-ə yaxın adam saxlanılıb və Səbail RPİ 9-cu polis bölməsinə aparılıblar. Saxlanılarlar arasında qadınlar da var.
Qeyd edək ki, AXCP qərargahının yerləşdiyi Xaqani 33 ünvanındakı binadan çıxarılmasına etiraz edir.