...

Millət vəkilləri seçicilərlə görüşüblər

Siyasət Materials 25 Dekabr 2006 20:21 (UTC +04:00)

Dekabrın 23-də Dillər Universitetinin akt zalında Nəsimi rayonundan seçilmiş millət vəkilləri - Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə və Ülvi Quliyevin seçicilərlə görüşü olub. Trend xəbər verir ki, görüşdə Dillər Universitetinin rektoru, Azərbaycanın AŞ PA-dakı nömayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov və Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov da iştirak edib.

Səməd Seyidov özünün də Nəsimi rayonunun seçicisi olduğunu xatırladaraq bu rayonun deputatları ilə Dillər Universitetində görüşün keçirilməsindən çox böyük qürur hissi keçirdiyini bildirib.

Millət vəkili Asim Mollazadə hər zaman seçicilərini dinləməyə, onların fikirləri, təklifləri, problemləri ilə tanış olmağa, imkan daxilində onların təkliflərini öz fəaliyyətində nəzərə almağa və problemlərinin həllinə yardım göstərməyə hazır olduğunu bildirib. Başa çatmaqda olan ilin ölkəmiz üçün çox önəmli olduğunu qeyd edən millət vəkili on ildən sonra Azərbaycanın Avropa səviyyəsinə çata biləcəyini, bunun üçün gənclərimizin intellektual səviyyəsini artırmağın, onlara peşə bilikləri öyrədilməsinin vacibliyini söyləyib.

Tikinti, kommunikasiyalar sahəsində irəliləyişlərin oldunu qeyd edən Asim Mollazadə təhsil, səhiyyə sistemində vəziyyətin ürəkaçan olmadığını bildirib. Asim Mollazadə aztəminatlı ailələrin vəziyyətinin də qənaətbəxş olmadığını qeyd edib. Onun fikrincə, pensiyalar, maaşlar dövlət başçısının fərmanları ilə tədricən artsa da, bu, insanların şərəfli həyat sürməsi üçün yetərli deyil.

Asim Mollazadə Qarabağda gedən hərbi əməliyyatlar nəticəsində həlak olmuş şəhidlərin ailələrinə, müharibə əlil və veteranlarına göstərilən qayğının da qənaətbəxş olmadığını qeyd edib.

Azərbaycanın geosiyasi cəhətdən çətin regionda yerləşdiyini qeyd edən Asim Mollazadə mövcud enerji layihələrinin işə düşməsini, Avropa və Çini birləşdirən dəmiryol sisteminin qurulmasını, nəticədə yeni iş yerlərinin açılmasını, əhalinin sosial-iqtisadi rifahının yüksəlməsini müsbət qiymətləndirib. O, problemlərdən birgə çıxış yollarının axtarılmasının vacibliyini önə ürərək bu sahədə seçicilərdən də dəstək gözlədiyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti